Əsas Səhifə > Cəmiyyət > Subaylara ev verməyənlərin nəzərinə - Onları hansı cəza gözləyir?

Subaylara ev verməyənlərin nəzərinə - Onları hansı cəza gözləyir?


21-01-2020, 13:27
Subaylara ev verməyənlərin nəzərinə - Onları hansı cəza gözləyir?

Türkiyədə daha bir maraqlı hadisə yaşanıb. Kirayə ev axtaran 32 yaşlı Mehmet Kirez əmlak sahibini məhkəməyə verib. Səbəb isə əmlak sahibinin subay şəxslərə və gənc oğlanlara ev verməməsidir.

M.Kirez Türkiyə İnsan Haqları və Bərabərlik Qurumuna (TİHEK) müraciət edib. Məhkəmə prosesi zamanı ev yiyəsi bildirib ki, o yalnız qadınlara kirayə ev verir. Səbəb isə qadınların evi daha səliqəli və təmiz saxlamalarıdır. Məhkəmə cinsi ayrı-seçkiliyi əsas götürərək ev sahibi və maklerə 1000 Türk lirəsi (təxminən 220 manat) dəyərində cərimə kəsib.

Məlumdur ki, bu hadisə Azərbaycanda da tez-tez oğlan tələbələrin və ya subay kişilərin yaşadığı problemlərdən biridir. Əmlak sahiblərinin sözlərinə görə, oğlanlar evi təmiz saxlamadığına, səs-küyə səbəb olduqlarına və s. bunun kimi bir çox səbəblərə görə ev yiyələri daha çox qadınlara və ya ailəli şəxslərə üstünlük verirlər. Bəzən də subay xanımlara, ya da ailəlilərə ev kirayə vermək istəməyənlər olur.

Bəs görəsən, Azərbaycanda belə bir hadisə, şikayət olarsa, məhkəmə nə ilə nəticələnər? Bununla bağlı “Yeni Sabah”a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, əmlak üzərində sahibinin sərəncam vermək hüququ olduğuna görə, ev yiyəsi evini kimə istəsə verə bilər:

“Əgər əmlakın dövlət reyesterindən çıxarılışı mənə məxsusdursa, mən onu müvafiq qaydada, istədiyim adama kirayə vermək mənim hüququmdur. Mən subay oğlana ev vermirəm, müqavilə bağlayıram ki, ailəli adam olsun və s.

Son zamanlar Azərbaycanda da görürsünüz ki, avqustun axrından etibarən tələbələr kirayə ev axtarırlar. Amma evin kimə yəni, ailəli şəxslər, qız tələbələr və s. verilməsi əmlak kimin müraciətindədirsə, mülkiyyət hüququ kimə məxsusdursa, bu hüquq da o şəxsə verilir. Mülkiyyət hüququnun anlamı üç cəhətlə ölçülür: birinci mülkiyyət hüququ, ondan istifadə etmək, ona sahiblik hüququ, onun üzərində sərəncam vermək hüququn var. Əmlakın kirayə verilməsi isə ondan müvəqqəti istifadə hüququna xas olan haldır. Əmlak sahibi ilə kirayə ev axtaran arasında bağlanan müqaviləni hər iki tərəf müəyyən edir. Mənim mülkiyyət üzərində sərəncam vermək hüququm varsa, kimə istəsəm, ona əmlakımı verə bilərəm”.

RUBRİKA.AZ
Geri qayıt