Əsas Səhifə > Cəmiyyət > Seçkidəki əsas rəqibi: “Rauf Arifoğluna nifrət edirəm, ancaq...”

Seçkidəki əsas rəqibi: “Rauf Arifoğluna nifrət edirəm, ancaq...”


10-02-2020, 17:26
Seçkidəki əsas rəqibi: “Rauf Arifoğluna nifrət edirəm, ancaq...”

Boksun əfsanə ismi Məhəmməd Əli ilə bağlı yazılmış kitabda maraqlı məqamlar var. Yazır ki, Məhəmməd Əli digər idmançılarla bir yerdə məşq edirdi. Onların arasında dostları da vardı. Bir yerdə yeyirdilər, bir otaqda qalırdılar. Sevinc və kədəri bir-biri ilə bölüşürdülər. Ancaq rinqə çıxanda onlar yağı düşmən kimi vuruşurdular. Döyüşdən sonra isə hər şey əvvəlki axarına dönürdü...

Kitabda Məhəmməd Əlinin qatı düşmənlərindən birinin də firkirlərinə yer verilib. Co Freyzerin 1970-ci illərdə Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur. Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələ də bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir. Həmin görüşdə o, Məhəmməd Əlini məğlub etmişdi.

Co Freyzer karyerası ərzində keçirdiyi 37 görüşdən 32 görüşü qələbə ilə başa vurmuşdu. Yəni, Məhəmməd Əlidən sonra dünya tarixində ən böyük boksçu sayılır.
Bəli, onlar düşmən olmuşdu. Ancaq Co Freyzer həm də böyük şəxsiyyət idi. O, Məhəmməd Əli haqqında deyir: “Mən Əliyə nifrət edirdim. Ancaq mən deməliyəm ki, Əli özünü rinqdə kişi kimi aparırdı. O, əsl döyüşçü idi”.

Düşməninin yaxşı kişi olması böyük xoşbəxtlikdir...

Yarışda qayda belədir. Kimsə udur, kimsə uduzur. Mənim düşüncəmə görə, yarışa qatılanlar da ləyaqətli rəqabət aparmalıdır.

Təəssüf ki, son parlament seçkilərində özünü axırıncı yola qoyan o qədər namizəd gördük ki. Belə olmamalıydı...

Şübhəsiz ki, bu seçkidə ən maraqlı yarış 35 saylı Xətai III seçki dairəsində baş tutdu. Rauf Arifoğlu ilə İqbal Ağazadə üz-üzə gəldi. Nə yazıq ki, İqbal bəy bu yarışa haram qatdı...

Burada kiçik bir haşiyə çıxım. Bizdə faktla şəxsi rəyi qarşıdıranlar çoxdur. Fakt nədir? Fakt odur ki, İqbal Ağazadə Rauf Arifoğlunun səslərini azaltamaq üçün adıçəkilən seçki dairəsinə 3 nəfər Abbasov soyadlı saxta namizəd gətirdi. Hətta onlardan biri məhz Rauf Abbasov idi. Mən bu barədə “İqbal Ağazadənin “Zita-Gita” gedişi” adlı köşəmdə yazmışdım. İqbal Ağazadənin Rauf Arifolunun seçicilərlə keçirdiyi görüşə göndərdiyi təxribatçı qadın desant qrupunun üstündən keçirəm. Eləcə də digər yaramazlıqlarını heçə sayıram. Ancaq Rauf Arifoğunun qarşısına 3 “Abbasov” çıxarmağın adı nədir? Sərt ifadə işlətmək istəmirəm. Heç bir halda bu siyasi əxlaq nümunəsi sayıla bilməz. Mən bunu bütün məsuliyyətimlə deyirəm. Və bu fakta fərqli münasibət sərgiləmək, xüsusən bu addımına görə İqbal Ağazadəni müdafiə etmək heç olmaz. Mənim nəzərimdə bu biabırçılığı müdafiə edənlər İqbala Ağazadənin tayı ola bilər...

Şəxsi rəy isə tamam başqa şey. Məsələn, mən Rauf Arifoğlunun deputat olmasını istəyirdim. Mənim öz arqumentlərim var. Ancaq bu o demək deyil ki, İqbal Ağazadənin tərəfdarları da mənim kimi düşünməlidir. Yəni, şəxsi rəyin fərqli olması doğal bir şey. Ancaq qanuna və əxlaqa zidd olan bir fakta bəraət qazandırmaq cəhdi, bu, qeyri-insani düşüncənin məhsuludur...

Axır ki, Rauf Arifoğlun qələbəsini rəsmən elan etdilər. Məncə, bu çox azdır. Mütləq və mütləq İqbal Ağazadənin “Zita-Gita” gedişinə rəsmi münasibət bildirilməlidir. Azərbaycanın prezidenti olmaq iddiasına düşən bu adam ölkə üçün təhlükədir. Fırıldağa meylli olan birisini buradaca durdurmaq lazımdır. Mənə görə, bu adamın siyasətlə məşğul olmasına ən azı 6 ay müddətinə rəsmi şəkildə qadağa qoyulmalıdır və ona sonuncu xəbərdarlıq edilməlidir. Açıq şəkildə deyilməlidir ki, növbəti bu kimi cəhddən sonra ona siyasətlə məşğul olmaq birdəfəlik qadağan edilə bilər...

Rauf Arifoğlu İqbal Ağazadəyə qarşı “Zita-Gita” gedişi etsəydi mən ona heç salam da verməzdim. Əminəm ki, onun ətrafında olanların bir çoxu da belə bir addım atardı. Baxmayaraq ki, 23 ildir ki, onunla bir yerdə işləyirik, yaxın münasibətimiz var, həm də qohumuq. Bildiyim odur ki, qırmızı xətti keçənin günahından keçilməz...
Orası da aydındır ki, İqbal Ağazadə Co Freyzer deyil və o, heç bir halda Rauf Arifoğlunun qələbə çaldığını etiraf etməyəcək. Məsələn, “Mən Rauf Arifoğluna nifrət edirəm, ancaq onun qələbə çaldığını etiraf edirəm”, demək üçün adamın gərək ürəyi ambisiyasından böyük olsun...

Hamı gördü. Rauf Arifoğlu tarixə yazılacaq seçki kampaniyası keçirdi. Küçə-küçə, məhəllə-məhəllə, ev-ev, qapı-qapı gəzdi. İnsanlarla canlı görüşlər keçirdi. Nəticə də ortadadır. Kəskin səs fərqi ilə rəqibi üzərində qələbə çaldı.

Mən iqtidar və müxalif olmasından asılı olmayaraq hər kəsi Rauf Arifoğlu kimi möhtəşəm seçki kampaniyası aparmağa səsləyirəm. Öyrənmək heç vaxt gec deyil. Öyrənin, xalqın içinə gedin, insanlara qucaq açın. Əli qabarlı insanların əlini sıxın. Bu sizin xalqınızdır. Sizin missiyanız bu xalqı ucaltmaqdır. Bu xalqa dodaq büzənlər heç bir halda bu xalq təmsil etməməlidir...

Son olaraq onu da vurğulayım ki, hər şey gözlənildiyi kimi oldu. İqbal Ağazadə virtual aləmdə Rauf Arifoğluna qalib gəldi. Rauf Arifoğlu isə real həyatda öz qələbəsini çaldı.
Hər kəs onu da bilsin ki, Rauf Arifoğlu bir də 5 ildən sonra 35 saylı Xətai III seçki dairəsinə getməyəcək. O, hər vaxt ona səs verən insanların yanında olacaq. Mümkün olandan daha çox iş görəcək. O, xalqını sevən birisi. Allahın ona verdiyi bu fürsəti əldən verməz.

Onu da biləsiz ki, bu dəfə Rauf bəyə səs verməyənlər belə gələn dəfə məhz onu seçəcəklər. Çünki o, vəd etdiyindən daha çox çalışacaq. O, xüsusən kasıb, kimsəsiz, əlil, şəhid ailələrinin arxa-dayağı olacaq. Gənclərin uğurlar qazanması üçün dəstəyini əsirgəmiyəcək. Deputat necə olmalıdır, sualının cavabını ö, öz əməlləri ilə verəcək.
Bu gündən etibarən o, işə başlayır
Xeyirli-uğurlu olsun...

Elbəyi HƏSƏNLİ, SÜRİX
Geri qayıt