Əsas Səhifə > Səhiyyə > Qışın 2 bəlası - dəm qazı və turşu

Qışın 2 bəlası - dəm qazı və turşu


14-02-2020, 09:54
Qışın 2 bəlası - dəm qazı və turşu

Qida zəhərlənməsindən ölüm halları daha çox botulizm nəticəsində baş verib

Rubrika.az-ın musavat.com-a istinadən xəbərinə görə, Ağdamın Qaralar kəndi ərazisində yerləşən fermada çalışan və buradakı tikilidə yaşayan ailə üzvləri turşudan zəhərlənib. Ailənin hər 3 üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Ağdam sakini 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu cür hadisələr hər il, xüsusən qış aylarında təkrar olunur. Müxtəlif məhsullardan ev şəraitində hazırlanan turşulardan zəhərlənmə halları dəm qazından zəhərlənmə hallarından geri qalmır. 2019-cu ilin son 2 ayında zəhərlənmə xəbərləri bir-birini əvəzləyirdi. Məsələn, Nizami rayonu, Qara Qarayev prospektində kirayədə yaşayan 6 tələbə zəhərlənmişdi. Həmin vaxt “Yeni Müsavat”ın reportyor qrupu tələbələrin zəhərləndikləri Qara Qarayev prospekti 76, mənzil 28 ünvanında olub. Belə ehtimallar vardı ki, tələbələr ev şəraitində hazırlanan pomidor-xiyar turşusundan zəhərləniblər. Respublikanın ayrı-ayrı yerlərindən də zəhərlənmə xəbərlərini tez-tez alırıq. Yeməklərimizə dad qatan turşuların zəhərə çevrilməsinin səbəbi nədir?

Təkcə 2019-cu ildə Azərbaycanda qida zəhərlənmələrinin sayı mini keçib.

2018-ci ildə isə 1525 nəfər qidadan zəhərlənib. Həmin hadisələrin 31-i botulizm olub. Botulizm hadisələrindən 42 nəfər zərər çəkib. Ötən il qida zəhərlənmələri nəticəsində 4 nəfər dünyasını dəyişib. Onların 2-si botulizm (turşu), 2-si isə qeyri-mənşəli qida qəbulu (göbələk) nəticəsində zəhərlənib. Ötən il qidadan (göbələk) zəhərlənən bir qadının vəziyyəti hələ də ağır olaraq qalır.

Statistikadan da məlum olur ki, hər il olduğu kimi bu il də qida zəhərlənməsindən ölüm halları daha çox botulizm nəticəsində baş verib.

Bəs qida zəhərlənmələrinin qarşını necə almaq olar?

Səhiyyə Nazirliyi rəsmiləri əhaliyə müraciətlə daha çox istehsalat şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan istifadə etməyi israrla tövsiyə edirlər. Bildirirlər ki, konservləşdirilmiş məhsulların normalara cavab vermədiyini yalnız laboratoriya şəraitində aşkarlamaq mümkündür. Ev şəraitində çoxları nəyi necə etməyi, tutmanı necə hazırlamağı bilmirlər. Bəzən düzgün sterilizasiya aparmırlar, elə bilirlər ki, tutma bağlamaq çox asandır. Amma əslində tutma hazırlayarkən diqqət edilməli çox məqamlar var.

Məsələn, tərəvəz də, tutmanın bağlanacağı qab da təmiz suyla yaxşı-yaxşı yuyulmalıdır. Qabda torpaq qırıntıları, toz hissəcikləri qalmamalıdır.

Belə hissəciklər qaldıqda zəhərlənmə baş verir.

Mütəxəsislər deyirlər ki, əsasən konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığına görə belə hallar qeydə alınır. Bu zaman bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.

Zəhərlənmədən yayınmağın yolları da var. Turşu olan qabları açmazdan öncə qapaqlarına diqqət etmək lazımdır. Əgər qapaq şişkindirsə, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəzin turşusunun suyu bulanıqdırsa və ağ çöküntü verirsə, demək, zəhərlənmə verəcəyi ehtimalı 100 fazidir.

Botulizm əmələ gələn qida zəhərlənmələri ən ağır bakterial zəhərlənmə növüdür və 20 faizi ölümlə nəticələnir.

Statistikaya görə, qida zəhərlənmələri sırasında ikinci yerdə göbələkdən zəhərlənmələr dayanır. Göbələklə zəhərlənmə, adətən göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma və ishal əlamətləri ilə başlayaraq qusuntu kütləsində göbələk qırıntıları aşkar edilir. Tezliklə orqanizmdə susuzluq və su-elektrolit mübadiləsinin pozulması üçün səciyyəvi əlamətlərdən, kəskin zəiflik, baş ağrısı, baş gicəllənməsi, dərinin avazıması, nəbz vurğularının zəif, sapvari olması və taxikardiya müşahidə olunur. Temperatur yüksəlir, sinir sistemi pozğunluqlarından yuxululuq və ya əksinə, oyanma, ölüm qorxusu hissiyyatı, bəzən isə əzələnin qıclığı qeyd olunur. Həmin əlamətlər getdikcə inkişaf edərək birinci günün axırında və ya bir qədər sonra dəridə və selikli qişalarda sarılıq olur. Bəzən 1-2-ci günlərdə nisbətən yaxşılaşmış ümumi əhval fonunda qəflətən koma inkişaf edir. Digər təsadüflərdə isə xəstəliyin 4-8-ci günlərində qastroenterit əlamətləri azalır, böyrək və qaraciyərin fəaliyyətinin pozğunluğu əlamətləri üstünlük təşkil edir. Bu hala damar mənfəzinin iflici qoşularsa, sağlamlığın bərpa edilməsi çətinləşir, çox vaxt qəflətən ölüm baş verir.

Bu ilin ilk iki ayı ərzində 67 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələr zamanı 96 nəfər zərər çəkib. 7 botilizm hadisəsi zamanı isə 14 nəfər zərər çəkib və 3 nəfər dünyasını dəyişib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Sputnik Azərbaycan"a açıqlamasında bildirib ki, daxil olmuş təcili bildiriş vərəqələrinin təhlili qida zəhərlənmələrinin məişətdə baş verdiyini göstərir: “Ev şəraitində pomidor-xiyar konservləşdirilməsi zamanı düzgün sterilizasiya qaydalarına əməl edilməməsi anaerob mikrobların əmələ gəlməsinə səbəb olur”.

Z.Kazımov deyib ki, bu gün ticarət şəbəkələrində mənşəyi məlum olmayan turşu və şorabalar satılır: “Belə zəhərlənmələr, əsasən ev şəraitində, yəni heç bir sterilizasiya qaydalarına əməl edilmədən hazırlanan turşulardan istifadə zamanı baş verir”.

Mütəxəsislər deyir ki, zəhərlənmələrin bir neçə səbəbi ola bilər: “Turşuların tərkibinə qatılan dərman vasitələri və ya kimyəvi vasitələr zəhərlənməyə səbəb ola bilər. Bəziləri turşu bağlayarkən ona sıtramon, aspirin, tetraskilin və s. dərmanlar qatırlar ki, guya belə olanda turşu atmır. Bu dərmanların təsirindən də zəhərlənmə baş verir. Açıq turşularda heç vaxt botulizm ola bilməz. Gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər. Bu, əsasən açıq satılan turşularda baş verir. Bu zaman həmin turşulara mikroblar və bakteriyalar qatışır. Bazarlarda satılan plastik qablarda olan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan aşılayıcı maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur. Bəzən isə turşu qoyulan qablar qida üçün deyil, texniki istifadə üçün nəzərdə tutulmuş olur".

Rubrika.Az
Geri qayıt