Əsas Səhifə > Dünya > İranlılara Bakıya viza verilməsi dayandırıldı - turistlər sifarişi ləğv edirlər

İranlılara Bakıya viza verilməsi dayandırıldı - turistlər sifarişi ləğv edirlər


26-02-2020, 10:50
İranlılara Bakıya viza verilməsi dayandırıldı - turistlər sifarişi ləğv edirlər

Xəstəlik səbəbindən qonşu ölkədən Azərbaycana gələn turistlərin ümumi sayında bu il azalma olacaq

Rubrika.az musavat.com-a istinadla bildirir ki, İranda 47 nəfərin koronavirusa yoluxduğu, 12 nəfərin isə bu virusdan ölməsi ilə bağlı xəbər yayılıb. Belə olan təqdirdə İranla qonşu ölkələr də təşvişə düşüblər. Bəzi ölkələr İranla sərhədi bağlasa da, Azərbaycan hələ ki, bu, addımı atmayıb.

Məlum olduğu kimi, hər il xüsusilə də Novruz bayramı ərəfəsində Bakıya xeyli sayda iranlı gəlir. Onlar öncədən Bakıda hotel bron edib, turpaket sifariş edirlər. Bəs bu il vəziyyət necə olacaq?

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən “Yeni Müsavat”a bildirilib ki, iranlı ailələrdən turpaketlərini ləğv edən yoxdur. Lakin buna baxmayaraq, şirkətlər hesab edirlər ki, bu il həm Azərbaycandan İrana gedən, həm də İrandan Azərbaycana gələnlərin sayında azalma gözlənilir. Bildirilib ki, İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq bununla belə, turistlər “ASAN Visa”ya müraciət edə bilərlər.

Məsələ ilə bağlı İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi isə “Sputnik Azərbaycan”a məlumat verib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: “Onların çoxu 4 ulduzlu hotellərdə yer bron edən iranlı turistlərdir. Amma hələ ki, biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki bu, turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir”.

Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb: “Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədir. Novruz bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar. Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də məsələ ilə bağlı açıqlama verib. Quluzadə “Yeni Müsavat”a söyləyib ki, onlar bu məsələdə qərar verən struktur deyillər: “Biz müvafiq qurumların qərarlarına uyğun olaraq addımlar atacağıq. Ona görə də indidən hər hansı bir fikir söyləmək çətindir. Dünyada bir çox insanlar öz səfərlərini ləğv edir və səfərlərə daha ehtiyatlı yanaşırlar. Dünyanın bir çox ölkələrində hətta irimiqyaslı tədbirlər də təxirə salınır. Əlbəttə ki, bütün bunlar ümumi mənzərəyə mənfi təsir göstərir. Turizm bazarındakı qlobal krisiz Azərbaycanın turizm bazarına da təsir göstərə bilər. Konkret olaraq Novruz bayramı ərəfəsində nələrin baş verəcəyini də hazırda söyləmək mümkün deyil. Çünki sərhəd açıq qalarsa, bu, başqa vəziyyətin, sərhəd bağlı qalarsa, bu, tamam başqa vəziyyətin yaranmasına səbəb olacaq. Biz həmin bu qərarlardan asılı olaraq, biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.

Dövlət Turizm Agentliyindən “Trend”ə bildirilib ki, agentliyin hazırda turizmlə bağlı atdığı addımlar və verdiyi proqnozlar iki faktordan asılıdır: “Bu, həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır. Biz əlbəttə ki, taktiki gedişlərimizi digər dövlət strukturlarının addımları ilə uyğunlaşdırırıq. Situasiyanın qəlizliyi həm də ondan ibarətdir ki, vəziyyət hər gün mənfiyə doğru dəyişir. Amma biz ümid edirik ki, yaxın zamanlarda dünyadakı qlobal vəziyyət dəyişəcək və bu virus yox olduqdan sonra dünya turizmi normal vəziyyətinə geri qayıdacaq, Azərbaycanın da bu il turizmlə bağlı gözləntiləri, planları yenidən aktiv surətdə həyata keçiriləcək”.

Rəsmi rəqəmlərə görə, ötən ilin mart ayında İrandan Azərbaycana cəmi 35 min nəfər gəlib. 2018-ci ilin mart ayında isə 71 min nəfərin gəldiyi qeyd edilir. Ümumilikdə 2019-cu ildə Azərbaycana gələn İran vətəndaşlarının sayı 255 min nəfərdən çox olub. 2020-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 18 faiz, İrandan gələnlərin sayı isə 26,5 faiz artıb. Qeyd etdiyimiz dövrdə İrandan Azərbaycana gələnlərin sayı 13 min nəfər təşkil edib.

Hesab edilir ki, koronavirus səbəbindən İrandan Azərbaycana gələn turistlərin ümumi sayında bu il azalma olacaq.

Rubrika.az
Geri qayıt