Əsas Səhifə > İstisadiyyat > Avropa Komissiyası: Azərbaycan qazının Avropa üçün 20 mlrd. kubmetrə qədər artırılması razılaşdırılıb

Avropa Komissiyası: Azərbaycan qazının Avropa üçün 20 mlrd. kubmetrə qədər artırılması razılaşdırılıb


28-02-2020, 17:54
Avropa Komissiyası: Azərbaycan qazının Avropa üçün 20 mlrd. kubmetrə qədər artırılması razılaşdırılıb


"Azərbaycanın perspektiv yataqları imkan verir ki, Cənub Qaz Dəhlizi layihəsi genişləndirilsin".

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra mətbuat konfransında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt qeyd edib.

"Bu günkü iclasda olduqca məhsuldar müzakirələr aparıldı. Müzakirələrdən biri də Cənub Qaz Dəhlizi layihəsinin gələcəyi ilə bağlı idi. Bu layihənin genişləndirilməsi imkanları müzakirə olundu. Hazırda Azərbaycanın çox perspektivli hesab edilən sahələrdə kəşfiyyat aparılmaqdadır. Buna görə də Cənub Qaz Dəhlizinin genişləndirilməsinə imkan var", - deyə o bildirib.

O qeyd edib ki, Avropada Azərbaycan qazının nəql olunacağı əsas istiqamətlər Cənub-Şərqi Avropa və Qərbi Balkan ölkələri nəzərdə tutulur.

Avropa Komissiyasının rəsmisi əlavə edib ki, bir sıra ölkələrdə kömürdən asılılğı sıfıra endirmək və təbii qaza keçid nəzərdə tutulur. "Hazırda Avropa üçün nəzərdə tutulan həcmlər 10 mlrd kubmetr təşkil edir. Bu həcmlərin 20 mlrd kubmetrə qədər artırılması razılaşdırılıb".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.

“Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.


Rubrika.Az
Geri qayıt