Əsas Səhifə > Dünya > Nikol Paşinyan üçün kritik seçim anı

Nikol Paşinyan üçün kritik seçim anı


4-03-2020, 17:26
Nikol Paşinyan üçün kritik seçim anı


Rusiyanın məşhur “Kommersant” qəzetinin 4 mart sayında Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında geniş məqalə yayınlanıb. Məqalənin başlığı Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana mesajı sayıla bilər: “Heç kim və heç nə unudulmur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Kremlin sifarişi ilə yazılan məqalədə İrəvana xüsusi mesajlar var: “Birincisi, məqalədə göstərilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil: “Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan prezident Vladimir Putinin dostudur”. İkincisi, məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: “Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağlna dair vədlərini sual altında qoyur””. E.Şahinoğlu üçüncü bir məqama da diqqət çəkir: “Məqalədə yazılır ki, Putin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik edib: “Vladimir Putin Avrasiya İqtisadi Birliyinin toplantısıyla əlaqədar İrəvanda olanda Rusiyanın bu ölkədəki səfirliyində Köçəryanın xanımı və oğlu ilə görüşdü”. Beləliklə, Kreml “Kommersant” qəzeti vasitəsilə yenidən Paşinyana xəbərdarlıq mesajı göndərib. Bunu qəzetdəki məqalənin sonuncu cümləsi də sübut edir: “Kremldən qəzetimizə ötürülən xəbərdə deyilir ki, Rusiya Köçəryana qarşı məhkəməni siyasi sifarişli hesab edir. Kremldən qəzetimizə onu da bildiriblər ki¸ Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa, bu, Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq””.

Politoloqun fikrincə, Kreml açıq-aşkar Paşinyanı şantaj edir: “Köçəryan 2008-ci il prezident seçkisində dostu Sərkisyanı prezident kürsüsündə otuzdurmaq üçün polisə etiraza çıxanlara atəş açmaq əmri verib. Onlarla insan qətlə yetirildi. Mitinqi təşkil edənlərdən biri o zaman müxalifətdə olan Paşinyan idi. Ona görə də Köçəryan üzərində məhkəmə Paşinyan üçün vicdan məsələsidir. Ancaq Ermənistan tamamən Rusiyadan asılıdır və Paşinyan Köçəryanı həbsə göndərərsə, Moskva ilə münasibətləri gərginləşdirəcək. Paşinyan ciddi dilemma qarşısındadır. Köçəyranı həbs etmək Moskva ilə münasibətləri gərginləşdirəcək, eks-prezidenti azad etmək isə isə Paşinyanın prestijinə və hakimiyyətinin mövqelərinə ciddi zərbə vuracaq. Bütün hallarda Paşinyan ikisindən birini seçəcək”.

Belə görünür ki, Rusiyanın sakitcə R.Köçəryanın məhkəmə prosesini izləməsi əbəs deyil. Bu, obrazlı qeyd etsək, “tufanqabağı sakitlik”dir. Bir sıra ekspertlər hələ bundan əvvəl demişdilər ki, Putin bir sözü ikinci dəfə deməyə öyrəncəli deyil. Yəni o, Köçəryanı azad etmək üçün Paşinyana vaxt verdi, tələbi əməl edilmədisə, onu təkrarlamayacaq, sadəcə sözünü qulaqardına vuran erməni baş nazirə zamanı gələndə yerini göstərəcək.

Yeri gəlmişkən, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, R.Köçəryanın məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu, həm də ondan xəbər verir ki, Paşinyan Köçəryanla bağlı nə qəti şəkildə həbs qərarı verə bilmir, nə də onu azad edib özünə əlavə problem yaratmaq istəmir. Ən azı Qarabağ klanını martın 31-dək, Qarabağdakı separatçı rejimin yeni başçısını seçənədək təzyiq altında qaxlamağa çalışır. Eyni vaxtda klanın digər liderləri Serj Sərkisyan və Seyran Ohanyanın mühakimə olunması da təsadüfi deyil...


Rubrika.Az
Geri qayıt