Əsas Səhifə > Cəmiyyət > Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayır

Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayır


6-03-2020, 19:56
Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayır


Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinov və baş usta İmdat İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Rubrika.Az Femida.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası martın 19-da keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə külli miqdarda təkrar rüşvət almaq, cinayətdə iştirakçılıq və s. əməllərə görə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılıb, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub.

Rubrika.Az
Geri qayıt