Əsas Səhifə > Cəmiyyət > Ekspertlər: Rusiya valyutasının kəskin dəyərdən düşməsi rublun devalvasiyası deyil
Ekspertlər: Rusiya valyutasının kəskin dəyərdən düşməsi rublun devalvasiyası deyil9-03-2020, 20:25 |
|
Martın 9-da Rusiya valyutası – rublun məzənnəsi 4 il əvvəlki minimuma enib. Rubrika.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyada 8 mart – Beynəlxalq Qadınlar Bayramı Günü ilə əlaqədar qeyri-iş günləri olduğu üçün Moskva birjasında sonuncu hərraclar şənbə günü, martın 6-da keçirilib. Həmin gün 1 ABŞ dolları 68,5 rubl, 1 avro isə təxminən 80 rubla satılırdı. Hazırda isə rublun məzənnəsi dollara nisbətdə 74,33, avroya nisbətdə isə 85,05 rubldur. Ötən gün London hərracında Rusiya şirkətlərinin səhmlərinin qiyməti kəskin surətdə, təxminən 20-25 faiz aşağı düşüb. Bu, son günlər neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, “OPEK+” daxil olan neft ixracatçısı ölkələrinin Vyana danışıqlarının uğursuz başa çatması və Səudiyyə Ərəbistanının neft istehsalını artırması, eləcə də alıcılara 20 faizlik endirim təklif etməsi qara qızılın dəyərinin aşağı düşməsi ilə nəticələnib. Ekspertlərin fikrincə, Rusiya valyutasının kəskin dəyərdən düşməsi rublun devalvasiyası deyil, sadəcə rubl dünya xammal bazarında yeni vəziyyətə uyğunlaşır. Rusiya Maliyyə Nazirliyi neftin qiyməti bir barel üçün 25-30 dollar olarsa, 6-10 il müddətində qiymət fərqini əvəz etmək iqtidarında olduğunu bildirib. Maliyyə naziri Anton Silunov əvvəllər də bildirimişdi ki, neftin qiyməti bir barel üçün 30 dollara düşsə belə, Rusiya dövlət büdcəsi xərcləri və öhdəlikləri ödəyə biləcək. Digər analitiklər neftin qiymətinin bir barel üçün 30 dollar səviyyəsində uzun müddət qalmayacağını bildirirlər. Onların rəyinə görə, bu ilin ikinci yarısında koronovirusun dünya bazarına mənfi təsiri zəifləyəcək və neftə olan ehtiyac da artacaq. Rusiya Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin üzvü Mixail Şapov deyib ki, dolların məzənnəsinin yüksək olduğu dövrdə Rusiyada həm ixrac mallarının, həm də ixrac olunan xammal əsasında istehsal edilən malların qiyməti artacaq. “Rossiya seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov isə əksinə, neftin qiymətinin qalxması və valyuta bazarındakı qeyri-sabitliyə görə təşvişə düşməməyi tövsiyə edir. Çünki indi Rusiya neft hasilatı baxımından sərbəstdir və istədiyi qədər qara qızıl hasil edib, sata bilər. Onun sözlərinə görə, martın 10-da Rusiyada real valyuta bazarı bayramlardan sonra açılacaq və rublun məzənnəsinə tam aydınlıq gətiriləcək. O əlavə edib ki, Rusiya büdcəsi neftin barelinin 40 dollara satılacağı ssenariyə uyğunlaşdırılıb. Rubrika.Az Geri qayıt |