Əsas Səhifə > Gündəm > Prezident İlham Əliyevdən məmurlara sərt və qəti xəbərdarlıq

Prezident İlham Əliyevdən məmurlara sərt və qəti xəbərdarlıq


17-03-2020, 11:49
Prezident İlham Əliyevdən məmurlara sərt və qəti xəbərdarlıq Dövlət başçısı korrupsiyadan əl çəkməyənlərin ifşasının davam edəcəyini bildirdi; “Biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq” Prezident İlham Əliyev martın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edib. Rubrika.az AzərTAc-a istinadla xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident sosial sahədə aparılan islahatların bu il davam etdirildiyini deyib: “Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır". Dövlət başçısı pensiya təminatı ilə bağlı görülmüş işlər, xüsusilə bu il yanvarın 1-dən görülmüş işlər haqqında S.Babayevdən məlumat verməsini istəyib. “Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər...” Nazir deyib ki, ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı: “Əlavə olaraq əmək haqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi. Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur...” Nazir digər statistik məlumatları da dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev daha sonra ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi barədə verdiyi tapşırığın icrası ilə maraqlanıb. Nazir bu sahədə görülən işləri, habelə qarşıdakı planları geniş şəkildə dövlət başçısının diqqətinə çatdırıb. Nazir sosial yardım alan şəxslərin əhatəsinin genişləndirildiyini və yardımın məbləğinin əsaslı şəkildə artırıldığını deyib: “Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli, hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar”. Prezident İlham Əliyev: "Bu, hər ailənin büdcəsinə böyük töhfədir. Hər ailə dövlətdən 215 manat alacaqsa, əlbəttə ki, bu ailələrin sosial təminatı daha da yaxşı olacaq. İlin əvvəlində mən göstəriş vermişdim ki, bu il şəhid ailələri və müharibə veteranları üçün daha çox sayda evlər tikilsin. Biz bu vətəndaşların sosial təminatını ildən-ilə yaxşılaşdırırıq. Keçən il 934 ailəyə ev verilib. Mən göstəriş vermişdim ki, biz bu həcmi artıraq və bu il 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur. Bu istiqamətdə işlər nə yerdədir və iki ay ərzində hansı işlər görülüb?" S.Babayev qeyd edib ki, artıq bütün inventarlaşma işləri yekunlaşdırılıb, müvafiq satınalmalar elan edilib: “Bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər. Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq. Fərdi evlər proqramı çərçivəsində 52 rayon üzrə 800 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunacaq. Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək. Bununla bağlı da Sizin tapşırıqlarınız olub ki, onları da sürətlə yekunlaşdıraq”. Prezident İlham Əliyev: "Çox yaxşı, bu sürətlə getsək, həmin kateqoriyadan olan və növbədə duran bütün vətəndaşları biz 2021-2022-ci illərdə evlərlə, mənzillərlə təmin edəcəyik. Özünüməşğulluq proqramı ilə bağlı hansı işlər görülür? Mən göstəriş vermişəm ki, bu proqramın əhatə dairəsi genişləndirilsin. Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda məsləhət xidmətlərini təmin edəcəkdir. Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir. Bu il bu istiqamətdə hansı işlər görülüb və ilin sonuna qədər hansı işlər görüləcəkdir?" Sahil Babayev qeyd edib ki, məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur: “Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik. Biz proqrama beynəlxalq təşkilatları da cəlb etmişik. Sizin müvafiq görüşünüzdən və tapşırığınızdan sonra Dünya Bankı ilə aparılan müzakirələr uğurla başa çatdı. Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcəkdir. Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbdır. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcəkdir. Biz BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparırıq”... Prezident İlham Əliyev görüş zamanı qeyri-formal məşğulluqla bağlı müvafiq göstərişlərinin yerinə yetirildiyini diqqətə çatdırıb və nazirdən bu istiqamətdə aparılan işlərin nə yerdə olduğunu soruşub. Nazir görülən işləri və statistik rəqəmləri dövlət başçısının nəzərinə çatdırıb. Prezident daha sonra qeyd edib ki, bu il də DOST mərkəzlərinin tikilməsi nəzərdə tutulur: “Keçən il biz iki mərkəzin açılışını etdik. Mən şəxsən açılışlarda iştirak etmişəm. Bu mərkəzlərdən biri keçən ilin may ayından fəaliyyətdədir, nə qədər müraciət olub? Bəyənmə əmsalı hansı səviyyədədir? Bu il neçə mərkəzin və nə vaxt tikilməsi nəzərdə tutulur? Məlumat verin”. S.Babayev bildirib ki, may ayından etibarən fəaliyyət göstərən birinci mərkəz və dekabrdan etibarən fəaliyyət göstərən ikinci mərkəz üzrə bu günədək birlikdə 81 min müraciət qəbul edilib: “Vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir. Sizin müvafiq fərman və sərəncamlarınızla yaradılmış DOST Agentliyi - DOST mexanizmi öz uğurunu təsdiq edir. Vətəndaşlar bu mexanizmdən çox razıdırlar. Hər bir rayondan bizə müraciətlər gəlir ki, bu şəbəkə sürətli şəkildə genişləndirilsin. Sizin dəstəyinizlə artıq 8 yeni mərkəz üzərində iş aparılır. Onlardan biri yaxın günlərdə açılış üçün hazır olacaqdır. Bu 8 mərkəzdən ikisi Bakıda, digərləri Abşeronda, Sumqayıtda, Qubada, Bərdədə, Şəkidə və Sabirabadda yaradılacaq...” Prezident İlham Əliyev deyib ki, Azərbaycan bu sahədə də öz intellektual məhsulu ilə fərqlənəcək: “Necə ki, bu gün ”ASAN Xidmət" mərkəzləri bizim intellektual brendimizdir və artıq digər ölkələr bu təcrübədən yararlanırlar, hesab edirəm ki, vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar. Biz də istənilən tərəfdaşla bu istiqamətdə işləməyə hazırıq. Əgər sizə bu məsələ ilə bağlı hansısa ölkələrdən müraciət olunarsa, əlbəttə ki, məsləhətləşmə əsasında müvafiq məlumatları verə bilərsiniz. Bir məsələ də çox ciddi xarakter daşıyır. Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur. Göstəriş vermişdim ki, bu məsələyə çox ciddi nəzarət olunsun. Xüsusilə bölgələrdən gələn siqnallar bu nəzarətin tətbiqinə, əlbəttə ki, imkan yaratmışdı. Çünki bəzi hallarda insanların əməkhaqları verilmirdi, ödəniş kartları icra başçıları tərəfindən qanunsuz olaraq götürülürdü, mənimsənilirdi və s. Belə siqnallar ciddi şəkildə araşdırılmışdır. Bu və buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əmək haqqı səviyyəsindədir. İndi minimum əmək haqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq. Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir. Hazırda vəziyyət nə yerdədir, bu il neçə min vətəndaş bu işlərlə təmin edilib və nəzarət mexanizmi nədən ibarətdir?" Nazir bu istiqamətdə fəaliyyətlər barədə dövlət başçısını ətraflı məlumatlandırıb. Ekspertlərin qənaətinə Prezidentin açıqlamalarındakı sərt xəbərdarlıqlar bir daha onu deməyə əsas verir ki, aparılan islahatlar daha sürətlə davam edəcək və korrupsiyaya qurşanan, etimadı doğrultmayan, vətəndaşları incidən, sabotajlar edən, nəticə çıxarmayan məmurların ən sərt şəkildə cəzalandırılmasının şahidi olmaqda davam edəcəyik. Əlbəttə, burada söhbət yalnız işdən çıxarılmalardan yox, həm də ifşa edilərək qandallanmaqdan söhbət gedir... Rubrika.Az
Geri qayıt