Əsas Səhifə > İstisadiyyat > 2.5 milyard bu sahələrə sərf olunacaq

2.5 milyard bu sahələrə sərf olunacaq


1-04-2020, 19:30
2.5 milyard bu sahələrə sərf olunacaq


Koronavirusun Azərbaycan iqtisadiyyatına göstərdiyi mənfi təsirləri minimallaşdırmaq üçün hazırlanan yardım proqramı bir çox ekspertlər tərəfindən müsbət qarşılanıb.

Rubrika.Az Yenisabah.az-a istinadən bildirir ki, dövlət bu məqsədlə 2.5 milyard manat vəsait ayırıb. Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda bu kifayət qədər böyük məbləğdir. Məlumat üçün deyək ki, dünya bazarında neftin 1 barelinin qiyməti 19-23 dollar civarında oynayır. Bu son illər üçün rekord hədd hesab edilir. Azərbaycan iqtisadiyyatında neftin əsas paya sahib olduğunu nəzərə alsaq, ölkəyə valyuta axını kəskin şəkildə azalıb. Hazırda Azərbaycan manatı da ciddi basqı altındadır.

Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərlər də göz önündədir. İctimai iaşə obyektləri fəaliyyətini dayandırıb, turizm sektoru, otelçilik, tikinti biznesi, nəqliyyat və xidmət sahələrinə ciddi ziyan dəyib.

Koronavirus pandemiyasına görə sosial təcrid siyasətinə baxmayaraq dövlət işə getməyən vətəndaşların sosial durumunu diqqətdə saxlayır.

Birinci yardım proqramı məhz həmin vətəndaşlarla bağlıdır. Bu proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir.

Ən son rəsmi statistik göstəricilərə əsasən, hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.

Bundan başqa 290 mindən çox fərdi sahibkar da dövlət dəstəyindən faydalanacaq. Ümumilikdə isə yardım proqramı 600 minə yaxın vətəndaşa şamil ediləcək. Üstəgəl biznesə vergi güzəştləri, biznesin kreditlərə çıxışının daha da asanlaşdırılması, ipoteka kreditlərinin dəstəklənməsi, vergi ödəyicilərinin bank kreditlərinə dəstək verilməsi də yardım proqramlarına daxildir.

Bəzi ekspertlərin fikrincə, sahibkarlara dövlət dəstəyi pos-panemiya dövründə də davam edə bilər. Bütün bunlar isə Azərbaycanda iqtisadi kataklizmlərin baş vermə ehtimalını xeyli dərəcədə azaldır.
Geri qayıt