Əsas Səhifə > Siyasət > Koronavirus xarici siyasətə təsir göstəribmi - rəsmi açıqlama
Koronavirus xarici siyasətə təsir göstəribmi - rəsmi açıqlama3-04-2020, 17:46 |
![]() Leyla Abdullayeva: “Digər dövlətlər kimi Azərbaycan da xarici siyasət sahəsində fəaliyyətini mövcud reallıqları nəzərə alaraq davam etdirir” Koronavirus pandemiyası dünya gündəminin əsas mövzusudur. Bu mənada ölkələrin dünənə qədər vasib hesab etdiyi məsələlər arxa plana keçib. Hətta artıq Qəzza zolağı, yaxud Suriya böhranından da bəhs edənləri görmürük. Azərbaycanın bütün qurumları kimi, Xarici İşlər Nazirliyi də son bir neçə həftə ərzində əsas diqqətini COVİD-19 epidemiyası səbəbindən taleyi risk altına düşən xaricdəki həmvətənlərimizin ölkəyə gətirilməsi, yaxud onların olduqları ölkədə təhlükəsiz və normal şəraitdə qalmasına yönəldib. Ancaq bu da var ki, ölkəmizin taleyüklü məsələsi olan Qarabağ məsələsi ilə bağlı da hər hansı proses getmir. Daha doğrusu, işğalçı Ermənistan və Qarabağdakı erməni separatçıları məsələyə “dərə xəlvət, tülkü bəy” prizmasından yanaşaraq öz istəklərini reallaşdırmağa çalışırlar. Elə bütün dünyada idman oyunlarından tutmuş, mədəniyyət tədbirlərinə qədər bütün planlaşdırılan işlərin təxirə salındığı bir durumda ermənilərin Qarabağda “seçki” tamaşası qurmağa çalışması düşmənin xəyallarını gerçəkləşdirməkdə israrlı olduğunu göstərdi. Düzdür, koronavirus təhlükəsindən hətta ermənipərəst konqresmenlər belə, bu tamaşanı izləməyə gəlmədilər və ermənilərin planı alt-üst oldu. Ancaq separatçılar “seçki”nin “ikinci tutu”nu elan etməklə növbəti dəfə buna cəhd etmək istəyirlər. Belə olan halda rəsmi Bakının həm də bu məsələyə diqqət ayırması çox vacibdir. Düzdür, beynəlxalq qurumlar separatçıların “seçki” nağılına inanmadılar və bu şounu tanımadıqlarını bildirdilər ki, bu da Bakının apardığı işlərin nəticəsidir. Amma bununla kifayətlənmək olmaz. Bəs, indiki durumda xarici siyasətlə bağlı proses gedirmi? Qarabağ danışıqları, digər diplomatik işlər nə yerdədir? XİN-in mətbuat katibi Leyla Abdullayeva Musavat.com-a bunları bildirdi: “Hazırkı vəziyyətdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən həyata keçirilən tədbirlər, hərəkət məhdudiyyətləri, təmaslardan mümkün qədər çəkinmək, beynəlxalq təşkilatların fəaliyyətini məhdudlaşdırması, iclasların təxirə salınması və s. hamıya bəllidir. Belə olduğu halda digər dövlətlər kimi Azərbaycan da xarici siyasət sahəsində fəaliyyətini mövcud reallıqları nəzərə alaraq davam etdirir”. Ermənistan-Azərbycan münaqişəsinə gəldikdə, diplomat xanım bunları söylədi: “Bilirsiniz ki, sonuncu qondarma “seçkilər” ilə bağlı XİN açıqlaması oldu, dünya ictimaiyyəti münasibətini bildirdi, bu qanunsuz “seçkiləri” rədd etdi. Hazırda dünyada pandemiya ilə mübarizə aparılır və Azərbaycan da bu çərçivədə bütün vacib tədbirləri həyata keçirir, lakin bu ölkəmizin münaqişə ilə bağlı prinsipial mövqeyinə hər hansı şəkildə təsir etmir. Münaqişənin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir”. Separatçıların “ikinci tur” iddiasına gəldikdə, XİN təmsilçisi “neçənci tur olursa olsun, qanunsuzdur”, dedi. Maraqlıdır, rəsmi Bakının çoxdan gözlənilən Avropa İttifaqı ilə imzalayacağı sənədin sonrakı taleyi nə yerdədir? L.Abdullayeva: “Avropa İttifaqı hazırda səylərini covid ilə mübarizəyə yönəldib. Əlbəttə ki, hazırkı vəziyyətdə prioritet başqadır”.//Musavat.com Rubrika.Az Geri qayıt |