Əsas Səhifə > Dünya > ABŞ və İran arasında növbəti gərginlik

ABŞ və İran arasında növbəti gərginlik


3-04-2020, 20:03
ABŞ və İran arasında növbəti gərginlik


Vaşinqton Türkiyəyə də S-400-lə bağlı mesaj yolladı, Suriyada isə...
Koronavirus pandemiyası dünyanı ağuşuna aldığı bir vaxtda da ABŞ-İran gərginliyi səngimək bilmir. Son olaraq, Amerika prezidenti Donald Trampın “ Twitter'' səhifəsində yazdıqları diqqətləri cəlb edib.

Ağ Ev sahibi ölkəsinin İraqdakı əsgərlərinə İranın hücum etməyi planlaşdırdığına dair məlumat əldə etdiklərini qeyd edərək bildirib ki, bunun ağır nəticələri olacaq.
Tramp açıqlamasında yazıb: ''Əldə etdiyimiz məlumatlara əsasən İran və ya qolları Amerikanın İraqdakı hərbçilərinə hücum etməyə hazırlaşır. Bu addımı atsalar, bunun çox ağır nəticələri olacaq''.

Tramp əldə etdikləri məlumatın detallarını bölüşməyıb.

ABŞ prezidentinə cənub qonşumuz tərəfindən cavab gecikməyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidentinə xitabən deyib: “İran bir müharibəyə başlamayacaq, amma militaristləri yerlərində oturdacaq”.

XİN rəhbəri tvitter mesajında bunları da yazıb: “Cənab Tramp, bir daha həmişəki militaristlər tərəfindən yolunu azma, İranın dostları var və heç kəs milyonlarla “vasitəçi element”ə malik ola bilməz”.

Zərif sonra bildirib: “Yalan danışan, saxtakarlıq və terror edən Amerikanın əksinə olaraq, İran yalnız aşkar şəkildə özünümüdafiə əsasında hərəkət edir”.

Bu arada Amerika Türkiyənin Rusiyadan aldığı S-400 raketləri məsələsi ilə də barışmaq niyyətində olmadığını ifadə edib. Ağ Ev bununla bağlı rəsmi Ankaraya mesaj göndərib.

“Ankara Rusiyada satın alınan S-400 hava hücumundan müdafiə sistemlərini ölkədən çıxardarsa, ABŞ Suriyaya qarşı Türkiyəyə kömək etməyə hazırdır”.

Bunu mətbuat konfransı zamanı ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison deyib.
O qeyd edib ki, Türkiyə Suriyada çoxlu sayda şəhid verib: “Ümid edirik ki, Türkiyəyə yardım paketi toplaya bilərik. Ümid edirik ki, Türkiyə Rusiyanın hava hücumundan müdafiə sistemini öz ölkəsində yerləşdirməyəcək. Bu, Suriyanın təcavüzünə qarşı durmaq üçün təmin edə biləcəyimiz potensialın qarşısını alır”.

Paralel olaraq Suriya cəbhəsində də savaş səngimir. Belə ki, Türkiyə tərəfindən Suriyanın şimalında 14 terrorçu zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular "Fərat Qalxanı" əməliyyatının keçirilməsi zonasına hücum hazırlayırmış.

Müdafiə Nazirliyindən qeyd ediblər ki, PKK terrorçularının Suriya qanadının döyüşçüləri - YPG silahlıları türk xüsusi təyinatlı dəstəsinin müvəffəqiyyətli əməliyyatı nəticəsində məhv edilib.

"Türkiyə regionda sabitliyin və sülhün təminatı üzrə bütün lazımi addımları atmaqda davam etməyə tam qətiyyətlidir", - xəbərdə vurğulanır.

Politoloq Əhəd Məmmədli Trampın İranla bağlı tvitini bu cür dəyərləndirdi: “Tramp Amerikanın prezidentidir. Şəxs olaraq bəlkə dediklərini, yazdıqlarını o qədər ciddiyə almaq lazım deyil, amma oturduğu kreslonu, məsuliyyəti nəzərə alsaq təbii ki, bu açıqlamalar ciddiyə alınmalıdır. Tramp bir iddia ortaya qoyub. Ənənəvi bir iddiadır. Yəni yeni, təəccüblü heçnə deməyib. İranı hədəfə alıb. İran Trampın dediyi kimi bunu edərmi ya yox, bu artıq başqa məsələdir. Bəziləriniz düşünə bilərsiniz ki, koronavirusla bağlı dünyanın başının qarışdığı vaxtda İran imkandan yararlana bilər və İraqda ABŞ hərbi birləşmələrinə, sivil obyektlərinə hücum edə bilər. Lakin nəzərə alsaq ki, COVİD-19 pandemiyasından ən çox zərər çəkən ölkələrdən biri elə İranın özüdür. Verilən məlumatlara görə, bu epidemiyadan İranın bir sıra yüksək səviyyəli siyasi və hərbi adamları ölüb, onların içində vitse-prezident və SEPAHıın komandiri var. Onda Tehranın Vaşinqtona qarşı hərbi əməliyyat aparması heç inandırıcı görsənmir. Düzdür, verilən məlumatlara görə, koronavirusdan ən çox ölən Amerikadadır, lakin görünən odur ki, bu virusla bağlı İranda olan təlaş Amerikada yoxdur. Bu da təbiidir Amerika İrandan siyasi-iqtisadı-hərbi baxımından daha güclü dövlət olduğu üçün COVİD-19-la daha effektiv mübarizə aparır. Düzdür, bu virus bir sıra Qərb ölkələrinin, o cümlədən Amerikanın səhiyyəsinin deyilənlərin əksinə o qədər də bu cür bəlalara hazırlıqlı, yaxşı səviyyədə olmadığını göstərsə də, səviyyəli sayılan İran tibbinin də ən azı eyni vəziyyətdə olduğu göstərdi”.

Politoloqun ehtimallarından biri də budur ki, Tramp dünyanı koronavirusdan yayındırmaq istəyir: “Tramp ola bilsin ki, ölkəsi və dünyanı koronavirus mövzusundan bir az ayırmaq istəyir. Koronavirus dünyada ənənəvi həyat tərzini dayandırdı. Virusun yaratdığı ajiotaj, panika insanın həyatına real təhlükəni qat-qat üstələdi. Təəssüf ki, bunun belə olmasında dövlət başçıları və medianın önəmli rolu oldu. Elə bil düymə eyni yerdən basıldı və hamı birdən-birə COVİD-19 virusunun çox ciddi təhlükəsindən danışmağa başladı. Dünyanın aparıcı media orqanları koronavirus adlı panika, ajiotajı dünya əhalisi arasında yaymaq üçün sanki bir-birləri ilə rəqabətə giriblər. Amma görünür dünyanı idarə edənlər başa düşüblər ki, vəziyyət bu cür sıxıcı formada çox davam edə bilməz. Fikrimcə, aprel ayında COVİD-19 dünya üzrə düşüş prosesini yaşayacaq. Və yaxud dünya əvvəlki həyat tərzinə qayıdacaq və bu cür virusla mübarizə aparacaq. Paralel olaraq neft də qalxacaq. Düzdür, bu qalxma barel qiyməti 110 dollar səviyyəsində olmayacaq.

Onu da nəzərə alaq ki, neftin düşüşü də koronavirus virusunun yayılması ilə paralel başlamışdı. Yuxarıda qeyd etdiyim kimi, Trampın məlum tvitini ölkəsinin və dünyanın əvvəlki formaya qaytarılması kimi də baxa bilərik. Ola bilsin ki, Amerika prezidentinə İranın hardasa hansısa hücum planı hazırladığı məlumatı haqda kəşfiyyat xəbər versin. Lakin bu Amerikanın bilərəkdən edilən provokasiyası da ola bilər. Onsuzda Tramp bu cür provakativ tvitləri ilə məşhurdur. Bu da onlardan biri ola bilər. Vəziyyəti əvvəlki məhraca yönəltmək üçün Amerika İranla İraqda birlikdə qısamüddətli proksi-qarşıdurma da qura bilərlər. Koronavirusla indiki vəziyyətdə İrana bəlkə də Amerika ilə mini toqquşma lazımdır, daxili auditoriyanı COVİD-19 təhlükəsindən yenidən Amerika təhlükəsinə yönəltmək üçün. Bu cür məsələlərdə müxtəlif versiyalar üstündə işləmək olar”.

Müsahibimiz S-400-lərlə bağlı Amerikanın Türkiyəyə müraciətinə də toxundu: “ABŞ-ın Türkiyəyə S-400-la bağlı etdiyi təklif yeni deyil. Bu cür təkliflər əvvəl də səslənmişdir. Vaşinqton gördü ki, Ankara zarafat etmir və Rusiyadan S-400 aldı. Bundan sonra vəziyyətdən çıxmaq yolları axtarmağa başladı. Və vəziyyətdən çıxış yolunu S-400-ləri NATO üzvü Türkiyədə saxlanılmaması kimi gördü. Bu təklif Türkiyəyə də uyar. Əsas odur ki, S-400-u Türkiyə aldı. Bu raketləri qardaş ölkə başqa ölkələrin hərbi bazalarında da saxlaya bilər. Bu cür hala Amerika da göz yumacaq. Və belə olduqda nəhayət ki, S-400-lə bağlı Türkiyə ilə Amerika uzlaşacaqlar. Təbii ki, Amerikanın verdiyi sözü yerinə yetirmək şərti ilə bu baş verə bilər. Hətta S-400-ün yerləşdirilə biləcək ölkələrin adları da çəkilmişdi, Qətər və Azərbaycan. Türk əsgəri Qətərdə rəsmi, Azərbaycanda isə qeyri-rəsmi şəkildə mövcuddur. Azərbaycanda S-400-lərin yerləşdirilməsi həmçinin bizim ölkə üçün yaxşı hal olardı. Ermənistanda yerləşdirilən "İsgəndər”lərə bir cavab olardı. Düzdür, indiki şərtlər altında rəsmi Bakının buna gedəcəyini düşünmürəm. Hələlik S-400-lərin Qətərdə yerləşdirilmə variantı daha realdır. Amma bu məsələ reallaşdırılmağa başlansa, bu raketlərin Azərbaycanda yerləşdirilməsi variantı da həyata keçə bilər”.


Rubrika.Az
Geri qayıt