Əsas Səhifə > Səhiyyə > “Koronavirusa yoluxan adamları xəstəxanadan evə göndərirlər” – Kanadada yaşayan azərbaycanlı
“Koronavirusa yoluxan adamları xəstəxanadan evə göndərirlər” – Kanadada yaşayan azərbaycanlı10-04-2020, 15:10 |
|
Koronavirus pandemiyası Kanadada da yayılmağa davam edir. Təkcə ötən gün 841 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı isə 19 min 274 nəfərə çatıb. Ölkənin səhiyyə nümayəndələri vəziyyətin kritik olduğunu və virus bitənədək 1 milyondan çox insanın Covid-19-a yoluxa biləcəyini açıqlayıb. Onların sözlərinə görə, ölənlərin sayı isə 22 minə çata bilər. Lakin hazırda 509 nəfər dünyasını dəyişib. Rubrika.Az yenisabah.az-a istiandla Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızından qeyd olunan məsələlərlə bağlı müsahibə götürüb: - Lalə xanım, Kanadada koronavirusla bağlı vəziyyət necədir?Yerli hökumət infeksiyanın yayılmasının qarşısnı ala bilirmi? - Son məlumata görə, Kanadada 21 minə yaxın adam koronavirusa yoluxub, onlardan 509 nəfər dünyasını dəyişib. Qeyd edim ki, Kanadada əhalinin sayı 38 milyona yaxındır. Mənim yaşadığım Ontario əyaləti virusa yoluxanların və ölənlərin sayına görə əyalətlər arasında ikinci yerdədir. - Ölkədə mövcud vəziyyətlə əlaqədar hansı tədbirlər görülüb? Tətbiq olunan məhdudiyyətlər nələrdir? - Yaşadığım şəhərdə (Toronto) yalnız ərzaq mağazaları, apteklər və hospitallar açıqdır. İnsanların ən çox üz tutduğu terapevtlərin çalışdığı kiçik klinikalar artıq bir neçə gündür bağlanıb. Həkimlərlə yalnız telefonla danışa bilərsən, dərmana ehtiyac olduqda həkim resepti yazıb internetlə göndərir. Müştəri azlığından restoranlar da yavaş-yavaş sıradan çıxır. Restoranlarda yeməyi alıb çıxmağa icazə verirlər, oturmaq olmaz. Parklarda uşaqlar üçün olan oyun yerləri qapalıdır. Kimsə sürüşkəndən, yelləncəkdən və s. istifadə etsə, 750-1000 dollar miqdarında cərimələnir. Hər yerdə insanlarla aradakı məsafəni qorumalısan, 200 metr aralı gəzməlisən. Əks halda polisə yaxalansan, cərimələnəcəksən. Əgər 200 metr məsafəni qoruyursansa, heç bir problem yaşamırsan, rahat gedib marketdən bazarlığını edirsən. Hətta parklarda məsafəni qorumaq şərtilə oynayan, velosiped sürən uşaqlar, itini gəzintiyə çıxaran adamlar görə bilərsən. Amma çoxluq evdə oturmağa üstünlük verir. - Küçədə maska taxmayanlardan insan gördükdə cərimə edirlərmi? - Əlcək, maska taxmaqla bağlı heç bir qayda yoxdur. Sadəcə KİV-də, sosial şəbəkələrdə təbliğat aparıldığından insanların çoxu buna əməl edir. Ümumilikdə insanlar arasında xəstəliyə tutulacaqları ilə bağlı böyük bir qorxu hissi, xof var. Bunun da səbəbi düşünürəm ki, KİV-dir. - Məhz bu xofa görə testdən keçənlərin sayı yəqin ki,çoxdur. Sağlam olsa belə keçirdiyi qorxu hissi ilə test etdirmək istəyənlər varmı? - Kifayət qədər test olmadığından yalnız risk qrupuna daxil olanları testdən keçirirlər. Hospitala da hər adamı almırlar, yalnız risk qrupuna daxil olan insanlar və nəfəs çatışmazlığından əziyyət çəkənlər hospitalda yata bilərlər. Testin nəticəsinə görə koronavirusa yoluxduğu müəyyənləşən insanları evə göndərirlər. Tövsiyə edirlər ki, 14-18 gün özlərini evdə izolyasiya etsinlər, əgər nəfəs çatışmazlıqları olsa, təcili yardıma zəng etsinlər. Bu cür insanları heç kim gəlib evində yoxlamır ki, çölə-bayıra çıxır, ya yox. Hökumət insanlara güvənir. - Virus insanları qismən də olsa, evə həbs edib. Ona görə də hər kəs müəyyən bir müddət üçün ehtiyat ərzaq almağa çalışır. Nəticədə mağazalarda ərzaq qıtlığı olur. Bununla bağlı sosial şəbəkələrdə fərqli ölkələrdən fotolar da paylaşmışdılar. Kanadada da ərzaq qıtlığı müşahidə olunurmu? - Bazarlarda qıtlıq hiss olunmur. Düzdür, bəzi ərzaqlar limitlə satılır, amma ümumilikdə elə bir dəyişiklik yoxdur. Ərzaqların qiymətində də heç bir artım yoxdur, əksinə, həmişə olduğu kimi, həftəlik endirimlər davam edir. Amma apteklərdən maska, əlcək və gigiyenik spirtlər tapmaq asan deyil. - Siz özünüz, ailə üzvləriniz virusdan necə qorunursuz? - Maska taxmıram, əlimi harasa vurmaq məcburiyyətində olanda, məsələn, avtobusda bir əlimə əlcək taxıram, liftin düyməsini diş çöpüylə basıram. Uşaqları parka arada çıxarıram. On gündən bir mağazaya gedirəm. Aldığımız ərzaqları havalar soyuq olanda 10 gün əvvələ kimi balkonda 3 gün saxlayıb sonra içəri gətirirdim, indi gətirən kimi dezinfeksiya edirəm, yuyulmalıları da yuyuram. - İlk vaxtlar hər kəs bu məsələyə biganə yanaşırdı. İndi isə virus dünyanı cənginə alıb, bu hal sizi qorxudurdu? - Xəstəlik yeni başlayanda içimdə bir az qorxu hissi var idi. İndi məni elə də qorxutmur. Düşünürəm ki, qripin azca ağır formasıdır və buna görə stress keçirməyə dəyməz. Yalnız yaşlılar və şəkəri, yüksək təzyiqi, ürəyində problemi olanlar üçün qorxuludur. Rubrika.Az Geri qayıt |