Əsas Səhifə > Gündəm > Ankaranın humanistliyinə işğalçı ölkədən təxribatçı, düşmənçiliyi tətikləyən reaksiyalar
Ankaranın humanistliyinə işğalçı ölkədən təxribatçı, düşmənçiliyi tətikləyən reaksiyalar13-04-2020, 16:40 |
![]() İrəvan Türkiyəyə müraciətlə dərdinə əlac istədi, müsbət reaksiya görüncə sözünü dandı; erməni mediasında antitürk yazıları artdı; politoloqdan maraqlı şərh... Türkiyənin koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Ermənistana dərman preparatları göndərəcəyi barədə xəbər Azərbaycanda birmənalı qarşılanmayıb. Qeyd edək ki, bu haqda ilk rəsmi açıqlamanı prezident Rəcəb Tayyip Ərdoğanın mətbuat katibi İbrahim Kalın verib. Prezident sözçüsü deyib ki, Ermənistandan dərman yardımı ilə bağlı müraciət olub. “Prezidentimiz də koronavirus infeksiyası ilə bağlı həmin müraciətə müsbət cavab verib və Səhiyyə Nazirliyimiz dərmanları göndərir” - Kalın əlavə edib. Rubrika.Az-ın musavat.com-a stinadən xəbərinə görə, Türkiyənin xoşməramlı mövqeyinə isə Ermənistandan fərqli reaksiya gəlib. Ermənistan XİN iddia edib ki, rəsmi İrəvan Ankaraya dəstək xahişi ilə müraciət etməyib. Erməni mediası da həyasızcasına bunu Türkiyənin “təxribatı” kimi təqdim edib və İrəvana yardımın Ərdoğana lazım olduğu barədə sərsəm fikirlər irəli sürüb. Ankaranın açıqladığı kimi, Türkiyə dar ayaqda bütün ölkələrə yardım əlini tarix boyu uzadıb və xoşməramlı ənənəsinə yenə də sadiqdir. Bənzər yardım təklifi İsrail, ABŞ, Rusiya və digərlərinə də ayrı-ayrı vaxtlarda edilib. İndiki həssas dönəmdə, bəşəriyyətin COVİD-19 sınağına tuş gəldiyi vaxtda və Ermənistanın da pandemiyaya qarşı mübarizə aparmaqda acizliyini nəzərə alan qardaş ölkə İrəvanın xahişini yerə salmayıb humanist addım atmağa qərar verib. Ancaq yenə də ermənilər öz ənənələrinə sadiq qalaraq türkə nifrət mövqeyindən çıxış ediblər. Erməni deputatlar isə bəyan ediblər ki, erməni xalqı Ermənistanı blokadada saxlayan Türkiyədən heç bir yardım gözləmir və bu, müzakirə mövzusu deyil. Üstəlik, Ermənistan rəhbərliyi Türkiyənin bu mövqeyinin qarşılığında 24 apreli, saxta “soyqırım” gününü yada salıb və həmin gün koronavirus səbəbindən geniş ictimaiyyətin iştirakı olmasa belə, rəsmi tədbirin keçiriləcəyini bəyan edib. Musavat.com bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir. Erməni tərəf həyasızcasına iddia edir ki, 24 aprel ərəfəsində Ərdoğanın Ermənistana yardım göstərmək istəyir. Bir az da qabağa gedərək iddia ediblər ki, 23 apreldə Türkiyə prezidenti hətta ermənilərə kömək etdiyi barədə bəyanat vermək üçün zəmin hazırlamağa çalışır. Eyni zamanda, xəstə təfəkkürlü ermənilər yenə də Trampın 24 aprel müraciətinin necə olacağının intizarındadırlar - baxmayaraq ki, ABŞ prezidenti ölkəsində yaşanan COVİD-19 bəlası ilə mübarizənin yollarını arayır. Ermənistanın Türkiyəyə qarşı təxribatı bununla bitmir. Belə ki, Çin Xalq Respublikasından (ÇXR) Ermənistana göndərilən yardımın üzərində “Qoy bizim dostluğumuz Ararat (Ağrı - E.P.) dağından yüksək, Yantszı çayından uzun olsun” kimi əcaib fikirlər əksini tapıb. Ermənilər yenə də öz ampluasında olduqlarını nümayiş etdir, hətta pandemiya ilə mübarizə günlərində də Türkiyəyə qarşı ərazi iddiaları sürdürürlər. Belə durum az qala Türkiyə ilə Çin arasında diplomatik skandala səbəb olacaqdı. Hətta buna görə Çin səfiri Türkiyə XİN-ə çağırılıb, ondan izahat istənilib. ÇXR yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə üçün Ermənistana göndərilən humanitar yardıma aid yüklər tədarük ediləndə onların üstündə yalnız Çin dilində yazılar olub və Ağrı dağından bəhs edilməyib. AZƏRTAC Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ifadələr diplomatik orqanın açıqlamasında yer alıb. Bildirilir ki, mövzu ilə bağlı ÇXR-nin Ankaradakı səfirindən izahat istənilib. Yardım məhsullarının Çinin regionla rəhbərliklərindən biri tərəfindən tədarük edildiyini və bir özəl şirkət tərəfindən Yerevana çatdırıldığını bildirən səfir qeyd edib ki, Ağrı dağına aid işarələr ingilis dilində sonradan yüklərin üstünə əlavə olunub. Çinin diplomatik nümayəndəliyin rəhbəri ifadə edib ki, məsələ səfirlik tərəfindən araşdırılır və bu barədə nazirliyə əlavə məlumat veriləcək. Səfir ifadə edib ki, ÇXR Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə sayğı ilə yanaşır. Göründüyü kimi, Türkiyənin xoş niyyətinin qarşılığında Ermənistan və erməni diasporu öz işindədir, tarixi düşmənçilik ənənələrindən əl götürmək istəmir. Digər tərəfdən, hətta Dağlıq Qarabağda koronavirusun yayıldığı bu günlərdə işğalçı ölkə təxribatlarını davam etdirir. Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Belə bir durumda qardaş Türkiyənin ermənilərə dərman yardımı etmək niyyəti təbii olaraq razılıqla qarşılanmır. Düzdür, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ermənilərə dərman yardımı olsa-olsa, humanitar və siyasi məqsəd daşıya bilər. Elə İbrahim Kalın özü bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daha çox Ermənistanın xeyrinə olacaq. “Bu məsələdə mövqeyimiz çox aydındır. Ermənistan Azərbaycan topraqlarını işğal etməkdən əl çəkməlidir. Və bu, daha çox Ermənistanın xeyrinə olacaq”. Bunlar da cənab Kalın fikirləridir. Bu mənada Ankaranın Azərbaycanın maraqlarına zidd hansısa addım atmayacağına əminik. Yeri gəlmişkən, yazı hazırlanarkən Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib. “Türkiyə səlahiyyətliləri sadəcə 70-ə yaxın erməni vətəndaşın öz ölkələrinə qayıtmasını təmin edib”. Musavat.com xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib. H.Altınalan koronavirus infeksiyası ilə bağlı olaraq Türkiyənin Ermənistana yardım göndərəcəyi ilə bağlı mətbuatda yer alan xəbərə münasibət bildirərək, bu yardımın sadəcə, insanlıq adına olduğunu qeyd edib. “Türk səlahiyyətliləri insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edib. Bundan başqa yardım yoxdur” - diplomat bildirib. Amma yenə də sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarında Türkiyənin yardım istəyi barədə müzakirələr gedir. Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı qeyd etdi ki, Türkiyənin Osmanlı dövlətindən üzü bu yana gələn humanist ənənələri var: “Onlardan biri məgdura, köməksizə, ehtiyacı olana yardımlar etməkdir. Baxın, Türkiyənin özü koronavurusun girdabında qovrulduğu günlərdə belə, başqalarına yardım əlini uzadır. Bir neçə gün öncə Serbiyanın istəyi üzərinə oraya tibbi yardımlar göndərildi. Serbiyanın müsəlman boşnaklara və türklərə vurduğu yaralar hələ unudulmayıb. Türkiyə bütün bunlara rəğmən, humanist addımlarını atır. 90-cı illərdə Ermənistana da yardımlar edilmişdi. Araşdırma apararkən bu yaxınlarda 1918-ci ilə aid erməni mətbuatında belə bir xəbərə rast gəldim: “Azerbaycandan ermeni göçmenler üçün 90.000 ton buğda” Osmanlı hükümeti (Enver Paşa) Askeri bakanının əmrinə görə, Qərbi Ermənistan (Şərqi Anadolu nəzərdə tutulur) Azərbaycan Cumhuriyətindən (Erməni) hükümetine 90.000 ton buğda gönderilmesi təlimatı verilecek. “Joğovurd” qəzeti no.17, 10 oktyabr 1918 “. Baxın o zaman Ermənistan Azərbaycan və Türkiyəni özünə düşmən sayır, əhalimizin qanını tökür və bu da az bilinən tarixi həqiqətlərdir ki, eyni zamanda gedib İstanbulda Ənvər Paşa və Tələt Paşa ilə görüşərək onlardan yardım istəyirdilər. Bunlarla bağlı da əlimdə çox ciddi faktlar var və inşallah bunları ictimaiyyətə açıqlayacağıq. Deməyim odur ki, erməninin “quyruğu qapı arasında qalanda” yalvarıb, indi də kim deyirsə ki, Ermənistan yardım üçün Türkiyəyə müraciət etməyib, inanmayın! Ermənistan XİN rəhbəri də o cümlədən”. Q.Çaxmaqlı qeyd etdi ki, Türkiyənin Cumhurbaşqanı sözçüsü İbrahim Kalın belə müraciətin edildiyini bildirib və diplomatiya qaydalarına uyğun olaraq deməlidir ki, Türkiyə bu müraciətə müsbət cavab verəcək”. Amma Ermənistan bunu haqq edirmi? Q.Çaxmaqlı: “Bu, başqa bir sualdır. Əlbəttə, Ermənistan yardımların göndərilib-göndərilməyəcəyindən asılı olmayaraq “24 aprel” idelogiyasından vaz keçməyəcək, işğalçılıq niyyətindən də əl çəkməyəcək, yaxınlaşan 24 aprel provakasiyasını davam etdirəcək, Şuşanın “qurtarılmasını” bayram edəcək, Dağlıq Qarabağda işğalı davam etdirəcək, Naxçıvana iddialarını davam etdirəcək. Məgər bunları bilmirik? Bilmirik ki, Ermənistan ona ediləcək jestlərdən sonra hər hansı güzəştə getməyəcək? Əlbəttə, mən bu fikirdəyəm ki, Ermənistanın siyasəti doğru oxunacaq və ona uyğun da siyasət yürüdüləcək. Qardaş Türkiyə böyük düşünən ölkədir. Onun Azərbaycanın maraqlarına zərbə vuracaq hər hansı addım atacağına inanmaq mümkün deyil”. Bu arada Azərbaycanın işğal altındakı ərazilərində mövcud olan separatçı rejim koronavirus təhlükəsi ilə əlaqədar olaraq “fövqəladə rejim”in tətbiqinə qərar verib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı separatçıların başçısı Bako Saakyan bununla bağlı qərar verib, bu da növbəti təxribatdır. Separatçı və işğalçı tərəf “seçki” iddiasından əl çəkmir. Sabah - 14 apreldə Qarabağda “seçki” şousunun ikinci turu keçiriləcək. Bəs ATƏT üzvü olan Türkiyə Qarabağla bağlı tələblərdə buluna, heç olmasa koronavirusdan qorumaq üçün Kəlbəcər girovlarının azadlığını tələb edə bilməzmi? Politoloq qeyd etdi ki, Qarabağdakı “seçki”lərin sadəcə olaraq bir oyun olduğu qənaətindədir: “Hətta bu tədbirin fövqəladə vəziyyətdə belə aparılması da bizim qənaətimizin təsdiqidir. Əlbəttə, dövlətlər arasında, liderlər arasında danışıqlar zamanı belə tələblər səsləndirilə bilər. Amma bizim həyasız bir dövlətlə işimiz olduğundan belə tələblərin nə dərəcədə effekt verəcəyinə inanmıram. Bir vaxtlar Dilqəmlə Şahbazın məsələsi qaldırılanda Ermənistan rəhbəri demişdi ki, biz Qarabağın işinə qarışa bilmirik, çünki onlar başqa dövlətdirlər. Bu məsələrlə bağlı tələb irəli sürmək üçün həmin dövlətin səndən asılı məsələləri olmalıdır, o, səndən qorxmalıdır ki, tələbini yerinə yetirsin. Mən həmişə o fikirdəyəm ki, həm beynəlxalq səviyyədə, həm də bizim özümüzün tərəfindən Ermənistan təzyiq altında deyil”. Belə görünür ki, İrəvanın Türkiyəyə müraciətlə dərdinə əlac istəməkdə məkrli niyyəti olub. Belə ki, Ermənistan Türkiyədən müsbət reaksiya görüncə sözünü danıb, əks təqdirdə Ankaranı gözdən salmaq üçün şivən salacaqdılar. Necə ki, vaxtilə Türkiyə ermənilərin “soyqırım” iddialarının qarşısında “buyurun, arxivləri açırıq, tarixçilər birgə araşdırsın” təklifini verəndə ermənilər bundan qəti imtina etdilər, yalanlarının üstü açılır, deyə... P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə dəstəyi çərçivəsində hazırlanıb. Rubrika.Az Geri qayıt |