Əsas Səhifə > Müsahibə > Varlılar da “ağlayır”- azərbaycanlı milyarderlərin virusdan zərərləri

Varlılar da “ağlayır”- azərbaycanlı milyarderlərin virusdan zərərləri


23-04-2020, 15:10
Varlılar da “ağlayır”- azərbaycanlı milyarderlərin virusdan zərərləri

Ciddi maddi itkiyə məruz qalan da var, gəlirini artıran da...

Rubrika.Az musavat.com-a istiandla bildirir ki, neft qiymətlərinin ucuzlaşması, koronavirus pandemiyasının yaratdığı böhranın Rusiyada yaşayan Azərbaycan əsilli milyarderlərə fərqli təsirləri müşahidə olunur. Onların bəziləri xeyli məbləğdə itkiyə məruz qalır, gəlirlərindən məhrum olur, bəziləri isə sərvətini daha da artırır.

Gəlirlərindən məhrum olanlardan biri Rusiyanın ikinci böyük neft şirkəti olan “Lukoyl”un prezidenti Vahid Ələkbərovdur. Martın 10-da Ələkbərov 1 gündə 2,8 milyard dollar sərvətindən məhrum olmaqla dünyada rekord “əldə edib”. Bu barədə “Forbes” jurnalı məlumat yayıb. “Lukoyl”un vitse-prezidenti Leonid Fedun isə həmin gün 1,2 milyard dollar itirib.

V.Ələkbərov mart ayı ərzində sərvətinin 5,1 milyard dollarını itirməli olub. Beləliklə də onun varidatının həcmi 14,6 milyard dollara qədər azalıb. "Bloomberg Billionaires Index"ə əsasən "Lukoyl"un rəhbəri ilin əvvəlindən 7,69 milyard dollar itirib.

Qeyd edək ki, “Lukoyl” şirkətinin və onun prezidentinin adı ilin əvvəlindən bəri Rusiyanın dövlət neft şirkəti olan “Rosneft”in rəhbəri İqor Seçinlə ciddi qalmaqalda hallanmaqdadır. Martın əvvəlində Rusiya OPEK+ razılaşmasından çıxanda bu iki şəxsin məsələyə münasibətində çox kəskin fərqlər özünü büruzə vermişdi. İ.Seçin Rusiyanın hasilatı azaltmamaqda haqlı olduğunu bildirərək, ölkənin bazarda qiymətlərin düşməsindən ciddi çətinlik çəkməyəcəyini iddia edirdi. “Lukoyl” rəhbərliyi isə əksinə, hasilatın azaldılması sazişinin davam etdirilməsinə tərəfdar çıxmaqla, Rusiyanın Səudiyyə Ərəbistanı tərəfindən başladılan qiymət müharibəsindən çox böyük itkilərə məruz qalacağını proqnozlaşdırmışdı. Hadisələrin gedişatı göstərdi ki, “Lukoyl” rəhbərliyi haqlı imiş – martın əvvəlində hasilatı gündəlik 500 min barel azaltmağa razılaşmayan Rusiya bir aydan sonra 2,5 milyon barel azalmanı nəzərdə tutan yeni sazişi beşəlli dəstəkləməli oldu.

Neft bazarında yaranmış böhran Vahid Ələkbərovla İ.Seçin arasındakı ziddiyyətləri müəyyən müddətdə diqqətdən yayındırıb. Lakin müşahidəçilər hesab edirlər ki, neft bazarı stabilləşməyə başlayan kimi münaqişə yenidən alovlanacaq. İndiyədək bir sıra böyük iş adamlarını sıradan çıxaran Seçinlə münaqişənin V.Ələkbərova ciddi zərər vuracağı gözlənilir.
Yeri gəlmişkən, Azərbaycanda biznes maraqları olmasına baxmayaraq, V.Ələkbərov heç vaxt doğulub böyüdüyü ölkənin həyatında iştirak etməyib.

Rusiyada fəaliyyət göstərən daha bir Azərbaycan əsilli biznesmen-milyarder Araz Ağalarov da böhrandan ciddi zərər çəkənlər sırasındadır. Onun “Crocus Group” ticarət qrupu fəaliyyətini dayandırdığına görə böyük maddi itkilərlə üzləşib. Bir neçə gün əvvəl Rusiya mətbuatına danışan Ağalarov şirkətini “batan gəmi”yə, özünü isə gəmini xilas etmək üçün imkanları olmayan kapitana bənzədərək, dövlətdən yardım istəyib. Yardım dedikdə isə o, azı 2 aylığa Əlavə Dəyər Vergisindən azadolmanı nəzərdə tutur.

Moskvanın “əmlak kralları” adlandırılan, əslən Azərbaycandan olan milyarderlər Qod Nisanov və Zarah İliyevin isə işləri pis getmir. Düzdür, pandemiyaya görə Moskvada əmlak bazarında fəallıq kəskin azalıb. Lakin əvəzində biznesmen dostların “Food Sity” adlı nəhəng kənd təsərrüfatı ticarət mərkəzinin gəlirləri artıb. Karantin tədbirləri çərçivəsində fəaliyyətini davam etdirəcək müəssisələr sırasında olan mərkəzdə ticarət dayanmayıb.

Onu da qeyd edək ki, Rusiyadakı Azərbaycan əsilli biznesmenlərdən Q.Nisanov, Z.İliyev, Fərhad Əhmədov, İsgəndər Xəlilov koronavirus pandemiyasında qarşı mübarizədə Azərbaycan dövlətinə maddi dəstək veriblər. Onlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər. V.Ələkbərov və A.Ağalarovun adına isə Fonda vəsait köçürənlər arasında rast gəlinmir.

Rubrika.Az
Geri qayıt