Əsas Səhifə > Manşet > Şamaxılılar öz başçılarını dar gündə tanıdılar, inandılar, sevdilər… — T.Məmmədovun fəaliyyəti ona böhtan atanlara verilən ən yaxşı cavabdır
Şamaxılılar öz başçılarını dar gündə tanıdılar, inandılar, sevdilər… — T.Məmmədovun fəaliyyəti ona böhtan atanlara verilən ən yaxşı cavabdır3-05-2020, 22:46 |
![]() 2018-ci ilin aprelindən sonra Azərbaycan mahiyyətcə yeni dövrə qədəm qoydu. Xalqın iradəsi ilə yenidən ölkənin ən ali kürsüsünə seçilən İlham Əliyev ölkədə bütün sahələri əhatə edən islahatlar paketini elan etdi. Bir çoxlarının hətta “ağ inqilab” adlandırdıqları yeni dövrdə respublikanın sosial-iqtisadi həyatından tutmuş kadr məsələlərinə qədər bütün sahələr kökündən dəyişdirildi. Çoxlarının toxunulmaz hesab etdiyi “ağır çəkili” məmurlar bər-bəzəkli kabinetlərindən yaxşı halda sərbəst ,pis halda isə DTX-nın “qara maskalılar”ının müşayiəti ilə çıxarıldılar. Hamıya aydın oldu ki,daha yuxarılar əvvəlki qaydada idarə etmək istəmirlər... Təsadüfi deyil ki,Prezidentin göstərişlərinə məhəl qoymayan bir çox “balaca padşahlar” vəzifədən alındılar. Ən son Biləsuvarın icra başçısı qırmızı yüzlüklərin oduna yandı. Etdiyi əməllərin xəcalətini DTX-nın zirzəmisində çəkən “Mahir Quliyev dərsi” yəqin ki, çoxları üçün bir siqnaldır. 2018-ci ilin oktyabrında islahatların elə ilk mərhələsindəcə Şamaxı rayon icra hakimiyyətində kadr dəyişikliyi edildi və Tahir Məmmədov rayona rəhbər təyin edildi. Prezidentin yeni formalaşdırdığı komandada ilk təyinatlardan biri olan bu təyinat özlüyündə çox böyük şərəf və məsuliyyət demək idi. Tahir Məmmədov ötən müddət ərzindəki fəaliyyəti ilə sübut etdi ki, o bu məsuliyyəti dərindən dərk edir. T.Məmmədovun təyinatından az sonra Şamaxıda zəlzələ baş verdi. Dövlət başçısının, Birinci vitse-prezidentin xüsusi diqqət yetirdiyi fövqəladə hadisə rayona yenicə başçı təyin olunmuş Tahir müəllim üçün ilk sınaq oldu. Elə bu sınaq zamanı göstərdiyi əzmkarlıqla, məsuliyyətlə, təkcə məmur kimi yox, həm də bütünlüklə insani keyfiyyətləri ilə rayon sakinlərinin dərin hörmətini qazandı. O günləri xatırlayanlar yaxşı bilir ki, T.Məmmədov ziyan çəkən hər bir ailənin qayğıları ilə yaşadı-heç kim özünü tək sanmadı. Elə cənab prezidentin o günlər verdiyi tapşırıqların da çevik,operativ həyata keçirilməsi dediklərimizin təsdiqidir. 2019-cu ilin soyuq fevral günləri Şamaxı sanki bir qərargah , tikinti meydançası idi. Bu sınaq günlərində T.Məmmədov həm cənab prezidentin yüksək etimadını doğrultdu,həm də şamaxılıların inamını qazandı. “Dost dar gündə sınanar” məsəlində olduğu kimi şamaxılılar da öz başçılarını elə dar gündə tanıdılar,inandılar,sevdilər... Tahir müəllimin o çətin günlərdə təmkinli və inamlı davranışı hər bir rayon sakininin dövlətə olan etimadını daha da mətinləşdirdi. O, prezidentin bir sadiq əskəri kimi yorulmadan çalışdı-kabinetini tikinti meydanlarına dəyişdi. Məhz bu iradənin,yorulmaz fəaliyyətin məntiqi nəticəsi olaraq zəlzələnin fəsadları qısa zaman kəsimində aradan qaldırıldı. Ötən müddət ərzində zəlzələnin fəsadları demək olar ki, aradan qaldırılıb, çoxsaylı təmir-tikinti işləri aparılıb, yeni istehsal müəssisələri,turizm obyektləri açılıb, aqrar sahənin dinamik inkişafını təmin etmək üçün tədbirlər görülüb. Sosial izolyasiya dövründə hər bir şamaxılı dövlətin güclü himayəsini hiss etdi. Az təminatlı ailələrə rayon rəhbərliyi tərəfindən mütəmadi yardımlar göstərilir, 65 yaşdan yuxarı sakinlərin bütün problemləri həll edilir. T.Məmmədov şəxsən rayonda hər bir sakinin çətinliklərinin qarşılanmasına nəzarət edir, şikayət və xahişlərini nəzərə alır. İnamla söyləmək olar ki, zəlzələdən sonra Şamaxı rayon rəhbərliyi daha bir sınaqdan üzüağ çıxmağı bacardı. T.Məmmədov hər zaman dövlətin, cənab Prezidentin sadiq əsgəri olaraq fəaliyyət göstərib. Ulu Öndərin siyasi kursuna sədaqət, xalqa xidmət onun həyat amalıdır. Məhz bu keyfiyyətlər onu xarakterizə edən xüsusiyyətlərdir. Hər qarışı abadlaşan,çiçəklənən Şamaxının zəhmətkeş insanları sabaha nikbin baxışlarla baxırlar. Bu gün rayonun qayğıları ilə yaşayan, uğurları üçün yorulmadan çalışan bir komanda fəaliyyət göstərir. Bu T.Məmmədovun əzmkarlığının, yurda bağlılığının məntiqi nəticəsi, həm də böyük etimada,dövlətə və xalqa olan sevginin təzahürüdür. Amma bu qədim diyarın müasir inkişafını gözü götürməyənlər, hər işdə nöqsan axtaranlar yenə də öz ampulasındadır. Özlərini “millət fədaisi” hesab edən bu “mirzəciklər” sağa-sola iftira, böhtan yaymaqla məşğuldurlar. Son günlər bir sıra media portallarında Şamaxı rayonu, həmçinin icra başçısı T.Məmmədov haqqında uydurma informasiyalar tirajlanır. Faktlara söykənməyən, reallığı əks etdirməyən bu yazılarda həyasızcasına rayonda görülən işlərin üstündən xətt çəkilir, guya dövlət başçısının tapşırıqlarının yerinə etirilmədiyi iddia edilir. Tahir Məmmədovu tanıyanlar onun hansı xarakterə məxsus olduğunu çox yaxşı bilirlər və ona inanırlar. Elə şamaxılıların inandığı kimi. Bir daha qeyd edirik ki, Şamaxıda görülən işləri danmaq üçün ən azından kor olmaq gərəkdir. Heç bir əsası olmayan məlumatlarla rayon rəhbərliyinə iftira atmaq əxlaqa,mənəvi dəyərlərə sığan bir iş deyil. Guya səs yazısı yaymaqla T.Məmmədova zərbə vuracağını zənn edənlər bilməlidir ki, bütün bunların rayon rəhbərliyinə heç bir aidiyyatı yoxdur və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. T.Məmmədovun fəaliyyəti ona böhtan atanlara verilən ən yaxşı cavabdır. Hansı vəzifədə olmasından asılı olmayaraq dövlətə sədaqət,xalqa xidmət prinsipləri onun ali məramı olub. Bu isə dünyada ən böyük məqsəddir! NİCAT MAHMUDOV Rubrika.Az Geri qayıt |