Əsas Səhifə > Gündəm > Azərbaycan xalqı öz Liderini qürurla xatırlayır
Azərbaycan xalqı öz Liderini qürurla xatırlayır10-05-2020, 14:01 |
|
Xalqının bu tükənməz sevgisi halalın olsun! Bu gün müasir Azərbaycan dövlətçiliyinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ölkəmizdə təntənə ilə qeyd edilir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Heydər Əliyev dünyanın nadir tarixi şəxsiyyətlərindəndir. O, hamının qəlbinə yol tapmağı bacarır, onların təsəvvüründə dərin iz qoyurdu. Təkrarsız heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti və nəzəri biliyi ulu öndəri yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında da fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir. Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Heydər Əliyevin ən böyük sərvəti ona olan ümumxalq sevgisi idi. Bu gün-anadan olmasının 97-ci ildönümündə də qədirbilən xalqımız öz Liderinə olan sevgisini bir daha nümayiş etdirir. Leysanlı hava şəraitinə,karantin rejminə baxmayaraq axın-axın insan dəstəsi Fəxri Xiyabana-böyük xilaskarın,unudulmaz Liderin məzarının ziyarətinə gəlir. Mən özüm Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edətkən bu böyük sevginin bir daha şahidi oldum. Allah Ümummilli Liderimizə rəhmət eləsin. Xalqının bu tükənməz sevgisi halalın olsun! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |