Əsas Səhifə > Cəmiyyət > Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?

Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?


28-05-2020, 16:24
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?

10 mart tarixində Rusiya Dövlət Dumasının iclasında planetin ilk kosmonavt qadını Valentina Tereşkova Konstitusiyaya dəyişiklik təklifini verəndən sonra Rusiya mətbuatında Sovet İttifaqı Qəhrəmanı qadın çox böyük tənqidlərə məruz qaldı. Tereşkova sanki yenidən kosmosa uçurmuş kimi, hər kəs ondan danışmağa başladı. Və Tereşkovanın əmlakı da hədəfə gəldi, məlum oldu ki, qəhrəman xanım Xruşşovdan bəri bütün hakimiyyətlərin yanında olub və bir xeyli əmlakın sahibidir. Burda qəribə heç nə yoxdur, dünyanın ilk kosmonavt qadının zəngin olması təbiidir. Baxmayaraq ki, media bu sərvətə təəccüblənmişdi.

Rubrika.Az moderator.az-a istinadla bildirir ki, 2018-ci ilin deklarasiyasında göstərilib ki, Tereşkova 1314 kvadrat metr torpaq sahəsinə və orada 629 kvadrat metrlik evə sahibdir. Şəhərdə isə 90, 2 və 171, 2 kv.metr olan mənzilləri var. Tamam.
Başlığa baxanda fikirləşərsiniz ki, Tereşkova ilə Vilyam Hacıyevin nə əlaqəsi? Var. Yəqin oxucuların əksəriyyəti bilmir ki, Vilyam Hacıyev professional aviasiya işçisi olub. O, Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbində oxuyub, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. V.Hacıyev uzun müddət Gəncə aeroportunda mülki aviasiya işçisi kimi fəaliyyət göstərib. Kosmonavt olmağı ola bilsin ki, gənclik illərində arzulayıb, amma müstəqil Azərbaycanda icra başçısı olmağın kosmonavtdan üstün olduğunu tez anlayıb və 18 il ərzində üç rayonun icra başçısı olmaqla dünyanın bütün kosmonavtlarından daha varlı olacağını dəqiq bilib. Azərbaycanda buna münbit şəraitin olduğuna son aylarda tutulan və tutulmayan icra başçılarının sərvətləri açıqlananda tam əmin olursan. Adamın Tereşkovaya, Aya uçan amerikalı astronavtlara yazığı gəlir.

Yəqin, indi aeroporta yaxın yerdə saxlanılan V.Hacıyev hərdən uçan (indi Pandemiyaya görə uçuşlar azalıb) təyyarələrin səsini eşidəndə mütləq fikirləşir ki, kaş sonadək mülki aviasiya işçisi olaydım. Allah qapısını açsın. Zatən özü də məhkəmədən çıxanda yaxınlarına deyib ki, “narahat olmayın, tezliklə haqq-ədalət yerini tapacaq”. İndi də söz-söhbət gəzir ki, o pulları Vilyam Hacıyev daha yaxşı gəliri olan vəzifəyə təyinat almaq üçün sözü yuxarılarda keçən bir vəzifəli şəxsə çatdırmalı imiş. Sənə lazım idi bu, Vilyam Hacıyev? Oturmuşdun də xan Arazın qırağında. Tərəkəmə quzularının kababından yeyib, uzanıb kosmosa baxar, gəncliyini yada sala bilmirdin?

P.S. Hələ bir kosmonavt da var - Juqderdemedi Qurraqça. Monqolustanın ilk və son kosmonavtı. Ölkəsinin müdafiə naziri də olub. İki mənzili və iki avtomobili var. Sərvətləri açıqlanan, amma vəzifəsində qalan bizim bir icra başçısının avtoparkındakı maşınların dəyəri kosmonavtın bütün əmlakından çoxdur. Yeri gəlmişkən, Juqderdemedi ölkəsinin akademiyasında astroparkın rəhbəri vəzifəsindədir.

P.S.S. Göynən uçan məmurların oxuması məsləhət deyil.

Rubrika.Az
Geri qayıt