Əsas Səhifə > Siyasət > Azərbaycanın artan gücü əleyhdarlarımızı qıcıqlandırır
Azərbaycanın artan gücü əleyhdarlarımızı qıcıqlandırır8-06-2020, 12:31 |
![]() lkəmiz regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatında mühüm yer tutur Müstəqillik əldə etdikdən sonra Azərbaycanın iqtisadi potensialı qat-qat güclənib. Ölkənin neftdən əldə etdiyi gəlirlərin mühüm bir hissəsi iqtisadiyyatın, infrastrukturun inkişafı, sosial təminatın gücləndirilməsinə sərf edilib. Eyni zamanda Azərbaycan öz neft-qazını Avropaya daşıyan kəmərlər şəbəkəsinin çəkilməsinə nail olub. Ötən müddət ərzində ölkə çoxlarına xəyal kimi gələn iki böyük layihəsini uğurla reallaşdırmağı bacarıb. Bu gün istər regionun, istərsə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsinin tarixi heç də uzaqda deyil. Bu, həm daxili, həm də xarici çoxsaylı çətinliklərin olduğu, Ermənistanın işğalı nəticəsində 1 milyon vətəndaşının problemləri ilə təkbaşına mübarizə aparmalı olan Azərbaycanın ən yeni tarixinə təsadüf edirdi. Beləliklə, 1994-cü ildə dövlət müstəqilliyini üç il əvvəl elan etmiş Azərbaycanın ilk dəfə olaraq Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini dəvət etməsi nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. Ən əsası isə bu, Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması ilə müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Bu yol bütün regionun enerji xəritəsini dəyişməyin başlanğıcı oldu. Azərbaycan prezidentinin də bildirdiyi kimi, Azərbaycanın enerji strategiyasının birinci hədəfi ölkəmizin enerji təhlükəsizliyini, dövlət maraqlarını təmin etmək və əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarını hasil etmək idi. Sonrakı mərhələdə ixrac kəmərlərinin inşası ilə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Nəticədə neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir və ölkəmizə aid olan enerji ehtiyatlarının nəqlində iştirak edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir. Nəticə etibarilə artıq Azərbaycan neft ixrac edən ölkə statusu qazanmaqla bərabər, Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının Avropa bazarlarına çatdırılmasında tranzit ölkəyə də çevrilib. Gələcək enerji strategiyasını təbii qaz resurslarının ixracı üzərində quran Azərbaycan hazırda çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirir. Ümumi dəyəri 40 milyard dollara yaxın olan layihədə hazırkı mərhələdə 7 ölkə iştirak edir, gələcək illərdə ən azı daha 3 ölkə də bu layihəyə qoşulacaq. "Cənub Qaz Dəhlizi" Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaradıb. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin Albaniyadan gedir. "Cənub Qaz Dəhlizi"nin əsas tərkib hissəsi olan Transanadolu Qaz Boru Kəmərinin (TANAP) 2019-cu il noyabrın 30-da istismarına başlanıb. TANAP mahiyyətcə Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik nəhəng enerji dəhlizinin, Cənub Qaz Dəhlizinin bel sütunu və ən önəmli hissəsi hesab olunur. Yunanıstan sərhədində TANAP-la birləşəcək Transadriatik qaz boru kəməri (TAP) işə başladıqdan sonra tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Dəhlizin digər hissəsi olan TAP layihəsinə Azərbaycanın bəxah qonşuları da daxil olmaqla, çoxsaylı maneələr yaradılsa da, Azərbaycanın qətiyyəti sayəsində bu layihə də uğurla icra olunmaqdadır. Artıq TAP-ın tikintisi üzrə işlərin 93 faizdən yuxarısı başaçatdırılıb. Bu ilin sonunadək kəmərin işə salınması və Azərbaycan qazının İtaliyaya çatdırılması nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin əhatə etdiyi 7 ölkədən 3-ü Avropa İttifaqını təmsil edir. TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşurutundan Avropaya - TAP xəttinə birləşir və oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina xətti üzərindəki ölkələri də əhatə edir. Qarşıdakı illərdə TANAP-ın nəqletmə qabiliyyətini əvvəlcə 16 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Son dövrlər aşağı karbonlu enerji mənbəyi kimi təbii qaza artan tələbat yeni layihələrin reallaşmasını və qaz sənayesinin inkişafını təmin etməklə yanaşı mənbə və marşrutların diversifaksiyasını da aktuallaşdırmaqdadır. Bu layihələrin əhəmiyyəti də təkcə onların Türkiyə, Azərbaycan xalqlarına və digər qonşu xalqlara gətirəcəyi fayda ilə məhdudlaşmır, bu layihələr həm də Avropanın enerji təhlükəsizliyinə müsbət tövhələr verir. İndiyədək Avropanın enerji təhlükəsizliyini təmin etmək, enerji mənbələrinin diversifikasiyasına nail olmaq məqsədilə fərqli platformalarda müxtəlif layihələr müzakirə edilib, müvafiq layihələndirmə işləri aparılıb, lakin texniki, maliyyə şərtləri və siyasi amillər bu kimi layihələrin real icrasına imkan verməyib. Azərbaycan bu layihələr üçün uyğun konyuktur şəraiti formalaşdırmaqla Avropa üçün də enerji təhlükəsizliyində yeni üfüqlər açmış oldu. Avropanın, xüsusilə də Cənub və Cənub-Şərqi Avropanın enerji təminatı əksər hallarda yalnız bir mənbədən asılıdır. Məhz sağlam enerji mənbələrinə malik olmaq, həm də özünün iqtisadi müstəqilliyinə tövhə vermək baxımından bu layihələr region ölkələri üçün əvəzsiz rol oynayacaq. Azərbaycanın qaz layihələrindən bəhrələnən Türkiyə artıq enerji təchizatında ciddi diversifikasiyaya nail olub. Belə ki, 2019-cu ilin martında Türkiyə qaza olan tələbatının 33 faizini Rusiya hesabına ödəyirdisə, ötən 1 ildə bu ölkədən qaz idxalını 72 faiz azaltmağı bacarıb. 2020-ci ilin martında Türkiyə Rusiyadan cəmi 389,7 milyon kubmetr qaz alıb ki, bu, onun ehtiyaclarının 9,9 faizini ödəyib. Türkiyənin satın aldığı qazın 23,45 faizi məhz Azərbaycanın payına düşür. Növbəti yerlərdə Qətər (19,95 faiz), İran (14,15 faiz), Əlcəzair (13,69 faiz) yer alıb. Beləliklə, TANAP-la qaz almağa başlayan Türkiyə uzun illər boyu Rusiya və İrandan olan qaz asılılığından demək olar ki, tamamən qurtulub. Azərbaycan Prezidenti İlham Əliyev Pekində "Bir kəmər, Bir Yol" Forumunda bu layihələrin icra məqsədləri və Azərbaycanın oynadığı mühüm rola toxunaraq deyib: "Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var. Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır". Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində son illərdə həyata keçirilən ardıcıl islahatlar bəhrəsini verməkdədir. Bu gün ölkənin qeyri-neft sektorunda iqtisadi artım dinamikası neft sektorunu bir neçə dəfə üstələyib. Neft-qaz sektorundan əldə olunan gəlirlər hesabına ölkədə dayanıqlı səhiyyə, sosial təminat sistemi qurulub. Bunun nəticəsidir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı nəinki öz gücüylə effektiv mübarizə aparır, həmçinin digər ölkələrə də yardım edir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı bu məsələyə toxunub: "Bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər". Bununla da multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq. Azərbaycanın artan nüfuzu ölkəmizin regional və beynəlxalq səviyyədə dəstəklənməsində, ona göstərilən etimadda özünü büruzə verməkdədir. Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə olan etibarın və etimadın göstəricisidir. Azərbaycan dünyada artıq "orta miqyaslı" (middle power) ölkə kimi tanınır. İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış edib. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Bu qüvvələrin cəmləşdiyi Avropa Şurasının ölkəmizə qarşı qərəzli münasibətindən danışan Prezident İlham Əliyev xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumun tutduğu mövqeni qəti şəkildə pisləyib. Tərtər rayonuna səfəri zamanı çıxış edən dövlət başçısı Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini deyib, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: "Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır". Avropa Şurası Parlament Assambleyası-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb. Heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. O da məlumdur ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib. AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev deyib: "AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər. Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cəsarət etmir". AŞ və AŞPA-nın qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycan dünya, eləcə də Avropanın əksər qurumları ilə effektiv əməkdaşlığı davam etdirir. Ölkəmiz Avropanın, regionun enerji və iqtisadi təhlükəsizliyinə töhfə verməklə özünə qarşı yönələn hücumları layiqincə cavablandırmış olur.(musavat.com) Rubrika.Az Geri qayıt |