Əsas Səhifə > Gündəm > Vilayət Eyvazovun bütün həyatı xalqa, dövlətə və liderə şərəfli sədaqət simvoludur

Vilayət Eyvazovun bütün həyatı xalqa, dövlətə və liderə şərəfli sədaqət simvoludur


12-06-2020, 23:02
Vilayət Eyvazovun bütün həyatı xalqa, dövlətə və liderə şərəfli sədaqət simvoludur

İnsanlara qarşı heyvani münasibət göstərən qərb polisi ilə müqayisədə Azərbaycan polisi humanizmin və insanlığın təntənəsidir

Bütün dünyanın Covid 19 pandemiyası ilə mübarizə apardığı, insanlığın sınağa çəkildiyi bu günlərdə Azərbaycan dövləti bir daha sübut etdi ki, onun siyaətinin mərkəzində ölkə vətəndaşı dayanır. Bu çətin günlərdə bütün dövlət strukturları vahid qüvvə kimi fəaliyyət göstərir, pandemiyadan minimum itki ilə çıxmaq uğrunda çaba sərf edirlər. Mübarizənin ön sıralarında isə həkimlərimiz və polis əməkdaşlarıdır. Öz həyatlarını təhlükə qarşısında qoyaraq karantin rejiminin tətbiq olunmasında, asayişin bərpasında polis əməkdaşlarının fədakarlığı xüsusilə qeyd edilməlidir.

Azərbaycan polisi bu çətin günlərdə bir daha sübut etdi ki, keçdiyi şərəfli,qəhrəmanlıqlarla dolu tarixi yola sadiqdir. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün polis əməkdaşları mümkün olan hər bir şeyi etdi. Hətta vətəndaş şıltaqlığı ilə üz-üzə də qaldı-amma təmkinini itirmədi. Dünyaya demokratiya dərsi keçən ölkələrin polis əməkdaşlarının öz vətəndaşlarına qarşı sərgilədiyi davranışı hamımız görürük. İnsanlara qarşı heyvani münasibət göstərən qərb polisi ilə müqayisədə Azərbaycan polisi humanizmin və insanlığın təntənəsidir. Xüsusi karantin günlərində polis əməkdaşlarının vətəndaşlara göstərdiyi yüzlərlə humanist əməlləri yada salmaq kifayətdir.

Hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını, sələflərinin ənənələrinə sədaqətliliyini gördük. Hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur.

Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarından hesab edilir.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində Azərbaycan polisi bu gün qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanları ölkəmizdə sabitliyin, insan və vətəndaş azadlıqlarının təmin olunmasında misilsiz xidmətlər göstərirlər. V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi, cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq-mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. Son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən zəruri tədbirlər hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə son dövrlər daxili işlər orqanlarında aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

Amma,görünür qazanılan uğurlar, görülən böyük işlər kimlərisə bərk narahat edir. Təsadüfi deyil ki, son günlər müxtəlif dairələr tərəfindən polis əməkdaşlarının xidməti fəaliyyətinə ləkə vurmağa, kölgə salmağa hesablanan addımlar atılır. Xüsusi karantin günlərində xidməti vəzifəsini həyata keçirən polis əməkdaşlarının təxribata çəkilməsi,cəmiyyətdə çaşdırıcı informasiyaların yayılması müxtəlif dairələrin məkrli planlarının tərkib hissəsidir. V.Eyvazovun rəhbərliyi ilə gündən-günə möhkəmlənən xalq-polis birliyi, qarşılıqlı etimad kimlərisə bərk narahat edir. Amma cənab Prezident öz çıxışında qətiyyətlə polisin fədakar fəaliyyətini qeyd etdi, yüksək qiymətləndirdi. Bu məkrli planlara verilən ən möhtəşəm cavab idi. Polis əməkdaşları yenə də hər zaman olduğu kimi dövlətimizin güclənməsi istiqamətində ön sıralarda durur. Azərbaycan polisi xalqına, dövlətinə olan sədaqətini verdiyi yüzlərlə şəhidin qanı ilə tarixə yazıb. Bu dünən də belə idi, bu gün də belədir!

Bütün təxribatlara, cəhdlərə baxmayaraq hər bir Azərbaycan vətəndaşı öz polisinin fədakarlığı ilə qürur hissi keçirir. Hər kəs qətiyyətlə əmindir ki, onun təhlükəsizliyi etibarlı əllərdədir. Azərbaycan polisi öz xalqına arxalandığı kimi xalqımız da öz qəhrəmanlarına güvənir və inanır. Biz sizinlə fəxr edirik, qəhrəman polislərimiz!

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt