Əsas Səhifə > Gündəm > Tapılan yeniyetmə qızlarla bağlı DİN və Baş Prokurorluqdan açıqlama

Tapılan yeniyetmə qızlarla bağlı DİN və Baş Prokurorluqdan açıqlama


20-06-2020, 13:09
Tapılan yeniyetmə qızlarla bağlı DİN və Baş Prokurorluqdan açıqlama

Daxili İşlər Nazirliyi ötən gün Masallı rayonunda itkin düşən qızlarla bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”ya bildirib ki, ötən gün axşam saatlarında itkin düşən 3 azyaşlıdan ikisinin valideyni polisə müraciət edib:

“Müraciətlə bağlı Masallı rayon polis şöbəsinin əməkdaşları əməliyyat- axtarış tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində azyaşlılar bu gecə saat üç radələrində Salyan rayonu ərazisində tapılıblar. Onlar rayon polis şöbəsinə gətirilərək valideynlərinə təhvil veriliblər. Hazırda valideynlərin heç bir şikayəti yoxdur. Uşaqlarda heç bir xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb”.

Xatırladaq ki, ötən gün Masallı rayonunun Şərəfə kəndi ərazisində 3 qız itkin düşmüşdü.

***

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, iyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən “Kamaz” markalı yük avtomobilinə miniblər.

Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 03 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.

İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.

Rubrika.az
Geri qayıt