Əsas Səhifə > Cəmiyyət > Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun əyani təsdiqidir

Prezident İlham Əliyevin təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun əyani təsdiqidir


29-06-2020, 15:43


Hələ ötən ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnən yeni virus infeksiyası pandemiyaya çevrildiyi ilk vaxtlardan etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı strateji xarakter daşıyan mübarizəyə başlanıldı. Dövlətimizin başçısı müvafiq tibbi-profilaktik tədbirlər görülməsi, lazımi diaqnostik və müalicəvi ləvazimatların alınması üçün ciddi addımlar atdı, uyğun strukturlara əvvəl qonşu İranla, daha sonra digər dövlətlərlə sərhəd– gömrük rejiminin epidemiya əleyhinə mərhələyə keçirilməsi, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilərək, karantin rejimində saxlanılması kimi mühüm tapşırıqlar verdi. Prosesin sonrakı istiqamətini düzgün müəyyənləşdirən ölkə rəhbəri mədəni- kütləvi tədbirlərin dayandırılması barədə vaxtında və çox düzgün qərar qəbul etdi.
Bütün bunlarla bərabər, respublikamızda pandemiya və qlobal böhran təhdidlərinə çevik reaksiya verilərək, COVİD-19-un iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsirli tədbirlərin gerçəkləşdirilməsinə başlanıldı.
Bu dövrdə koronavirusla mübarizənin kompleks və bir mərkəzdən idarə edilməsi məqsədi ilə Baş Nazirin rəhbərliyi ilə Operativ Qərargah və Koronavirusla mübarizəyə dəstək Fondu yaradıldı. Ölkənin ən yaxşı otellərində karantin şəraitində olan 15 mindən çox xaricdən təxliyə olunan vətəndaşımız tam dövlət hesabına saxlanıldı. “Yeni Klinika” da daxil olmaqla müxtəlif bölgələri əhatə edən 20-dən artıq klinika koranoviruslu xəstələrin müalicəsinə yönəldildi. Qısa müddətdə respublikada dezinfeksiyaedici vasitələr və tibbi maska istehsalına başlanıldı. Eyni zamanda, ölkə rəhbəri tərəfindən koronavirus infeksiyasina tutulan xəstələrin ixtisaslı müalicəsi üçün 6-sı dövlət, 4-ü özəl olmaqla10 yeni xəstəxananın tikilməsinə qərar verildi və bu məqsədlə 14,8 milyon manat, tibb avadanlığının alınması üçün isə 97 milyon manat ayrılması barədə sərancam imzalandı.
Yuxarıda qeyd edilənlərlə bərabər, dünyada COVID-19 pandemiyasına qarşı mübarizə aparılan ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə bu dəhşətli virusun aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn zəruri təşəbbüslər irəli sürülməyə və əməli addımlar atılmağa başlandı. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda dövlətimizin başçısının təşəbbüsü ilə bu təşkilatın ilk beynəlxalq qurum olaraq dövlət və hökumət başçıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzusunda fövqəladə Zirvə görüşü keçirildi.
Yeri gəlmişkən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların Zirvə görüşündə iştirakları, eyni zamanda, respublikamızın və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Həmçinin bu beynəlxalq tədbirin gerçəkləşməsi ilə bütün dünyada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynaması təsdiqini tapdı. Eyni zamanda, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizəyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etməsi, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu prosesə əvəzsiz dəstək verməsi nümayiş olundu.
Bunun ardınca Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil edildi. İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qoşulmama Hərəkatının videokonfransı dünya miqyasında ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsi kimi dəyərləndirildi.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi beynəlxalq aləmdə olduqca yüksək qiymətləndirilən bir təşəbbüsə çevrilib. Təsadüfi deyil ki, artıq BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib.
Yuxarıdakı fikri bir qədər də konkretləşdirib qeyd edim ki, müvafiq qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) müvafiq təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Artıq vurğuladığım kimi, 130-a qədər ölkənin təşəbbüsə dəstək nümayiş etdirməsi barədə Baş katibin ofisi məlumat yayıb. Xatırladım ki, bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.
BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Bunu təsdiqləyən digər bir tarixi hadisəyə də diqqət yetirməyi zəruri bilirəm. Belə ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanaraq, bu nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunub.
Əlbəttə, Azərbaycanın diplomatiya tarixində belə bir uğura imza atması son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət kimi tanınmasının parlaq ifadəsi idi.
Sonda diqqəti xüsusi önəm daşıyan bir cəhətə də yönəltmək istərdim. Belə ki, Prezident İlham Əliyevin yeni təklifini dəstəkləyən ölkələr tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda dövlətimizin başçısının Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülən və çox böyük ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Eyni zamanda, belə bir ideyanın gerçəkləşməsi COVID-19-a qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə biləcəyi əminliyini ifadə edir. Çünki bu gün beynəlxalq aləmin, o cümlədən ölkəmizin tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də dövlətimizin başçısının belə bir təşəbbüsü dünya dövlətləri ilə bərabər, cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir.

Söhrab HƏŞİMOV,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri



Geri qayıt