Əsas Səhifə > Səhiyyə > Xərçəngdən dünyasını dəyişən Təbəssümün müalicə aldığı hospitaldan iddialara cavab- Baş həkim danışdı
Xərçəngdən dünyasını dəyişən Təbəssümün müalicə aldığı hospitaldan iddialara cavab- Baş həkim danışdı30-06-2020, 16:21 |
![]() "Hospital Təbəssüm Məmmədovanın cənazəsini onun yaxınlarına təhvil verməkdən heç bir zaman imtina etməyib" Rubrika.az musavat.com-a istinadla bildirir ki, bir neçə gün öncə Bakıdakı məşhur hospitallardan biri olan “Bona Dea International Hospital”da xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova dünyasını dəyişdi. Mərhumun anası Elnurə Əsgərova sosial şəbəkələrdəki çıxışında hospitala borcu olduğu üçün qızının nəşini ala bilmədiyini deyirdi. E.Əsgərovanın sözlərinə görə qızının müalicəsinə görə hospitala son olaraq 38 min manat borcu yaranıb. 30 min ödəsə də qızının nəşini ona verməyiblər. Bu gün- iyunun 30-da “Bona Dea International Hospital”ın həkim heyyəti mətbuat konfransı keçirib. Hospitalın baş həkimi Cabir Gülmalıyev açıqlamasında bildirib ki, Təbəssüm Məmmədova xəstəxanaya yerləşdirilən zaman vəziyyəti ağır olub. Ona lazım olan bütün tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Baş həkim Təbəssüm Məmməmədovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına baş sağlığı verib. T.Məmmədovanın həkimi olmuş Altay Vəliyev də mətbuat konfransında çıxış edib. A.Vəliyev bildirib ki, xəstənin vəziyyəti ağır olduğu üçün ona göstərilən bütün tibbi müayinələrə reaksiya verməyib. Həkimin sözlərinə görə iki həftə ərzində R.Məmmədovanın səhhəti kəskin şəkildə pisləşib. Mətbuat konfransında bildirilib ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı mayın 5-də qanhayxırma və son 20 gündə 8 kq arıqlama şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstə və yaxınlarının yazılı razılığı əsasında müvafiq müayinələr aparıldıqdan sonra xəstəyə “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından zaman itirmədən kimyəvi müalicə başlanıb. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlanıb. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq, xəstə ağciyər çatışmazlığından iyunun 25-də gecə saatlarında vəfat edib. "Bona Dea Beynəlxalq Hospitalı" növbəti gün səhər saatlarında 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızının cənazəsini yaxınlarına təhvil verib. Qeyd edilib ki, hospital Təbəssüm Məmmədovanın cənazəsini onun yaxınlarına təhvil verməkdən heç bir zaman imtina etməyib. Təbəssüm Məmmədovanın ölüm faktı qeydiyyata alınandan sonra dərhal cənazəsi səhər saatlarında ailəsinə təhvil verilib. Mərhumun ailəsinin qəbul etdiyi maliyyə öhdəliklərinə dair bildirilib ki, hospitalın personalı xəstəni qəbul edən zaman maliyyə şərtləri ailəsinə izah edilib. Xəstənin yaxınları isə qeydiyyat zamanı “maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deyərək yazılı razılıq veriblər. Bununla belə, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq, ciddi şəkildə endirim tətbiq olunub. Endirimdən sonrakı məbləğ tam ödənilmədən, sadəcə sənədləşmə və prosedurlar bitdikdən sonra iyunun 26-da səhər saatlarında cənazə yaxınlarına təslim edilib. Mətbuat konfransında həkim, invaziv radioloq Nicat Alişev də çıxış edib. Həkim bildirib ki, Təbəssüm Məmmədova kəskin qanaxma ilə hospitala daxil olarkən onun əməliyyatını həyata keçirib. Onun sözlərinə görə, yanaşmanın dayandırılması ilə xəstə yenidən həyata qaytarılıb. Nicat Alişev qeyd edib ki, gördükləri işlər qarşısında ünvanlarına həqiqətə uyğun olmayan ittihamların səsləndirilməsi ədalətsizlikdir. Həkim bildirib ki, hospitala və həkimlərə qarşı səsləndirilən böhtan xarakterli fikilərə hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görüləcək. Mətbuat konfransında reanimatoloq Zaur Ağayev də çıxış edib. Z.Ağayev sosial şəbəkələrdə mərhumun ailə üzvlərinin səsləndirdiyi fikirlərə münasibət bildirib. Həkim qeyd edib ki, mərhumun ailə üzvlərinin T.Məmmədovanın vəfatından sonra qan içində olması fikirləri cəmiyyətdə çaşqınlıq yaradıb: "Bilməyən insanlar da bunu təəccüblə qarşılayır. Qeyd edim ki, bu cür xəstələrin ölümündən sonra ağzından, burnundan, ağ ciyərindən, hətta göz qişasından belə qan axır. Bu kimi fikirlər səsləndirmək əsassızdır". Hospitalın baş həkimi Cabir Gülmalıyev qeyd edib ki, mərhumun ailə üzvləri ilə olan danışıqlar, mərhuma göstərilən bütün tibbi müayinələr kameralar qarşısında baş verib. Onun sözlərinə görə səsləndirilən bütün iddiaları sübut edəcək videogörüntülər var. C.Gülmalıyev pul verilmədiyi üçün xəstənin cənazəsinin ailəsinə verilməməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Hamı deyir ki, pul verilmədiyi üçün mərhumun nəşi ailəsinə verilməyib. Amma heç kim demir ki, xəstə 17 gün reanimasiyada qalıb, amma heç bir ödəniş edilmədiyi üçün biz ona lazım olan tibbi yardımları göstərmişik. Əgər biz pulu düşünən olsaydıq, ödəniş edilmədiyi üçün müalicəni yarıda saxlayardıq. Başqa bir iddialar da var ki, guya xəstə dünyasını dəyişəndən sonra reanimasiyada saxlanılıb, öldükdən sonra morqa aparılmayıb. Bunların hamısı böhtandır. İstənilən vaxt bunu sübut edəcək kamera görüntüləri var". Rubrika.Az Geri qayıt |