Əsas Səhifə > Müsahibə > “DTX araşdırıb üzə çıxarmalıdır ki, Elmar Məmmədyarova bu rüşvətdən nə qədər çatıb”

“DTX araşdırıb üzə çıxarmalıdır ki, Elmar Məmmədyarova bu rüşvətdən nə qədər çatıb”


10-07-2020, 07:43
“DTX araşdırıb üzə çıxarmalıdır ki, Elmar Məmmədyarova bu rüşvətdən nə qədər çatıb”

Sərdar Cəlaloğlu: “Mümkün deyil ki, bir nəfər 30 ildə xarici ölkə vətəndaşlarından korrupsiya ilə əlaqədar milyonlarla pul qazana, Məmmədyarovun, Xələfovun bundan xəbəri olmaya”

“Xarici İşlər naziri Elmar Məmmədyarovun vaxtında təyin olunan xarici diplomatik korpusun tərkibi araşdırılmalıdır”.

Rubrika.az musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu TV Müsavatın “Canlı debat” verilişində Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı sərt açıqlamalar verib.

Onun fikrincə, diplomatik korpusun tərkibi araşdırılandan sonra hər şey üzə çıxacaq:

“Kim, hansı dövlətin xarici kəşfiyyat orqanı ilə əməkdaşlıq edib, kim hara “verbovka” olunub, bu adamlar təcili uzaqlaşdırılmalıdır. Onların yerinə saf, millətinə, xalqına sədaqətli həyatı bahasına dövlətini qorumaq istəyən insanlar həmin vəzifələrə təyin olunmalıdır”.

S.Cəlaloğlu hesab edir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi bu əməliyyat kiçik bir girişdir.

Onun sözlərinə görə, hər şeyə kiçik bir əməliyyatla start verilir:

“Əvvəl-əvvəl kiçik bir əməliyyat olaraq başlayırlar. Sonra bu proses davam edəcək. İndi ifadə verirlər. Biri deyir ki, 10 faiz mənə çatıb, digəri deyir, digər 10 faiz mənə çatıb. İndi DTX araşdırıb üzə çıxarmalıdır ki, yerdə qalan 80 faiz kimə çatıb? Məmmədyarova nə qədər çatıb? Burada mümkün deyil ki, bir nəfər 30 ildə xarici ölkə vətəndaşlarından korrupsiya ilə əlaqədar milyonlarla pul qazana, Məmmədyarovun, Xələfovun bundan xəbəri olmaya. Bunların hamısı pay alırlar. Bu, qurulmuş çetedir”.

ADP sədrinin sözlərinə görə, Xarici işlər naziri Dağlıq Qarabağ məsələsində də peşəkar fəaliyyət göstərə bilməyib.

S.Cəlaloğlu hesab edir ki, əslində, nazir müəyyən sənədləri hazırlayıb, İlham Əliyevə təqdim etməli idi:

“İlham Əliyev də beynəlxalq tədbirlərdə bu məlumatlar, sənədlər əsasında çıxış etməli idi. Amma təşəbbüskarlıq İlham Əliyev tərəfindən edilir. Bu da onu göstərir ki, Elmar Məmmədyarovun bu sahə ilə heç bir əlaqəsi yoxdur. Bu kadrların hamısını kim təyin edib zamanında? Rusiyanın xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən şəxsləri kim gətirib Xarici İşlər naziri qoyub? Kim gətirib Baş nazirin müavini, parlamentə sədr qoyub? Kim gətirib orduya, prokurorluğa yerləşdirib? Bu adamın kimliyini tapmalıyıq. Çünki bu, böyük bir şəbəkədir”.

Rubrika.Az
Geri qayıt