Əsas Səhifə > Gündəm > Düşmən çarəsiz durumdadır: Rəsmi Bakı Ermənistanda baş verənləri Paşinyandan daha yaxşı bilir
Düşmən çarəsiz durumdadır: Rəsmi Bakı Ermənistanda baş verənləri Paşinyandan daha yaxşı bilir16-07-2020, 20:28 |
![]() Himayədarlarını itirib, təklənmiş vəziyyətə düşən rəsmi İrəvan bundan sonra Ermənistanın Azərbaycan ilə təkbətək qaldığı situasiyada üzləşəcəyi riskli perspektiv barədə düşünmək məcburiyyətində qalacaq… Ermənistanın hərbi təxribatı bir çox maraqlı və önəmli məqamları növbəti dəfə aydınlaşdırmaq üçün münbit şərait yaratdı. Və bu məqamların yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa təsir göstərəcəyi qətiyyən şübhə doğurmur. Onu da qeyd edək ki, ortaya çıxan yeni faktorların heç birisi Ermənistanın xeyrinə deyil. Əksinə, indiyə qədər mövcud olan bir çox şərtlərin rəsmi İrəvanın əleyhinə dəyişdiyi birmənalı şəkildə təsdiqlənmiş oldu. Məsələn, vaxtilə müşahidə edilmiş reallıqlara əsasən, Ermənistanın güclü xarici dəstəyə malik olduğu hesab olunurdu. Rəsmi İrəvanın xarici himayədarlarının Ermənistanı istənilən şərtlər daxilində müdafiə etməyə hazır olduğu düşünülürdü. Ancaq Paşinyan hakimiyyətinin son hərbi avantüraları bu faktorların artıq öz əhəmiyyətini ciddi şəkildə itirdiyini göstərdi. İndi Ermənistanın yeganə güvənib, yapışa biləcəyi "ətəyin" də artıq çırpılıb, onun əlində qaldığı hər kəsə, eləcə də, rəsmi İrəvanın özünə də aydın oldu. Təbii ki, rəsmi İrəvan bu faktorların bu qədər ciddi dəyişikliyə uğradığını heç özü də bilmirdi. Ona görə də ənənəvi xarici himayədarlarına güvənib, savaş meydanında özünə yeni nəfəslik açmağı hədəfləyirdi. Bu baxımdan, hesab etmək olar ki, hərbi təxribatı törədərkən Paşinyan hakimiyyəti əsasən iki önəmli hədəfə çatmağı planlaşdırmışdı. Birinci hədəf savaş xofu ilə Ermənistan əhalisinin və hakimiyyətə qarşı vahid mərkəzdə birləşməkdə olan müxalifətin şantaş edilib, susdurulması idi. Çünki hadisələr Paşinyan hakimiyyəti üçün fəlakət ssenarisi vəd edirdi. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələrkən verdiyi heç bir vəd yerinə yetirilməyib. Əhalinin sosial-iqtisadi durumu daha da pisləşərək, dözülməz həddə çatıb. Vəziyyətin düzəldilməsi üçün isə Ermənistanın maliyyə-iqtisadi resursları, Paşinyan hakimiyyətinin doğru-düzgün sosial-iqtisadi tənzimlənmə proqramları, ən əsası isə təcrübəli, səriştəli siyasi idarəçilik komandası mövcud deyil. Belə vəziyyət isə Paşinyan hakimiyyətinə devrilmək təhlükəsi vəd edir. Zaman qazanmaq, hakimiyyətin ömrünün uzadılması üçünsə, hamını küncə sıxışdıra biləcək tək bir variant - savaşın başlandığının imitasiya edilməsi qalırdı. Və rəsmi İrəvan məhz bu riskli avantürist varianta üstünlük verdi. Maraqlıdır ki, rəsmi Bakı da Ermənistanda cərəyan edən bütün daxili proseslərdən ən incə detallarına qədər məlumatlıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarının məzmunu da təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti Ermənistanın hərbi təxribatı barədə danışarkən ilk növbədə qarşı tərəfin üzləşdiyi ölkədaxili vəziyyətə diqqəti çəkib: "Birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Xaricdən maliyyələşən, xarici fondlardan maaş, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ancaq təcrübəsizlik, səriştəsizlik, daxili resursların, xarici investisiyaların olmaması bunu mümkünsüz etdi. Vədlərin iflasa uğraması isə Ermənistanda böhranlı vəziyyətin yaranmasına gətirib, çıxarıb". Azərbaycan Prezidentinin daha sonra dedikləri isə rəsmi Bakının Ermənistanda baş verənləri tam dəqiqliyi ilə təhlil etdiyini göstərir: "Ermənistanda hakimiyyət cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, siyasi məhbuslar yaradır. Siyasi opponentlər həbs edilir, təqib olunur, deputatların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir". Ermənistanda hakimiyyətin bir adamın əlində cəmləşdiyini, bu düşmən ölkədə demokratiyadan əsər-əlamətin olmadığını və diktaturanın hökm sürdüyünü vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, rəsmi İrəvana böhranlı vəziyyət lazımdır ki, diqqəti əsas məsələlərdən yayındıra bilsin: "Ona görə də şüurlu şəkildə bu təxribata əl atıldı". Ancaq Paşinyan hakimiyyətinin hərbi avantüralarının qarşılığında Azərbaycan ordusu Ermənistana elə bir sarsıdıcı zərbə vurdu ki, bu düşmən ölkənin uzun müddət özünə gələ bilməsi artıq çətin məsələdir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hətta canlı qüvvə və hərbi texnika itkilərini etiraf edib, açıqlamağa cəsarətləri belə, çatmır. Ona görə də, panik vəziyyətə düşən Paşinyan hakimiyyəti Ermənistan əhalisini aldatmaq ilə məşğuldur. Ermənistana daha bir sarsıdıcı zərbə məhz Paşinyan hakimiyyətinin hərbi avantüralarına verilən beynəlxalq reaksiyalar ilə vuruldu. Belə ki, rəsmi İrəvan Ermənistanın yenə də əvvəlki kimi himayə ediləcəyinə ümid bəsləyirdi. Ancaq həmin ümidlər boşa çıxdı. Paşinyan hakimiyyətinin hərbi avantüralarına ortaq olmağa kimsə həvəs göstərmədi. Halbuki, rəsmi İrəvan hərbi təxribatlar törədərkən, hiyləgər manevr etdiyini düşünmüşdü. Belə ki, hərbi təxribatı Dağlıq Qarabağ bölgəsində deyil, məhz iki ölkənin dövlət sərhəddində yerləşən Tovuz rayonu istiqamətində törətmişdi. Yəqin ki, öz təxribatlarının siyasi məsuliyyətini Azərbaycanın üzərinə yükləyib, rəsmi Bakını “hədəf taxtası”na çıxara biləcəyini güman etmişdi. Ancaq bu manevr də hədəfdən yayındı. Çünki heç bir dövlətdən və ya beynəlxalq qurumdan dəstək ala bilmədi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, onlardan yardım istədi: "Bu addım onun acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və bunu bilirlər". Amma hətta Ermənistanın üzv olduğu KTMT belə, rəsmi İrəvanı ciddiyə almadı, onun dəstək xahişini cavabsız buraxdı. Əlbəttə ki, rəsmi İrəvanın Azərbaycanı təxribata çəkərək, KTMT-yə sığına, rəsmi Bakının bu quruma üzv dövlətlərlə münasibətlərini poza biləcəyini düşünməsi N.Paşinyan və yaxın ətrafının nə qədər səriştəsiz və təcrübəsiz olduğunu bir daha göstərir. Əks halda, KTMT üzvü olan ölkələrin Azərbaycan ilə münasibətlərini doğru-düzgün təhlil edə bilərdi. Və nəzərə alardı ki, Ermənistan istisna olmaqla, KTMT-yə üzv ölkələrin hər birisi ilə Azərbaycanın yüksək səviyyədə münasibətləri var. Bu ölkələr Azərbaycan ilə siyasi, maliyyə-iqtisadi, ticari tərəfdaşlığı, heç kimə faydası olmayan Ermənistanın ənənəvi, hamını artıq bezdirmiş hərbi avantüralarına qurban verməzlər. Məsələn, Belarus vaxtilə maliyyə-iqtisadi böhranla üzləşib, xarici borcunu ödəyə bilməyəndə rəsmi Bakı bu ölkəyə dərhal yardım əlini uzatmışdı, sərfəli şərtlərlə kredit vermişdi. İndi Belarusun bu kimi önəmli tərəfdaşlıq örnəklərini unudub, Ermənistanı dəstəkləyə biləcəyini düşünmək sadəlövhlük deyilmi... Yəqin ki, Paşinyan hakimiyyəti Azərbaycanın son illərdə Rusiya ilə münasibətlərinin də inkişafda olduğundan da xəbərsizdir. Üstəlik, bunları dərk edə bilməyən Paşinyan hakimiyyətinə Azərbaycanın Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə olan tarixi bağlarını xatırlatmaq da tamamilə yersizdir. Bunun əksinə olaraq, Azərbaycana Ermənistanın hərbi təxribatlarına məruz qaldığı üçün kifayət qədər ciddi beynəlxalq dəstək verildi. Bir çox beynəlxalq qurum Ermənistanın hərbi təcavüzünü sərt bəyanatlarla qınadı. Bəzi Avropa ölkələri diplomatik kanallar ilə Azərbaycanın yanında olduğunu bildirdi. Eyni zamanda, Ermənistanın hərbi təxribatlarına dünyanın nüfuzlu ölkələrindən biri və NATO üzvü olan Türkiyə olduqca sərt reaksiya verdi. Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin XİN-i və Müdafiə Nazirliyi səviyyəsində verilən bəyanatlarla Ermənistana və onu himayə etmək həvəsinə düşə biləcək hər kəsə Azərbaycanın tək olmadığının sərt mesajı çatdırıldı. Və Türkiyənin bu sərt reaksiyası təbii ki, rəsmi Bakını məmnun etdi. Belə ki, Prezident İlham Əliyev də son açıqlamasında iki ölkənin qardaşlığını və dostluğunu xüsusi olaraq, vurğulamağı lazım bildi: "Azərbaycan bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördü. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq". Göründüyü kimi, indi ötən əsrin 90-cı illəri deyil. Zaman və şərtlər ciddi şəkildə dəyişib. Azərbaycan yürüdülən məqsədyönlü daxili və xarici siyasət sayəsində güclənib. İqtisadiyyatını inkişaf etdirib, dünyaya açılıb. Mükəmməl və müasir ordu qurmağa nail olub. Dünyada önəmli dostlar, müttəfiqlər, tərəfdaşlar qazanıb. Bütün bu müddət ərzində yerində sayan və başqalarının sədəqələri hesabına mövcud olan Ermənistanın ümid bəslədiyi dövr isə artıq çoxdan arxada qalıb. Ermənistan inkişaf edə bilməyib, ənənəvi himayədarlarını da demək olar ki, itirib. Hətta Ermənistan müəyyən mənada, artıq təklənmiş vəziyyətə düşüb. Ona görə də, rəsmi İrəvan bundan sonra Ermənistanın Azərbaycan ilə təkbətək qaldığı situasiyada üzləşəcəyi riskli perspektiv barədə düşünmək məcburiyyətində qalacaq.//musavat.com Rubrika.Az Geri qayıt |