Əsas Səhifə > Cəmiyyət > Hüquq müdafiəçisi Rəhim Qazıyevin aclığından danışdı

Hüquq müdafiəçisi Rəhim Qazıyevin aclığından danışdı


17-07-2020, 10:04
Hüquq müdafiəçisi Rəhim Qazıyevin aclığından danışdı

Novella Cəfəroğlu: “Bunu hansı dövlətdə etsəydi, həbs olunması qaçılmaz olardı”

İyulun 14-də keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə Səbayel Rayon Məhkəməsi qərar çıxarıb. Rəhim Qazıyevin ailəsindən “Amerikanın Səsi”nə bildiriblər ki, 77 yaşlı keçmiş müdafiə nazir iyulun 13-də quru aclığa başlayıb. Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirib ki, Rəhim Qazıyev xalq hərəkatı dövründə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin təsiri altına düşüb və bu günə kimi agent olaraq onların tapşırıqları yerinə yetirir. Bu baxımdan Rəhim Qazıyevin Silahlı Qüvvələrin ünvanına böhtan atması təsadüfi deyil: “Rəhim Qazıyev həmin çağırışı ilə cəmiyyətdə Müdafiə Nazirliyinə, orduya etimadı məhv etməyə çalışır. Onun tutduğu mövqe xalqın, dövlətin maraqlarına zidd, xəyanət xarakterli yanaşmadır. Bayaq söylədiyim kimi, Rəhim Qazıyev Rusiyanın Baş Dövlət Kəşfiyyat İdarəsinin agentidir, Şuşanın verilməsindən tutmuş indiyə qədər ”xidmət"ləri olub".

Hazırda istintaq altında olan sabiq nazirin saxlama yerində aclıq aksiyası keçirməsi haqda xəbərlər var. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Rəhim Qazıyevin niyə aclıq etdiyindən xəbərsizdir, amma hüquqlarının pozulacağı təqdirdə onunla bağlı müvafiq addımlar atacaqlarını deyib.

“Rəhim Qazıyevin çağırışlarından sonra həbsi gözlənilən idi. Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə qəsd var və Rəhim Qazıyev elə çıxışlar, elə çağırışlar edir ki, bunu hansı dövlətdə etsəydi, həbs olunması qaçılmaz olardı. O ki qaldı Rəhim Qazıyevlə rəftara, ona qarşı addımlar atılsa, hər hansı bir zorakılıq olsa, bu halda onu müdafiə edərik. Torpaqlarımıza, millətimizə təhdid var və belə ağır bir məqamda belə çağırışlara yer yoxdur və belə çağırışlar olmamalıdır. Əgər Rəhim Qazıyev döyülsə, ona qarşı hər hansı bir zorakılığa yol verilsə, hüquq müdafiəçisi kimi müdafiə edəcəyik”.(musavat.com)

Rubrika.Az
Geri qayıt