Əsas Səhifə > Media > “Evdə qal” sözünü yanlış anlayan nazir
“Evdə qal” sözünü yanlış anlayan nazir17-07-2020, 17:47 |
![]() Eks xarici işlər naziri Elmar Məmmədyarovun kiçik müsahibəsini oxudum az öncə. Həmkarlarımız vəzifəsi, krelosu ilə vidalaşan eks nazirin fikirlərini, təəssüratlarını öyrənməyə çalışıblar. Təbii ki, Azərbaycan dilində çox əziyyət çəkərək danışdığı üçün lakonik cavablar verib. Evdə oturmuşam, vəzifə əbədi deyil, yeni nazirə uğurlar diləyirəm və sair... Yəni, maksimum primitiv cümlələr, yenicə dil açan uşaqtək sadə fikir ifadəetmələr... Dünyanın hansı ölkəsində olsa, belə eks nazir danışmaq üçün tribuna axtarar, çıxış etdiyi bütün media qurumlarında xalqdan üzr istəyərdi. Niyə? Çünki ortada ciddi korrupsiya əməlləri var. Çünki rəhbərlik etdiyi nazirliyi bir bazara, intriqa yuvasına çevirdiyi faktdır. Çünki ortada Qarabağ probleminin həlli ilə bağlı səriştəsizlik ucbatından itirilmiş illər var. Adam sanki heç nə olmamış kimi danışıb, danışmağa çalışıb. Sanki sıradan bir təyinatdan, sıradan bir vəzifə-kreslo məsələsindən gedir söhbət. Bu qədərmi sadədir vəziyyət? Bu özgüvənin səbəbi, məntiqi nədir? Doğrudanmı insan xəfifə aldığından qorxmalıdır hər zaman? Cənab Məmmədyarov illərdir sağ göstərib, sol vurub bizə, olmaya? Bəli, adamı hələ vəzifədən çıxarmazdan öncə də seytnot vəziyyətində çalışıb. Tam bir iqnor taktikası ilə. İşə gəlmirəm, evdən işləyirəm havasında... Niyə? Bu ölkənin xarici işlər nazirliyi sayt adminliyidir ki, onu evdən idarə edəsən? Ölkə ayaqda, millət küçələrdə, Qarabağ təhlükədə, Tovuz döyüşün altında – bizim ölkənin xarici işlər naziri zənglərə cavab vermir. Tam ərgən havasında, hamıdan küskün, hamını iqnor havasında. Sanki adamın haqları əlindən alınıb. Elə bil ki, hüquqlarına müdaxilə olunub. Ortada dağ boyda iddialar, quru qədər dərin şübhələr var. Bəli, casusluqdan danışılır, xarici xidmət orqanlarına məlumat ötürmə şübhələri səsləndirilir. Müavinləri bazar alverçiləri kimi “10-u sənin, 10-u mənim” deyib, büdcəni talayır. Amma nazir küskündür, amma nazir susqundur. Tam 16-cı səhifənin məzəli xəbərlərində olduğu kimi. İllərdir ona elə gəlib ki, heç kəs ondan bu barədə heç nə soruşa bilməz. Korrupsiya əməlini də Qarabağ danışıqları, diplomatik gedişlər kimi gizli, diplomatik qaydada gizli saxlaya bilər. Qarabağı özəlləşdirən eks nazir nazirliyin büdcəsini də, onun sirlərini də özəlləşdiribmiş, sən demə. Ona görə də bundan öncə ondan açıqlama istəyən jurnalistlərə qəzəblə “indi müsahibə vaxtıdır” deyə çəmkirirmiş. Əslində absurd ilk dəfə yaşanmır ki. İlk absurd onda yaşandı ki, onun övladlarının milyonluq villaları barədə mətbuatda xəbər yayıldı və mətbuat xidməti buna “nazirin şəxsi işidir” deyə cavab verdi. Eləmədi tənbəllik, getdi DTX-ya bu barədə yazanlardan şikayət etdi. Oğru elə bağırdı ki... misalı. Biz onda susduq. Bilirdik ki, proseslər ifşaya doğru gedir. Amma yenə açıq suallar qalıb – hardandır o villanı alacaq 4.5 milyon dollar? Maaş desən, üç ömür dalbadal yaşasan, o pulla o mülk alınmaz. Övladların pul qazanmır, vunderkind deyil. Demək ki, ya korrupsiya vasitəsilə əldə edilib, ya da casusluq xidmətinin qarşılığında. Gör nə günə qalmışıq ki, hamımız “kaş ki, korrupsiya vasitəsilə əldə edilmiş olsun” deyə dua edirik. Çünki casusluq xidməti qarşılığında olsa, millət olaraq itirəcəyik, dövlət olaraq itirəcəyik, Qarabağ məsələsində düşmənə sirrlər verdiyimiz bəlli olacaq.Çünki prezident İlham Əliyevin son çıxışında da buna işarələr vardı. İndi oturub daha şok informasiyalar gözləyirik. Bəli, Elmar Məmmədyarov dünən də evdə idi, bu gün də. Azərbaycan küçələrə tökülüb, “Qarabağ” deyəndə də tövrünü pozmurdu, barəsində milyonluq korrupsiya ittihamları üzə çıxanda da. Biz zamanında dedik ki, bu adama Azərbaycan dilini düz-əməllli öyrədin. Bəli, “evdə qal” sözünü yanlış anlayıb. Biz də millət olaraq altını çəkirik. Siz indi evdə qalmalı deyilsiz, cənab Məmmədyarov. İstintaqa qaçmalısız... Düşürsüz başa məni? Sevinc TELMANQIZ Geri qayıt |