Əsas Səhifə > musavat, Manşet > Böyük qalibiyyətin ADDIM səsləri — Qələbəyə təşnə olan xalqımız dünyaya bir mesaj verdi

Böyük qalibiyyətin ADDIM səsləri — Qələbəyə təşnə olan xalqımız dünyaya bir mesaj verdi


20-07-2020, 17:30
Böyük qalibiyyətin ADDIM səsləri — Qələbəyə təşnə olan xalqımız dünyaya bir mesaj verdi

Son və həlledici döyüşə gedən yolun açıq olsun, cənab Ali Baş Komandan!

Bu günlərdə düşmən təxribatı ilə üz-üzə qalan Azərbaycan öz tarixinin növbəti ağır və şərəfli bir dönəmini yaşadı. Sədaqətli nökəri olduqları güc sahiblərinə arxayın olan erməni fitnəkarları Tovuz rayonu ərazisində ordumuzun mövqelərini atəşə tutdular, nəticədə yüksək rütbəli zabitlərimiz və əsgərlərimiz Vətən uğrunda şəhid oldular. Aprel döyüşlərində biabırçı məğlubiyyətlərindən sonra cəmiyyətdə bütün dayaqlarını itirmiş erməni hakimiyyəti bu yolla özlərinin nüfuzlarını yüksəldəcəklərinə ümidli idilər. Amma bu sərsəmlər bir şeyi unutmuşdular- zaman doxsanlar,Azərbaycan da məğlub etdikləri ölkə deyildi!

Azərbaycan ordusunu peşəkarlığı,ən müasir silahlara malik arsenalı və nəhayətdə gözünü qırpmadan Vətən uğrunda ölməyə hazır olan zabit və əsgər heyyəti növbəti dəfə erməni təxribatını dayandırdı,düşmənə göz dağı verdi. İyul döyüşləri bir daha erməni ideologiyasının çürüklüyünü,hakimiyyət və xalq arasında uçurumun hər gün bir az da dərinləşdiyini dünyaya göstərdi. Elə ilk atəş səslərindən sonra erməni postlarında fərarilik baş alıb getdi, kəndlər boşalmağa başladı. Çünki, ermənilər öz maymaq və avantürist hakimiyyətlərini hamıdan yaxşı tanıyırlar. Onlar Paşinyanın nöqtəsinə Azərbaycanın nida qoyacağını yaxşı bilirlər!

Baş verən döyüşlər həm də dünyaya Azərbaycan həqiqətlərini çatdırdı. Müstəqillik qazandığı gündən ikili standartların məngənəsində əzab çəkən Azərbaycan hər kəsə öz haqq səsini, ədalətli mövqeyini nümayiş etdirdi. Bütün dünya Azərbaycan hakimiyyəti ilə xalqın monolit birliyinin şahidi oldu. Bütün dünya iqtisadi böhranın, pandemiyanın törətdiyi fəsadların təlatümləri ilə çalxandığı bir zamanda Azərbaycanda olan bu birlik və vətənpərvərlik böyük güclərə ,siyasi avantüristlərə əsl ümumxalq cavabı oldu. Ermənilər döyüş postlarını, kəndlərini qoyub qaçdığı bir zamanda Azərbaycanda xalq öz torpaqlarının müdafiəsi üçün ayağa qalxdı,heç bir təşkilatçının, qurumun çağırışı olmadan meydanlara axışdı. Bu artıq işğalla barışmayan, torpaqlarının yağı tapdağında qalmasını həzm etməyən xalqın hayqırtısı idi. Meydanlara axışan on minlər Ali Baş Komandanını müdafiə etdi,onun bir əmri ilə döyüşə hazır olduğunu nümayiş etdirdi. Bu hər Komandana nəsib olan xoşbəxtlik deyil-bunu ancaq xalqın etimadını və sevgisini qazananlar bacarırlar. O anlarda bütün Azərbaycan bir Polad yumruq kimi birləşmişdi- öz tarixinin növbəti qəhrəmanlıq səlnaməsini yazırdı. Cəbhədə-səngərdə öz əsgəri ilə çiyin-çiyinə vuruşan generallarımızdan sıravilərə qədər hər bir Azərbaycan vətəndaşı torpağı uğrunda döyüşməyə hazır olduğunu göstərdi. Bu 20 faiz torpağı xəyanət və siyasi oyunların qurbanı olan bir xalqın haqlı hayqırtısı idi. Qələbəyə təşnə olan xalqımız dünyaya bir mesaj verdi- o öz torpaqlarının işğalda qalması ilə barışmayacaq, onun səbrinin də bir hüdudu var. Yersiz danışıqlar, yalançı diplomatiyalar artıq hamının nifrətini qazanıb.

Bu günlərdə bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan hakimiyyəti ilə hədə dilində danışmaq olmaz. Çünki onu müdafiə edən böyük bir xalq iradəsi var və öz Ali Baş Komandanının əmri ilə döyüşməyə hazır olan böyük və yenilməz bir ordu formalaşıb. Son döyüşlər həm də bir daha sübut etdi ki, böyük Qələbə uzaqda deyil.Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı günə az qalıb. Bu artıq tarixi bir zərurət, İlahi bir ədalətdir. Düşmən xalqımızın iradəsini və əzmini gördü. Artıq Ermənistanın hərbi və siyasi məğlubiyyəti qaçılmazdır. Qorxaq və satqın hakimiyyətlərin rəhbərlik etdikləri kütlələr də özünə bənzəyir. Siyasi təlxək Paşinyan Ermənistanın məğlubiyyət simvoludur. Tezliklə Azərbaycanın müzəffər ordusu bütün torpaqlarımızı düşmənlərdən azad edəcək. Son və həlledici döyüşə gedən yolun açıq olsun,cənab Ali Baş Komandan! Qalibiyyət səninlədir, çünki sən buna layiqsən!

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt