Əsas Səhifə > Araşdırma > ASALA Avropada “dirildi”: Dünya susur...
ASALA Avropada “dirildi”: Dünya susur...23-07-2020, 20:39 |
|
Dünyanın görmək istəmədiyi erməni terroru Qərbdə zirzəmidən gün üzünə çıxır. Son bir həftə ərzində ermənilərin Azərbaycanın müxtəlif diplomatik nümayəndəliklərinə, eləcə də xarici ölkələrdə Ermənistanın iyulun 12-də törətdiyi təxribatlara etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı törətdikləri vandalizm bunu təsdiqlədi. Məğlubiyyət aqressiya, aqressiya isə gerçək kimliyi ortaya çıxarır: İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumuna əl atdı, lakin ordumuzun adekvat cavabı işğalçı ölkənin ağır itkilər verməsi ilə nəticələndi. Hərbi cəbhədə məğlub olan düşmən “Azərbaycan bizə hücum edir” iddialarını heç kimə inandıra bilmədi və diplomatik cəbhədə də məğlubiyyətlə üzləşdi. Ardınca dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın növbəti təxribatına qarşı dinc etiraz aksiyaları keçirməyə başladılar. Azərbaycanla təkbətək döyüşə cəsarəti çatmayan Ermənistan müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücuma keçdi. Bu, ötən əsrin ikinci yarısında həyata keçirilən erməni terrorunun davamıdır. Beynəlxalq səviyyədə fəaliyyət göstərən erməni terror təşkilatları Türkiyənin diplomatik nümayəndəliklərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirirdi. İndi eyni terror Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc azərbaycanlılara qarşı törədilir. Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlar edilib, dinc azərbaycanlılara qarşı vandalizm aktları törədilib. Niderlandda Azərbaycan səfirliyinin binası önünə toplaşan ermənilərin ASALA-nın (1975-91-ci illərdə fəaliyyət göstərən və beynəlxalq səviyyədə tanınan erməni terror təşkilatı) yazıldığı köynəklər geyinməsi erməni terrorunun xortladığını bariz nümunəsidir. İyulun 21-də isə Azərbaycanın Los-Ancelesdəki konsulluğunun önünə toplaşan 3 minə yaxın erməni 30 azərbaycanlıyua hücum etdi. Nəticədə biri qadın olmaqla 7 azərbaycanlı, o cümlədən, şəhər polis departamentinin əməkdaşı müxtəlif bədən xəsarətləri aldı. Analoji hal digər ölkə və şəhərlərdə də baş verir. Ermənilər dinc azərbaycanlıların aksiyalarına hücum edir, onlara fiziki xəsarətlər yetirirlər. Bu vandalizm aktları bir əsrdən çoxdur davam edən, təkcə ötən əsrin ikinci yarısında müxtəlif ölkələrdə yüzlərlə insanı yaralayan və qətlə yetirən erməni terrorunun növbəti dalğasıdır. 27 yanvar 1973-cü il: Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni QurgenYanikiyan tərəfindən öldürüldü. Yanikiyan ömürlük həbsə məhkum edilsə də, 1984-cü ildə əfvlə azadlığa çıxdı. 22 oktyabr 1975-ci il: Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil üç erməni terrorçu tərəfindən qətlə yetirildi. 20 fevral 1975-ci il: Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atıldı. 24 oktyabr 1975-ci il: Fransadakı səfir İsmail Erez və sürücüsü Talip Yener qətlə yetirildi. 16 fevral 1976-ci il: Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit güllələndi. ASALA ilk dəfə terror aktını üzərinə götürdüyünü elan etdi. 9 iyun 1977-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Vatikandakı səfiri Taha Carımı qətlə yetirdi. 2 iyun 1978-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralpı, qızı Necla Kunerapı, keçmiş səfir Bəşir Balcıoğlunu və sürücüsü Antonio Torresi qətlə yetirdi. 12 oktyabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” və ASALA Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benleri qətlə yetirdi. 22 dekabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpanı qətlə yetirdi. 31 iyul 1980-ci il: ASALA Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmeni və 14 yaşlı qızı Neslihan Özmeni qətlə yetirdi. 17 dekabr 1980-ci il: Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever ermənilər tərəfindən qətlə yetirildi. 6 fevral 1980-ci il: Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə qarşı terror hücumu edildi, lakin səfir xilas ola bildi. 17 aprel 1980-ci il: Türkiyənin Vatikandakı səfiri Vecdi Türelə hücum edildi, ağır yaralandı. 26 sentyabr 1980-ci il: Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı ağır yaralandı. 4 mart 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı qətlə yetirdi. 9 iyun 1981-ci il: ASALA Türkiyənin İsveçrədəki Baş konsulluğunun katibi Mehmet Savaş Yergüzü qətlə yetirdi. 24 sentyabr 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesinin binasını ələ keçirərək, diplomatları əsir aldı. Mühafizəçi Cemal Özen öldürüldü, baş konsul Kaya İnal yaralandı. 2 aprel 1981-ci il: Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demir silahlı hücum nəticəsində ağır yaralandı. 25 oktyabr 1981-ci il: Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum nəticəsində yaralandı. 28 yanvar 1982-ci il: Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkan qətlə yetirildi. 5 may 1982-ci il: Türkiyənin Bostondakı baş konsulu Orhan Gündüz qətlə yetirildi. 7 iyun 1982-ci il: Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay və həyat yoldaşı Nadir Akbay qətlə yetirildi. 27 avqust 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi qətlə yetirildi. 9 sentyabr 1982-ci il: Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan qətlə yetirildi. 8 aprel 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör qətlə yetirildi. 21 iyul 1982-ci il: Türkiyənin Hollandiyadakı baş konsulu Kemal Demirerə silahlı hücum edildi, lakin terrorçular məqsədinə nail ola bilmədilər. 9 mart 1983-cü il: Türkiyənin Yuqoslaviyadakı səfiri Qalip Balkar qətlə yetirildi. 14 iyul 1983-cü il: Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy qətlə yetirildi. 27 iyul 1983-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Portuqalliyadakı səfirliyini ələ keçirdi. Səfirin müşaviri Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirildi. Portuqaliya polisi terrorçuları məhv etdi. Buna görə “Erməni inqilab ordusu”nun rəhbərliyi Portuqaliyanın baş naziri Mario Suarezi ölümlə təhdid etdi. 28 aprel 1984-cü il: ASALA Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı iş adamı İşık Yöndəri qətlə yetirdi. 20 iyun 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özeni öldürdü. 19 noyabr 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergunu Avstriyada qətlə yetirdi. 28 mart 1984-cü il: Türkiyənin İrandakı səfirliyinin baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu silahlı hücum zamanı ağır yaralandı. 16 iyun 1983-cü il: İstanbulun Kapalıçarşı bazarında bir erməni terrorçu silahlı hücumla 2 nəfəri qətlə yetirdi, 21 nəfəri yaraladı. 15 iyul 1985-ci il: ASALA Türk Hava Yollarının Paris Orli hava limanındakı bürosu qarşısında bomba partlatdı. Terror aktı nəticəsində iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfər öldü, 63 nəfər yaralandı. Tarix bu terror aktını “Orli qətliamı” olaraq yazdı. Erməni terrorçular 1990-cı ildən başlayaraq, azərbaycanlılara qarşı əsrin əvəlindəki soyqırımı aktlarını yenidən təkrarladılar və 1992-ci ilin 26 fevralında bəşəriyyətin qara ləkəsi olan Xocalı soyqırımı törədildi. Tarix Azərbaycan torpaqlarının işğalı zamanı erməni terrorçularun mülki əhaliyə qarşı dəhşətli əməllərinə şahidlik etdi. 1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər - xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülkü vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərniş və 3 ekipaj üzvü həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində, ümumilikdə 176 nəfər həlak olub. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi. 1994-cü il martın 19-da atəşkəsin bağlanmasından dərhal sonra Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında daha bir terror aktı törədildi: 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Həmin il iyulun 3-də Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında daha bir partlayış törədildi. Nəticədə 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Erməni terrorunun özünəməxsus xüsusiyyətlərindən biri də məhz azyaşlı uşaqlara qarşı amansız olmaqdır. Belə terror aksiyaları müxtəlif vasitələrlə həyata keçirilir, misal üçün, partlayıcı maddələr uşaq oyuncaqlarına yerləşdirilir və s. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla ermənilər iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər. 2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı. 2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. 2016-cı ilin “aprel döyüşləri” zamanı erməni hərbi birləşmələri ikisi uşaq olmaqla 6 mülki şəxsi qətlə yetirib, 26 mülki şəxs yaralanıb. Ermənistanın Tovuz istiqamətində törətdiyi növbəti təxribat hücumu nəticəsində 1944-cü ilə təvəllüdlü Əzizov Əziz həlak olub. Hazırda erməni terrorçuların mülki azərbaycanlılara qarşı təhdidi beynəlxalq səviyyədə davam edir. Bəs, beynəlxalq ictimaiyyət niyə susur? - Ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlarının məsuliyyətini ilk növbədə nümayəndəliyimizin yerləşdiyi ölkə daşıyır. Çünki 1961-ci ildə qəbuı edilən Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir; - Dinc azərbaycanlıların aksiyalarına edilən hücumlar sərbəst toplaşmaq və söz azadlığına, eləcə də insan hüquq və azadlığına qarşı vandalizmdir. Bu qəsdlərə beynəlxalq təşkilatlar, hüquq-müdafiə təşkilatları reaksiya verməlidir; Amma görünən mənzərə odur ki, Azərbaycanda ən kiçik hadisəni beynəlxalq səviyyədə şişirdən belə təşkilatlar erməni terroru qarşısında susmaq yolunu seçib. Bu, növbəti dəfə ikili standartların və selektiv yanaşmasının bariz nümunəsidir. Beynəlxalq təşkilatlar nəyi gözləyir: ötən əsrin ikinci yarısında türk diplomatlarını qətlə yetirən erməni terrorunun indi də azərbaycanlı diplomatlarını qətlə yetirməsinimi, yoxsa Avropa paytaxtlarında növbəti “Orli qətliamı”nın olmasınımı?!//Pubika.az Rubrika.Az Geri qayıt |