Əsas Səhifə > Manşet > TƏBİB səhiyyə sistemində inqilab etdi — HƏKİMLƏRİMİZİN İTİRİLMİŞ NÜFUZU BƏRPA OLUNDU! 

TƏBİB səhiyyə sistemində inqilab etdi — HƏKİMLƏRİMİZİN İTİRİLMİŞ NÜFUZU BƏRPA OLUNDU! 


18-08-2020, 12:30
TƏBİB səhiyyə sistemində inqilab etdi — HƏKİMLƏRİMİZİN İTİRİLMİŞ NÜFUZU BƏRPA OLUNDU! 

Azərbaycan səhiyyəsində baş verən müsbət tendensiyalar pandemiya dövründə özünü daha çox biruzə verdi. Xüsusilə yeni yaranmasına baxmayaraq TƏBİB-in fəaliyyəti səhiyyə tariximizdə yeni bir səhifənin başlanğıcını qoydu. İlk addımları qlobal pandemiya dövrünə təsadüf edən TƏBİB üzərinə düşən məsulliyyətli vəzifəni uğurla yerinə yetirməyi bacardı. Ümumiyyətlə yeni yaradılan qurum uzun illər səhiyyə sistemində oturaqlaşmış bir çox stereotipləri darmadağın edə bildi. 

Sirr deyil ki, zamanında səhiyyə sistemi ölkəmizdə korrupsiya və rüşvətin at oynatdığı əsas sahələrdən idi. Burada pulsuz nəyəsə nail olmaq, hansısa iş görmək qeyri-mümkün hesab olunurdu. Hansısa həkim yerdəyişməsinin, işə qəbulun pulsuz olduğunu kimə desəydin adama gülərdilər. Pulsuz baş həkim təyinatını söyləyən şəxsi isə yaxşı halda dəli adlandırardılar. Acı da olsa reallıq belə idi. 

TƏBİB fəaliyyətə başlayandan sonra ilk öncə həkim nüfuzunun bərpasına nail oldu, cəmiyyətdə səhiyyəyə inam formalaşdı. İctimai rəydə çoxdan korrupsiya çirkabına bulaşmış səhiyyə sistemində şəffaflıq təmin edildi. Bir neçə cümlədə ifadə olunan bu fikirlər əslində səhiyyə sistemində inqilabdır. TƏBİB bunu qısa müddətdə bacardı.

Jurnalist fəaliyyətimdə bəlkə də mənim qədər səhiyyə sistemini tənqid edən şəxs azdır. Amma bu gün gördüklərimə, şəxsən şahidi olduqlarıma qarşı biganə qala bilmərəm. Həkimlərin işə qəbulu, yerdəyişməsi tam şəffaflıqla həyata keçirilir. Hətta elə həkimlər tanıyıram ki, onlar müraciətlərinin qısa müddətdə, təmənnasız həyata keçməsinə özləri belə inanmırlar. Bu gün Azərbaycanda baş həkimlər vəzifəyə pulsuz təyin edilirlər. Bəli, lətifə oxumursunuz, bu bir reallıqdır. TƏBİB REALLIĞI. 

Bu gün hər bir xəstə xəstəxanalara müraciət etməkdən çəkinmir, qorxmur. Hər hansı bir cərrahi əməliyyatlara böyük «xərc» ödəmək məcburiyyətində qalmır. Bunu hər kəs Mehriban xanım Əliyevanın səhiyyə sisteminə verdiyi  dəstək kimi qəbul etməlidir. Budur, Azərbaycan səhiyyəsində TƏBİB REALLIĞI. 

Məni narahat edən başqa bir səbəb də var. Bu gün TƏBİB-ə o qədər hücumlar olunur ki, adam məəttəl qalır. Bəs sən nə istəyirsən? Bir zamanlar xəyal etdiklərin qısa zaman kəsimində reallaşıbsa nədən narazısan? Axı tənqid də edəndə gərək vicdanla edəsən. TƏBİB-in Azərbaycan səhiyyəsində atdığı inqilabi addımlara dəstək olmaq əvəzinə böhtan atmaq, yalançı canfəşanlıq nəyə və kimə gərəkdir? 

Mövzuya qayıdacağıq.

Nicat Mahmudov 
Rubrika.Az

Geri qayıt