Əsas Səhifə > Manşet > Rubrika.Az saytı Operativ Qərargah və Təhsil Nazirliyinə MÜRACİƏT ETDİ — «TƏHSİLİN FƏALİYYƏTİ TAM BƏRPA EDİLSİN!»
Rubrika.Az saytı Operativ Qərargah və Təhsil Nazirliyinə MÜRACİƏT ETDİ — «TƏHSİLİN FƏALİYYƏTİ TAM BƏRPA EDİLSİN!»4-09-2020, 11:54 |
|
Unutmayaq ki, gələcəyimiz elə bu günlərdən başlayır! Dünyanı cənginə alan COVİD-19 pandemiyası həyatın bütün sahələrini iflic edib. Artıq 6 aydan çoxdur ki, karantin rejimi tətbiq edilib,sosial-iqtisadi münasibətlər tamamilə yeni müstəviyə qədəm qoyub. Azərbaycan pandemiyaya qarşı önləyici tədbirləri həyata keçirən ilk ölkələrdəndir. Ölkədə ilk yoluxma halı qeyd ediləndən dərhal sonra məktəblər bağlandı, daha sonra isə sərt karantin rejimi tətbiq edildi. Artıq martın 3-dən bütün ümumtəhsil məktəbləri bağlanıb, distant təhsil sistemi ilə dərslər davam etdirilir. Bəs bütün bunlar təhsilimizə hansı təsirləri göstərir? İlk öncə qeyd edək ki, görülən bütün tədbirlərə baxmayaraq ölkədə təhsilin səviyyəsi hələ də qənaətbəxş səviyyədə deyil. Bunun əyani sübutunu hər il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrində görmək mümkündür. Nəzərə alsaq ki, qəbul imtahanlarının nəticələri daha çox repititor təhsilindən asılıdır, o zaman ümumtəhsil məktəblərində vəziyyət daha aydın olar. Qətiyyətlə demək olar ki, mart ayından məktəblərin bağlanması təhsil sisteminə ciddi zərbə vurub. Düzdür, təhsil nazirliyi tərəfindən teledərslər təşkil olunub və bu gün də davam etdirilir. Eyni zamanda virtual məktəb layihəsi çərçivəsində onlayn dərslər də keçilib. Lakin bütün bunların heç biri birbaşa müəllim-şagird münasibətlərini əvəz edə bilməz və sadəcə olaraq vəziyyətdən çıxış yolu kimi düşünülüb. Həmçinin nəzərə alsaq ki, xüsusilə rayon yerlərində şagirdlərin böyük qisminin internetə birbaşa çıxışı,eləcə də lazımi texniki vəsaitləri yoxdur, onda nə qədər şagirdin təhsildən kənarda qaldığını təsəvvür etmək çətin olmaz. Başqa bir fakt isə odur ki, ölkədə internetin sürəti bərbad vəziyyətdədir və bu sürünən sürətlə virtual dərslər keçirilməsi mümkünsüzdür. Hələ internetin əl yandıran qiymətlərini və böyük qism insanlar üçün əlçatan olmamasını da buraya əlavə etsək virtual dərslərin sadəcə layihə olaraq qalacağı gün kimi aydın olar. Bu günlərdə Təhsil Nazirliyinin yeni dərs ilinin təşkili ilə bağlı açıqlamalarından belə aydın oldu ki, hələ bir müddət də normal təhsildən əl üzməli olacağıq. Yuxarıda sadaladığımız səbəbləri nəzərə alsaq deməli şagirdlərin mütləq əksəriyyəti yenə də təhsildən kənarda qalacaq. Nazirliyin irəli sürdüyü şərtlər maşın almamış qaraj tikməyə bənzəyir. Müxtəlif görüşlərdə və müsahibələrdə nazirliyin rəsmiləri hər dəfə vacib məqamlardan- yuxarıda sadaladığımız texniki təchizatdan- yayınıblar və hər şeyi valideynlərin üzərinə atıblar. Hələ müəllimlərin özlərinin çoxunun internet və texniki vasitələrlə təchizatının bərbad olduğunu nəzərə alsaq vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Rubrika.az saytı olaraq Operativ Qərərgaha və Təhsil Nazirliyinə səslənərək təklif edirik ki, ənənəvi təhsilin bərpa olunmasına şərait yaratsınlar. Bir daha görülən tədbirlərin vətəndaşların sağlamlığı üçün nəzərdə tutulduğunu anlayışla qarşılayaraq təhsilin bərpasını istəyirik. Çünki, yaranmış vəziyyətdə şagirdlərə dəyən zərbə daha böyükdür. Məktəblərdə ciddi önləyici tədbirlər görməklə təhsili bərpa etmək mümkündür. Əgər belə olmazsa Azərbaycan təhsilinə dəyən zərəri uzun illər bərpa etmək mümkün olmayacaq. Gələcəyimizə zərbə vurmayaq, normal təhsil mühitini bərpa edək. Unutmayaq ki, gələcəyimiz elə bu günlərdən başlayır! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |