Əsas Səhifə > Dünya > “Lazım gəlsə, Ərdoğana yalvararam“ - Seda Sayan

“Lazım gəlsə, Ərdoğana yalvararam“ - Seda Sayan


4-09-2020, 12:57
“Lazım gəlsə, Ərdoğana yalvararam“ - Seda Sayan

Türkiyəli müğənni Seda Sayan İstanbul Konvensiyasının ləğv edilməməsi üçün Ərdoğana yalvarmağa hazır olduğunu bildirib.

RUBRİKA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Jülide Ateşin proqramı”nın qonağı olan Seda Sayan İstanbul Konvensiyasının ləğv edilməməsi lazım olduğunu vurğulayaraq, "Xüsusilə birinci xanım – Əminə Ərdoğan bu mövzuda çox həssasdır. Mən ondan bu məsələni nəzarətdə saxlamağı xahiş edirəm. Lazım gələrsə Prezidentin yanına gedib yalvaracağam" - deyə bildirib

Aparıcı Jülide Ateşin "Sizcə, qadınlara qarşı şiddət necə sona çata bilər?" sualına cavab verən sənətçi konvensiyanın ləğvinə qarşı olduğunu deyib:

“İstanbul Konvensiyasının ləğv edilməsinin əleyhinəyəm. Qadınlara qarşı şiddətin cəzaları daha ağır olmalıdır. Birinci xanım Əminə Ərdoğan bu mövzuda çox həssasdır. Hər gün bir qadın “Məni öldürməklərini gözləyirsiniz?” deyə qışqırır, gəlin bu qadınlar üçün bir şey edək. Heç olmasa indi polis onların qayğısına qalır, bizim dövrümüzdə atamızın evinə gedəndə “ər döyər də, sevər də” deyib geri yollayırdılar.

Məşhur müğənni "Heç reytinq uğrunda qadınlara qarşı şiddəti müdafiə etmisiniz?" sualına "Heç vaxt! O vaxt hazırladığım proqram şou proqramı deyildi. Mənim proqramımda arvadını öldürən kişi evlənmək üçün gəlmişdi. Mənsə onu hər kəs tanısın deyə efirə çıxardım. Eləcə də çox insanın üzünə tüpürüb geri göndərdiyim olub. Şiddətin içərisində böyümüş bir qadın olaraq bunu müdafiə etməyim mümkündürmü?!” – deyə cavab verib.

Qeyd edək ki, bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib.

RUBRİKA.AZ
Geri qayıt