Əsas Səhifə > Dünya > Putini üzr istədən yəhudi simvollu Zaxarova
Putini üzr istədən yəhudi simvollu Zaxarova11-09-2020, 16:41 |
![]() Rusiya XİN-in ilk qadın mətbuat katibi kimi tarixə düşən Mariya Zaxarova əslində kimdir? Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın “Şaron Stoun” bənzətməsindən dolayı Serbiya prezidenti Aleksandr Vuçiçdən üzr istəyib. Kremlin sözçüsü Dmitri Peskov qısaca belə deyib: “Bəli, bu belədir”. Qalmaqalın nədən yarandığı məlumdur: Mariya Zaxarova sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya prezidenti Aleksandr Vuçiçin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkli paylaşmışdı. Zaxarova həmin fotoşəklin altına məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrı əlavə etmişdi. Bundan sonra Kremlin Balkanlarda yaxın strateji mütəffəqi olan Serbiya ilə münasibətlərində gərginlik yaranmış, Rusiya səfiri Serbiya XİN-ə çağırılmışdı. Rusiyada üç məşhur xanımdan sonrakı mətbuat katibi... Rusiya siyasətində qadın faktoru həmişə olub və olacaq da. Çünki ölkənin tarixi köklərində, qurulmuş-yıxılmış dövlətlərində, ittifaqlarında, imperiyaların idarə edilməsində qadınlarsız keçinmək mümkün olmayıb. Onlar hakimiyyətlərdən düşürüləndə də heç vaxt saraylardan çəkilməyiblər, pərdəarxasında imperiyaların idarə olunmasında, intriqalarda iştirak ediblər. Ən məşhur şairləri belə qadına görə dueldə öldürüb... Qapalı SSRİ dövründə də qadın faktoru arxa plana keçməyib. Düzdür, Siyasi Büroda qadın yox idi, amma onlar ölkənin həyatında hər yerdə vardı: zavod direktoru, kolxoz sədri, SSRİ Ali Sovetinin deputatı... Dünyada ilk qadını da SSRİ kosmosa göndərdi-Valentina Tereşkovanı. Ölkənin müasir həyatında da qadınlar aparıcı yer tuturlar. Hazırda hakimiyyətin üç önəmli postuna- Federasiya Şurasına, Mərkəzi Banka, Mərkəzi Seçki Komissiyasına qadınlar rəhbərlik edir. Amma onların heç biri Rusiya kimi nəhəng ölkəninin prezidentini üzr istəmək məcburiyyətdə qoymamışdı. Diplomatiyada təzə deyil, amma... Cəmi 5 il əvvəl- 2015-ci ilin 10 avqustunda xarici işlər naziri Sergey Lavrovun əmri ilə XİN-in İnformasiya və Mətbuat Departamentinə rəhbərlik Zaxarovaya həvalə olundu. Demək olar ki, həftənin bir neçə günü o, ölkəsinin xarici siyasəti ilə bağlı auditoriya qarşısına çıxır. Bu səbəbdən şübhəsiz dünyada da tanınır, haqında danışılır, tənqid edilir, təriflənir... Onu Azərbaycanda da yaxşı tanıyırlar. Ona münasibət birmənalı deyil, hətta “Zaxarovanı ölkəmizdə xoşlamırlar” da demək olar. Onun da ara-sıra açıqlamalarında azərbaycanlılar, xüsusən ona sual verən jurnalistlərimizə verdiyi cavablardan bizim üçün sinov getmədiyini demək olar. Hətta günlərin birində onları “xam” belə adlandırmaqdan çəkinməmişdi. Onun haqqında Musavat.com oxucularını bir neçə il əvvəl geniş məlumat vermişdik. İndi Putini üzr istəməyə məcbur etmiş Zaxarova siyasi kuluarlarda yeni bir “star” kimi görünür. Bu səbəbdən onun haqda yenidən yazmaq zərurəti var. Orta məktəbi harada oxuduğu bilinmir Mariya Zaxarova 1975-ci ilin 24 dekabrında diplomat ailəsində anadan olub. Uşaqlıqda valideynləri ilə Pekində yaşayıb. Çində Şərq tarixinə və mədəniyyətinə marağı yaranıb. Onun məktəb illəri ilə bağlı ümumiyyətlə, heç bir məlumat yoxdur. Yalnız o məlumdur ki, Mariya yaxşı şagird olub və diplomat olmaq arzusundaymış. Özü də deyir ki, yeniyetməlik illərində ən xoşladığı “Beynəlxalq panorama” proqramı olub... M.Zaxarova 1998-ci ildə Rusiya XİN-in nəzdindəki Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq jurnalistika və şərqşünaslıq fakültəsini bitirib. Praktikasını da Rusiyanın Çindəki səfirliyində keçib. 2003-cü ildə Xalqlar Dostluğu Universitetində “Çinin qədim bayram ənənələri müasir zamanda” mövzusunda elmi işi müdafiə edib, tarixi elmləri namizədidir. 1998-ci ildə XİN-in “Diplomatik xəbərlər” jurnalında işləyib. 2005-2008-ci illərdə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində mətbuat katibi olub. Həyatını dəyişən 10 avqust M.Zaxarova 2015-ci ilin 10 avqustunda xarici işlər naziri Sergey Lavrovun əmri ilə XİN-in İnformasiya və Mətbuat Departamentinin rəhbəri təyin olunub. Rusiya XİN-in tarixində ilk dəfədir ki, bu post qadına həvalə olunub. İngilis və Çin dillərinin bilir. Saç düzümü və manükürü Rusiya mətbuatında onun xarici görünüşü haqqında müsbət fikirlər yazılır. Bildirilir ki, işinin ağır olmasına baxmayaraq, Zaxarova daima özünə ciddi diqqət yetirir, saç düzümü və dırnaqlarının manükürünü belə unutmur. Məlumatlara görə, Zaxarova bu posta təyinatından sonra XİN-in “rəsmi dilində” xeyli dəyişikliklər olub. Zaxarova özü də deyir ki, xarici təcrübəni öyrənirlər və müasir dünya ilə ayaqlaşmaq lazımdır. Zaxarova Serbiya prezidenti ilə bağlı paylaşımından da göründüyü kimi, sosial şəbəkələrdə də çox aktivdir. Milliyyəti haqda nə yazırlar, özü nə deyir? Onun milliyyəti haqda da internet resurslarında maraqlı iddia var. Məsələn, onun sinəsində görünən David ulduzlu boyunbağısı haqda danışanlar Zaxarovanın yəhudi olması barədə iddialar irəli sürüb. Sosial şəbəkədə izləyicilərindən biri onun sinəsində parlayan altıguşəli David ulduzuna diqqət çəkib və xristian bir qadının niyə yəhudi simvolu gəzdirməsi ilə maraqlanıb. Onun özü isə bu iddialara sosialı şəbəkədə aydınlıq gətirmişdi. Zaxarovanın sözlərinə görə, dayısı ona zərgərlik dükanından qızıldan hazırlanmış boyunbağı alıb. “Üzərində “Yerusəlim” (Qüds) yazılan o qızıl boyunbağı o vaxtdan məndədir” yazan Zaxarova pravoslav olduğunu və ya “buna çalışdığını” qeyd edib. “Bizim din nifrəti qadağan edir”, yazan Zaxarova xüsusi qeyd edir ki, bütün cür millətçiliyi rədd edir: “Mən David ulduzunda gül və ya qar dənəsi ”görməyənlərin də zehniyyətinə qarşıyam”. Həyat yoldaşı kimdir? XİN rəsmisinin anası haqda məlumat yoxdur. Atası Vladimir Zaxarov isə şərqşünasdır. Xanım Zaxarova ərdədir və Mariyanna adında kiçik qızı var. Onun həyat yoldaşı, ailə münasibətləri haqda məlumatlar çox azdır. Zaxarovanın sözlərinə istinad edən Rusiya KİV-ləri yazırdı ki, diplomat boş vaxtlarını qızına ayırır. İşi ilə əlaqədar tədbirlərdə və səfərlərdə olan diplomat xanım əlbəttə ki, dayəsiz və yaxınlarının köməki olmadan keçinə bilməz. Zaxarova deyir ki, onun adi ailə həyatı, sıravi vətəndaşlar kimi problemləri və qayğıları var. Sosial şəbəkədəki səhifəsində də ərinin kimliyi və harada işləməsi haqda xanım diplomat heç nə yazmayıb. Rubrika.az Geri qayıt |