Əsas Səhifə > Cəmiyyət > "Qayınatam həkim iş yoldaşlarına dedi ki, hamamda yıxılmışam"- bir il əri tərəfindən döyülən qadın

"Qayınatam həkim iş yoldaşlarına dedi ki, hamamda yıxılmışam"- bir il əri tərəfindən döyülən qadın


18-09-2020, 12:55
"Qayınatam həkim iş yoldaşlarına dedi ki, hamamda yıxılmışam"- bir il əri tərəfindən döyülən qadın

Bakıda əri tərəfindən bir il müddətində mütəmadi olaraq döyüldüyünü deyən qadın hüquqlarını bərpa edə bilmir. Onun sözlərinə görə, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır.

RUBRIKA.AZ Musavat.com-a istinadla xəbər verir ki, G.H (Zərərçəkmişin ad və soyadı şərti olaraq göstərilib-red) əri Nəriman Həsənov tərəfindən toylarında bir neçə gün sonra döyülüb. Bu döyülmə hadisələri sonradan mütəmadi hal alıb. Ailəsinin dağılmaması üçün susduğunu deyən qadın bildirir ki, bir ilə yaxın davam edən işgəncədən sonra ərindən şikayətçi olub və boşanıb. Döyülməsi ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.

G.H əri tərəfindən döyülməsi ilə bağlı Nizami Rayon Prokurorluğuna şikayət verib. Amma müstəntiq Tale Səfərovun qərarı ilə cinayət işinin başlanması rədd olunub.

Bu qərardan narazı qalan G.H bildirib ki, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar bu ilin mart ayının 19-da qəbul edilib. Amma martın 30-na qədər müraciət etsə də, ona bu barədə məlumat verilməyib. Qərarın sürəti poçt vasitəsi ilə də ona göndərilməyib.

“Belə bir qərarın qəbul edilməsini isə prokurorluğa gedərkən təsadüfən öyrənmişəm”,- deyə, G.H qeyd edib.

2018-ci ilin iyul ayında ailə həyatı qurduğunu deyən G.H bildirib ki, əri ilə qısa müddət mehriban yaşasa da sonradan müxtəlif bəhanələrlə döyülüb, təhqir edilib. O, ailəsinin dağılmaması üçün bu əziyyətlərə dözdüyünü söyləyib.

Onun sözlərinə görə əri tərəfindən növbəti dəfə döyüldükdə, qayınatası özü onu həkimə aparıb. Həm də, özünün həkim olaraq çalışdığı “Diaqnoz” Tibb Mərkəzinə.

“İş yoldaşları qayınatamdan nə olduğunu soruşduqda o dedi ki, hamamda ayağımın sürüşüb və yıxılmışam. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim. 2019-cu ilin mart ayın yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 mm hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bundan sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə “hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi” diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm”,- deyən G.H əlavə edib ki, əri onun üstünə bir neçə dəfə də bıçaq çəkib.

G.H qeyd edir ki, əri tərəfindən döyülərkən telefon vasitəsilə onun səsini də qeyd edib: “Bundan özünün də məlumatı olub. Məni döyərkən ona səsini yazdığımı və məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini demişəm. O isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəm” kimi ifadələrlə məni döyməyə davam edib. Döyüləndən sonra ayağımın və qollarımın xəsarət alan yerlərinin fotosunu da telefon vasitəsilə çəkmişəm. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir. Bunu anlamaq üçün xüsusi biliyə malik olmağa və ya ekspert olmağa ehtiyac yoxdur”.

G.H söyləyib ki, döyülməsini bildirən kifayət qədər sübutlar var, amma cinayət işinin açılması rədd edilib: “Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə, şəkillər olmasına baxmayaraq, heç bir mötəbər sübuta əsaslanmadan, əsassız olaraq cinayət işinin başlanması rədd edilib. Keçmiş ərim əlaqələrindən istifadə edərək cinayət işinin başlanmasına mane olur. O, polis əməkdaşı olduğu üçün Nizami Rayon Prokurorluğunda tanışları vasitəsi ilə bu iş ört bas edə bilir”.

Nəriman Həsənov isə bildirib, G.H hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.

G.H isə qeyd edir ki, sonuncu xəsarətləri doğuşdan bir neçə gün sonra alıb: “Ekspertiza rəyində və xəstəlik tarixçələrində qeyd olunan aldığım xəsarətlərlə bağlı ekspert və tibb müəssisəsinin həkimlərinin də izahatları alınıb, verilən izahatlarda xəsarətlərin kənar təsir, yəni, döyülmə nəticəsində əmələ gəlməsinin inkar olunmadığı qeyd olunub”.

Qeyd edək ki, G.H cinayət işinin başlanmasının rədd edilməsinə dair Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərovun qərarından məhkəmə qaydasında şikayət verib. Şikayət təmin edilib və iş yenidən prokurorluğa qaytarılıb.

RUBRIKA.AZ
Geri qayıt