Əsas Səhifə > Manşet > Böyük müharibənin SON SAVAŞI

Böyük müharibənin SON SAVAŞI


29-09-2020, 12:05
Böyük müharibənin SON SAVAŞI

Xocalının, Şuşanın, Laçının, Xankəndinin, Füzulinin səmalarını dolaşan nigaran şəhid ruhları “gəldilər” deyərək sevinir

Nəhayət ki... 30 ildir Azərbaycan xalqının qəlbində qövr edən bir həsrətə, bir nisgilə, bir utanca son qoyulur. 27 sentyabr sabahı bir başqa sabah oldu. Anamız Qarabağın düşmən tapdağında qalan torpaqları Azərbaycan əsgərinin qalibiyyət sadalı atəş səslərinə oyandı. Xocalının, Şuşanın, Laçının, Xankəndinin,Füzulinin səmalarını dolaşan nigaran şəhid ruhları “gəldilər” deyərək sevindi!

Ali Baş Komandanın əmri ilə müzəffər Azərbaycan
ordusu bütün cəbhə boyu hücuma keçib, düşmənə sarsıdıcı zərbələr endirilir, torpaqlarımız azad olunur. Tarixin ən şərəfli səhifələrinin yazıldığı günlərin şahidiyik. Elə tarixin ən şərəfsiz səhifələrinin yazıldığı günlərin şahidi olan bizlərə bundan böyük sevinc,xoşbəxtlik olmaz. Qarabağsız böyüyən bir gənclik,bir nəsil Qarabağı bizlərə qaytarmaq uğrunda qəhrəmanlıq dastanı yazır. Bizim səhvlərimizin bədəlini bizim balalarımız ödəyir! Alnımızda Qarabağ boyda bir qara ləkə vardı. Dədələrimizin at oynatdığı yurd yerlərini qapımızın nökərlərinə, sürülərimizin çoban itlərinə təhvil verib “qaçqınam,köçkünəm yarama dəymə” deyib boz-bayatı çəkirdik. 30 il bizi alçaltdılar, təhqir olunduq, namusumuza, ləyaqətimizə laf etdilər,əl atdılar. “Səbr daşı, çatdadı bağrımın başı” deyərək dözdük, susduq. Düşmən Şuşada yallı getdi, kabab çəkdi, şərab içdi. Onlar qələbənin həzzindən məst oldular, biz məğlubiyyətin acısından qəhr olduq.

Qılınc qınından çıxdı, “vur,komandir,vur”
deyənlərin arzusu həyata keçdi


Nəhayət ki... Qılınc qınından çıxdı, “vur,komandir,vur”
deyənlərin arzusu həyata keçdi. Ali Baş Komandan “VUR” əmrini verdi. Bu artıq Böyük Vətən Müharibəsidir,Qurtuluş savaşıdır, haqqın,tarixi ədalətin zəfər günüdür. Bütün Azərbaycan ayaqdadır, bütün xalq əsgərdir. Qələbə bəlkə də heç vaxt bu qədər bizə yaxın olmayıb. Hamı onun ətrini duyur,səsini eşidir. Bu bizim son savaşımızdır- Üçüncü Qarabağ müharibəsi olmayacaq! Xalq olaraq,millət olaraq,dövlət olaraq bu ləkəni üzərimizdən götürməliyik,bu utancdan qurtarmalıyıq. Kişinin düşməni də kişi olmalıdır-biz düşmən sarıdan da yarımadıq. Namərd,tarixin ən qədim fahişələri olan bir sürü ilə üz-üzə qaldıq. Özləri də yanlarını gündə bir qucağa qoyaraq üstümüzə hürdülər. 30 il idi ki, biz yalnız Qara bir boşluq idik, artıq Qarabağ olmanın zamanı çatıb. Torpaqlarımız qarış-qarış azad olunur, biz artıq Qarabağa Murov zirvəsindən baxırıq. Vətən torpağı şəhid qanlarıyla yuyulur,paklanır. Ana vətən 30 ildir hamilə olduğu şəhid məzarlarını doğurur. Bu savaşın sonunda böyük Qələbə var. Hamımız inanırıq-dövlətimizə,ordumuza inanırıq. Qulağımız qələbə sorağındadır-o gün uzaqda deyil!

Böyük müharibənin SON SAVAŞI

Gözünüz aydın olsun,yurdumun qələbə sevincinə gözləri yaşaran qız-gəlini!

İlk qələbə sorağını xalqa çatdıran İctimai televiziyanın aparıcısı Jalə Həsənli sevincindən göz yaşlarını saxlaya bilmədi,bu xəbəri ağlayaraq çatdırdı. Kövrək,möhtəşəm anlar idi,bütün xalq sevinc göz yaşlarını axıdırdı o anlarda. Bu yaşları axıtmaq üçün 30 il gözümüzü döymüşük. Gözünüz aydın olsun,yurdumun qələbə sevincinə gözləri yaşaran qız-gəlini. Qara bağladığınız başınızı dik tutun-Qarabağda toy-düyünümüz var hələ!

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt