Əsas Səhifə > Dünya > Qarabağda müharibədir, amma Paşinyan Vyananın, Rusiyanın təhlükəsizliyindən danışır...

Qarabağda müharibədir, amma Paşinyan Vyananın, Rusiyanın təhlükəsizliyindən danışır...


2-11-2020, 11:23
Qarabağda müharibədir, amma Paşinyan Vyananın, Rusiyanın təhlükəsizliyindən danışır...


Qarabağ müharibəsi başlayandan Nikol Paşinyan müxtəlif ünvanlara müraciət edib. Xalqa müraciət edəndə suallar qoyub, xalqdan çıxış yolları soruşub, Azərbaycanın şərtlərini qəbul etməyi də sual şəklində ünvanlayıb və özünün qəbul etmədiyini vurğulayıb. Onu Rusiyanı incik salan ölkə rəhbəri kimi hallandırıblar. Bu fikri neytrallaşdırmaq üçün Ermənistanın baş naziri ən çox Rusiyaya müraciət edib. Yazılı, şifahi, telefonla. Bütün bu müraciətlərdə kömək etmək, Azərbaycana təsir etmək xahişləri başda gəlsə də, məsələnin arxa planı da var. Paşinyan məğlub olacağı təqdirdə (qeyd edək ki, bu çox yaxındır) özünü bəribaşdan sığortalamağa çalışır və Ermənistan cəmiyyətinə sübut etmək istəyir ki, bütün zəruri olan addımları atıb: xalqla məsləhətləşib, Rusiyaya yalvarıb, Fransa nə lazımdırsa onun xahişi ilə edib, ABŞ da pis-yaxşı nəsə danışıb. Deməli, bu Paşinyanın yox, elə xalqın və kömək umduqları ölkələrin məğlubiyyəti kimi qəbul olunacaq. Tarixdə ən azı qeyd olunan ittihamlardan yaxa qurtarmaq üçün bu addımları zəruri hesab edir.

Rusiya prezidenti bir-birinin ardınca erməni iş adamlarından , Araik Arutunyandan, baş nazir Paşinyandan serial məktublar, müraciətlər alır və öz aləmində üzüdönüklərə dərs verir. Paşinyanın son “sevgi” məktubuna cavabın XİN sözçüsü Mariya Zaxarova tərəfindən verilməsi bu saxta sevgiyə “rədd cavabı” kimi dəyərləndirilə bilər. Bu cavabın verilməsi gözlənilən idi. Elə zənn etməyək ki, bunula da məktublaşma bitəcək. Yox, hələ təhlükəsizlik məsələləri ətrafında məsləhətləşmələr aparılacağı barədə fikirlər erməni siyasətçilərin şərhlərində başda gəlir. Və təhlükəsizlikdən danışanda utanmadan özlərinin deyil, Rusiyanın təhlükəsizliyini önə çəkirlər. Guya Azərbaycanda xeyli Suriya terrorçusu varmış və bunlar Rusiyaya təhlükədir, ona görə də Moskva hərbi qüvvə ilə gəlib Ermənistana kömək etməlidir. Nə vaxtdan təhlükənin haradan gəldiyini Kremlə Ermənistan xəbər verirmiş, peşəkar dillə desək əməliyyat şəraitinə Moskva deyil, Paşinyan nəzarət edirmiş.

Paşinyan yalnız Rusiyanın deyil, Avropanın da təhlükəsizliyinin qeydinə qalıb, hələ Aralıq dənizi ölkələrinin, bütün ərəb dünyasının da təhlükəsizliyinə cavabdeh kimi xəbərdarlıqlar edir. Utanmadan Türkiyənin Vyananın qapısına dirənəcəyindən, ərəb ölkələrində Osmanlı imperiyasının qurulmasından, Rusiyanın bütün Qafqazı Türkiyəyə uduzacağından danışır və bu boyda nəhəng ərazinin təhlükəsinin səbəbini də Qarabağda Azərbaycanın torpaqlarını işğaldan azad etməsində göstərməyə çalışır. Üstəlik İranı da məzhəb davası ilə qorxutmağa çalışır.

Şuşanın beş kilometrliyində müharibə getdiyini etiraf edənlər hələ də dünyanı saxta əzabkeş obrazları ilə aldatmağa cəhd edir. Amma, bütün bu saxta imicin sonu çatmaq üzrədir. Azərbaycan Ordusu “erməni məsələsi” adlı saxta ideologiyaya son qoymaq üzrədir. Amma düşmən atdan yıxılsa da iddiasından hələ əl çəkməyib. Ona görə də bu məkrli və qəddar düşməni sonadək qovmaq lazımdır.
Azərbaycan əsgəri Şuşanın qapısını döydüyü bir zamanda, Paşinyan Vyana qapılarının təhlükəsindən danışır. Paşinyan da, Arutunyan da məktubun ünvanını səhv salıb. Səni döyən kimdirsə ondan qorxmalısan, ona müraciət etməlisən. Məktub Azərbaycana ünvanlanmalı, ağ bayraq qaldırıb Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirməliydilər. Gec deyil. (moderator.az)

Rubrika.Az
Geri qayıt