Əsas Səhifə > Aktual > Koronavirusun iki üzü - virusa yoluxmuş və sağalmış həkimin təəssüratı

Koronavirusun iki üzü - virusa yoluxmuş və sağalmış həkimin təəssüratı


3-11-2020, 17:52
Koronavirusun iki üzü - virusa yoluxmuş və sağalmış həkimin təəssüratı

ABŞ-ın Nyu-York şəhərində nəşr olunan “Daily News” qəzeti Pittsburqda təcili yardım həkimi kimi çalışan, koronavirusla mübarizə aparan, özü də virusa yoluxan professor Luk Larkinin məqaləsini dərc edib. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Məqalə orijinalda “Mən COVİD-i hər iki aspektdən görmüşəm: həm həkim, həm də xəstə kimi” adlanır.

Biz Amerikada COVİD-19-a yoluxma hallarını nəzarətdə saxlamağa çalışırıq və ona görə də elektron poçt ünvanımıza və sosial şəbəkələrdəki hesablarımıza xəstəlik haqqında dezinformasiyalar da daxil olur. Bütün bunları nəzərə alaraq, mən həkim kimi həm özümdə, həm də işimdə COVİD-19-a qarşı mübarizə aparmış bir şəxs olaraq fikirlərimi tam səmimi şəkildə paylaşmaq istərdim.

Mən peşəkar səviyyədə təcili yardım xidmətində Səhiyyə Nazirliyinin sertifikatlaşdırdığı həkim və professor kimi fəaliyyət göstərirəm. Qubernator Kuomo təcili tibbi yardım xidməti göstərən səhiyyə işçilərindən onun seçki dairəsinə kömək etməyi xahiş edəndə mən bu çağırışa cavab verdim. Pittsburqdakı rahat evimi qoyub aprelin 1-də demək olar ki, bomboş bir təyyarə ilə Nyu-Yorka yola düşdüm. Həmin tarix Beynəlxalq Gülüş Günü olsa da, təəssüf ki, heç kimin üzü gülmürdü. COVİD pandemiyasının episentrinə getməkdə məqsədim nə lovğalanmaq, nə də öz eqomu yüksəltmək idi. Məni çağırdıqları üçün gedirdim. Təcili yardım həkimi kimi fəaliyyət göstərdiyim 30 il ərzində ömrüm çağırışlara cavab verməklə keçib. Mən öyrənməyi sevirəm, insanlara kömək etməyi isə ondan daha çox sevirəm.

Ön cəbhədə çalışan səhiyyə işçilərinin travmaya məruz qalması ilə bağlı nə qədər çox söz-söhbət yayılsa da, hadisələrin episentrində işləmək həm mənim üçün, həm də ümumi bir düşmənə qarşı çiyin-çiyinə mübarizə aparan saysız-hesabsız digər tibb işçiləri üçün əhəmiyyətli və dərin məna kəsb edən bir təcrübə idi. Xilasedicilər və yanğınsöndürənlər kimi, biz də yanan binalara doğru cəsarətlə qaçırıq və xidmət göstərməyi üstünlük və prioritet hesab edirik. Biz elmin yaratdığı imkanlardan, həm də şəfqət və mərhəmətin verdiyi gücdən ilhamlanaraq dinindən, irqindən, fiziki məhdudiyyətlərindən, yaxud gəlirlərindən asılı olmadan hər kəsə kömək etmək üçün buradayıq. Tibb işçilərinin əsas qayəsi insanlara xidmət etməkdir. Xəstəliyin simptomlarından əziyyət çəkən və özünü yaxşı hiss etməyən şəxslərə xidmət göstərmək isə bizim üçün fəxrdir. Biz sizdən üz döndərməyəcəyik.

Amma əsas istəyimiz odur ki, sizin bizə ehtiyacınız olmasın və heç vaxt xəstələnməyəsiniz. Ona görə də sizdən məsafə saxlamağınızı və bu Hellouin bayramında və hər zaman maskadan istifadə etməyinizi xahiş edirik.

Rubrika.Az
Geri qayıt