Əsas Səhifə > Cəmiyyət > Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı məhkəmə qərar verdi
Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı məhkəmə qərar verdi18-12-2020, 17:29 |
|
Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Rubrika.Az bildirir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib. O bildirib ki, hakim Solmaz Mustafayeva sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb. Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək, yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Rubrika.Az Geri qayıt |