Əsas Səhifə > Manşet > Badamdar qəsəbəsi 3-cü massiv sakinləri "Azəriqaz" və "Azərişıq"dan narazıdır — ŞİKAYƏT
Badamdar qəsəbəsi 3-cü massiv sakinləri "Azəriqaz" və "Azərişıq"dan narazıdır — ŞİKAYƏT11-01-2021, 16:19 |
![]() Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun diqqətinə Bütün dünya bir ilə yaxındır ki, Covid 19 pandemiyasının əlində əsir-yesir qalıb. Operativ Qərargah, TƏBİB hər gün xalqa müraciət edir ki, özünüzü soyuqdan qoruyun, xəstələnməyin. Amma, bu çətin günlərdə Badamdar qəsəbəsi 3-cü massivin sakinlərinin dünya başınma dar olub. Daha doğrusu bir gün Azərişıq, bir gün Azəriqaz massiv sakinləri ilə gizlənqaç oynayır. Həftənin tək günləri Azərişıq sakinlərə göz vurur, cüt günləri Azəriqaz “Qazlarım, evə gəlin” oyunu oynayır. Qışın bu soyuq günlərində bir gün işıq yanmır,bir gün qaz. Eşitmişdik ki, adamın bir gözü ağlayanda heç olmasa biri gülər. Azərişıqla Azəriqazın sayeyi-mərhəmətindən Badamdar sakinlərinin hər iki gözü ağlar qalıb. Əvvəllər atalar üçdən deyirdilər. İndi deyəsən Azəriqaz, Azərişıq üçdən, yəni 3-cü massivdən deyir. Belə olmasaydı minlərlə insanı bu çətin dövrdə işıqla, qazla imtahana çəkməzdilər. Camaat bilmir virusun dərdini çəksin, karantinin qəmini etsin, yoxsa soyuqdan donmamağın yollarını arasın. Paytaxtın ən böyük yaşayış massivlərindən biri çətin sınaq qarşısında qalıb. İki dövlət qurumu sözü bir yerə qoyaraq vətəndaşları taleyin ümidinə buraxıblar. Massiv sakinləri nə qədər şikayət etsələr də dərdlərinə əlac edən yoxdur. Hələ ki, 3-cü massivdə işıqla qazın ikisini bir yerdə görən olmayıb ki, bu xoşbəxt anlara şahidlik etsin. Rubrika.az saytına müraciət edən sakinlər əlaqədar dövlət qurumlarından yardım istəyirlər. Sakinlər deyirlər ki, tezliklə işıq,qaz problemi həll edilməsə dövlət 3-cü massivdə modul tipli xəstəxana tikmək məcburiyyətində qalacaq. Yəqin oranın işığı və qazı daimi olar! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |