Əsas Səhifə > Manşet > "400 MİNLİK TOYUN" VAĞZALISI - YENİ AZƏRBAYCAN PARTİYASI MÜTLƏQ YENİLƏNMƏLİDİR!

"400 MİNLİK TOYUN" VAĞZALISI - YENİ AZƏRBAYCAN PARTİYASI MÜTLƏQ YENİLƏNMƏLİDİR!


11-02-2021, 14:43
"400 MİNLİK TOYUN" VAĞZALISI - YENİ AZƏRBAYCAN PARTİYASI MÜTLƏQ YENİLƏNMƏLİDİR!

Belə açıqlamalarla “əsrimizin Siyavuşu”na çevrilmək olmaz

Ötən il baş tutan və cəmiyyətdə ciddi rezonans doğuran, səsi hələ də qulaqlardan getməyən Ramiz Mehdiyevin nəvəsinin toyunu yəqin ki, çoxlarınız xatırlayırsınız. Karantin qaydalarının kobud şəkildə pozulduğu və qanunların heçə sayıldığı bu toyda ölkənin tanınmış siyasət adamları da iştirak etmişdi. Akademikin dəvətini qəbul edərək toyda ailəliklə iştirak edənlərdən biri də deputat Səyavuş Novruzov idi. Ombusmanla birlikdə toyda iştirak edən deputat sonradan verdiyi ilk müsahibəsində bu əməlinə “düz eləmişəm” deyərək haqq da qazandırmışdı. Ancaq ciddi təpkilərdən və rəhbərliyində təmsil olunduğu YAP-dan bir yağlı töhmət alandan sonra Səyavuş müəliim akademiki top-tüfəngə tutmuşdu ki, onu aldadaraq toya aparıblar, yoxsa qətiyyən belə addım atmazdı. Toya nə qədər nəmər yazdırdığını bilməsəm də qanunları pozduğuna görə 400 manat cərimə olunan deputat keçmiş kəşfiyyatçı xarakterinə uyğun olaraq hərbi əməliyyatlar səngiyəndən, müharibə qurtarandan sonra bu pulu geriyə qaytarmaq üçün hərəkətə keçib. Maaşa baxan adam üçün 400 manatın böyük pul olduğunu nəzərə alsaq Novruzovun bu əməlinə haqq qazandırmaq olardı. Amma və lakin...
Ağlı başında olan hər kəs görür ki, ölkədə ciddi proseslər gedir. Artıq köhnə qaydalarla idarə etmək istəmirlər, köhnələr də yeni qaydalarla idarə olunmaq istəmirlər. Beşinci,altıncı, bəlkə də onuncu kolunun nümayəndələri boy qaldırır. Bir qrup iqtisadi sabotaja əl atır, bir qrup qələbəyə kölgə salmağa çalışır, digərləri qarayaxma kompaniyası aparır. Əlqərəz hər ağızdan bir avaz gəlir. Belə bir məqamda S.Novruzovun 400 manatdan ötrü Daxili İşlər nazirliyini 400 min manat cərimə etmək tələbilə məhkəməyə müraciət etməsi də sıradan bir hadisə sayıla bilməz. Mən inanıram ki, rəhmətlik Məhəmməd Füzuli prezident təqaüdünü ala bilmədiyi kimi deputat da bu 400 mini ala bilməyəcək. Ancaq burada söhbət necə deyərlər “vnimatelni” olmaqdan gedir.
Baxmayaraq ki, S.Novruzov özü qanunverici orqanda saç ağardıb, yenə də qanunları pozması ilə barışa bilmir. Bildirir ki, deputat olduğu üçün onu heç kim cərimələyə bilməz. Sinəsində orden medallardan yer qalmayan Səyavuş müəllim Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. YAP-ın əsas funksionerlərindən biri olub, uzun illərdir ki, Milli Məclisdə əyləşir, təltiflər, mükafatlar və sairə və iləaxır.İndi toyun zurna-qavalının səsinin qulaqlardan təzəlikcə çəkildiyi bir zamanda yenidən cərimə söhbətinə qayıtmaq və 400 min təzminat davası aparmaq qəribə hisslər yaradır. Vətən müharibəsində böyük şücaət göstərən, yüzlərlə şəhid verən və bu gün sabitliyin, əmin-amanlığın qorunmasında böyük rol oynayan Daxili İşlər Nazirliyini məhkəməyə vermək, özü də bunun məhşur bir deputat tərəfindən edilməsi düşündürücüdür.
Mən uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Baş verənləri analiz edəndən, prosesləri izləyəndən sonra düşünürəm ki, Yeni Azərbaycan Partiyası mütləq yenilənməlidir. Cənab Prezident Şuşada bildirdi ki, işğal altındakı torpaqları onun hakimiyyəti dövründə yetişən gənc nəsil azad etdi. Onlar bu xalqa, dövlətə sədaqətlərini, sevgilərini qanları bahasına qazandıqları qələbələri ilə sübut etdilər. Bu gün meydan onlarındır- meydan onlara verilməlidir. Hər dəfə ağzını açanda bir ay cəmiyyətdə lağlağı obyektinə çevrilənlərlə vidalaşmağın vaxtı çoxdan çatıb. Hamı-adi vətəndaş da, məmur da, deputat da anlamalıdır ki, artıq yeni bir dövr başlayıb. 90-cı illərin düşüncə tərziylə nə iqtidarlıq, nə də müxalifətçilik etmək olmaz. Aparılan son islahatlar sübut edir ki, cəmiyyət yeniliklərə açıqdır, hətta bir az da bu dəyişikliklərə “acıyıb”. Belə bir məqamda uzun illər iqtidar komandası adından danışan birisinin bu tip açıqlamalar verməsi təəssüf doğurur. Hətta Avropa Məhkəməsinə qədər gedəcəyini söyləyən cənab deputat təzminat alacağı pulu şəhid ailələrinə verəcəyini də deməyi unutmayıb. Deməyə söz tapmıram vallah. Üzrü günahından böyük olan bu “vətənpərvərlik” şəhid ailələrinin onsuz da kövrək olan hisslərinə toxunmaqdır. Belə açıqlamalarla “əsrimizin Səyavuşu”na çevrilmək olmaz., cənab Novruzov.
P.S. Öz aramızdır, S.Novruzov doğrudan da qiymətini bilən adamdır. Hələ indiyə qədər Azərbaycanda 400 min manata toya gedən olmayıb !

NİCAT MAHMUDOV
Rurbika.Az

Geri qayıt