Əsas Səhifə > Manşet > Bir qəpik ödəmədən...tibbi sığorta Respublika Klinik Xəstəxanasında necə qurulub? - Faktlar

Bir qəpik ödəmədən...tibbi sığorta Respublika Klinik Xəstəxanasında necə qurulub? - Faktlar


8-04-2021, 15:12
Bir qəpik ödəmədən...tibbi sığorta Respublika Klinik Xəstəxanasında necə qurulub? - Faktlar

Azərbaycanda çoxdan gözlənilən və illərlə təklif olunan icbari tibbi sığorta nəhayət aprelin 1-də bütün ölkəni əhatə etməyə başladı.

Artıq bir həftədir ki, respublikada əhali bir qəpik ödəmədən, Türkiyədə, Gürcüstanda, inkişaf etmiş Qərbi Avropa ölkələrində olduğu kimi dövlət xəstəxanalarında tibbi sığorta imkanından yararlana bilir.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.

O baxımdan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və sədri Zaur Əliyevin üzərinə bundan sonra böyük yük, zəhmət düşür, həm də son dərəcə pozitiv, əhalinin ürəyindən olan xeyirxah bir işə start verilir.

Vətəndaşlarımız hər zaman səhiyyə xidmətlərindən, ayrı-ayrı xəstəxanalarda xoşagəlməz hallardan şikayətlənirdilər. İndisə icbari tibbi sığorta hamıya şamildir və cəmiyyətin də, dövlətin də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən, onun sədri Zaur Əliyevdən çox böyük gözləntiləri var. Prosesin müsbət yöndə intensiv və fəal başlamasından görünür ki, Z.Əliyev ona olan etimadı doğruldacaq.

Rubrika.Az-ın əldə etdiyi məlumata görə, tibbi sığortanın tətbiq olunduğu və vətəndaşların ən çox müraciət etdiyi Mirqasımov adına Respublika Klinik Xəstəxanadır. Aprelin 1-dən xəstəxanaya gedən insanlardan bu günə qədər kimsə tibbi sığortanın təşkilindən giley-güzar etməyib.

Əksinə, saytımıza gələn məlumatlar, eləcə də aparılan müşahidələr, sosial şəbəkədə yazan ayrı-ayrı insanlar qeyd edirlər ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında icbari tibbi sığorta yüksək səviyyədə təşkil olunub. Nəzərə alsaq ki, təkcə paytaxt sakinlərinin deyil, o cümlədən əyalətlərdən, regionlardan gələn yüzlərlə xəstəni hər zaman qəbul etmiş, ona şəfqət göstərmiş “Respublikanski” xəstəxana bu gün də tibbi sığorta sisteminin tətbiqində seçilir, fərqlənir, insanlara xidmət göstərir. Təbii ki, bu sığorta sisteminin səhiyyə ocağında səviyyəli şəkildə təşkil edilməsində adıçəkilən xəstəxananın baş həkimi Telman İbadovun xüsusi fədakarlığını, diqqətini qeyd etmək lazımdır.

T.İbadovun həssaslığı, xəstəxanada ən kiçik detallara diqqət yetirməsi, göstərilən xidmətlə bağlı gündəlik araşdırma aparması, təhlillər aparması göstərir ki, gündən-günə tibbi sığortanın təşkilində ciddi nəticələr əldə olunacaq.

Baş həkim, əməkdar həkim Telman İbadovun sözlərinə görə, aprelin 1-dən hər yerdə olduğu kimi Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da icbari tibbi sığorta yüksək səviyyədə təşkil olunub.

T.İbadov vətəndaşların göstərilən xidmətdən razı qaldığını, onlar üçün hər şey asanlaşdırıldığını qeyd etdi. Baş həkim əmindir ki, icbari tibbi sığortadan əhalinin böyük faizi istifadə edəcək və müsbət cəhətlərini görəcək.

Onun dediyinə görə, xəstəxanaya müraciət edən insanlar bu sistemdən razılıq edirlər. Pandemiya olması səbəbindən xəstəxanada pasientlərin qəbulu zamanı da karantin tələblərinə uyğun fəaliyyət göstərilir, bütün şərtlər yüksək səviyyədə təşkil olunur.

Ümumiyyətlə, dövlətin səhiyyə sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi üçün akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Bu xəstəxana əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlığının səmərəli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb aparatlarla təmin olunub.

Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək xəstələrin istifadəsinə verilmişdir, o cümlədən, Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku və s.

Onu da demək lazımdır ki, xəstəxana ən müasir avadanlıqlarla - ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqlarla təchiz edilib.

M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə paytaxtdan olan sakinlərə deyil, Bakıda məskunlaşan məcburi köçkünlərə də xidmət göstərir. Bu qocaman xəstəxana həqiqətən hər kəsin - ən ağır vəziyyətdə, ən ümidsiz halda, ən yoxsul şəraitdə yaşayan insanların, xəstələrin güman yeridir. Ölkədə aztəminatlı, özək klinikalara getmək imkanı olmayan ailələr hər zaman arxayındır ki, onlara təmənnasız xidmət göstərən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası var. Onları geri qaytarmayacaq, dərdinə dərman edəcək bir xəstəxana...Və bu gün də tibbi sığortanın yüksək səviyyədə təşkil olunması insanlarda böyük inam yaradıb ki, sözügedən tibb ocağının qapısını rahatlıqla döyə biləcəklər. Özü də daha müasir, daha keyfiyyətli, daha məsuliyyətli xidmət göstərərək. Təbii ki, heç kəsə xəstəlik arzulamırıq, amma kimsə bundan sığortalanmayıb, hər birimiz səhhətimizdə hansısa problemdən şikayət edirik. Ona görə bizim tibbi sığortamızı təmin edən yer olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanaya güvənmək olar.

Əfsular olsun ki, bəzən xəstəxananın fəaliyyətilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılır. Onlara deyil, bizə və baş həkim başda olmaqla xəstəxananın tibb personalına inanın..

AQŞİN ƏHMƏDOV
RUBRİKA.AZ

Geri qayıt