Əsas Səhifə > Manşet > Atatürk prospekti varsa...Ərdoğan adına küçə və “Qardaşlıq parkı” niyə olmasın?! - Prezidentə müraciət olundu

Atatürk prospekti varsa...Ərdoğan adına küçə və “Qardaşlıq parkı” niyə olmasın?! - Prezidentə müraciət olundu


9-04-2021, 21:45
Atatürk prospekti varsa...Ərdoğan adına küçə və “Qardaşlıq parkı” niyə olmasın?! - Prezidentə müraciət olundu

Dünya siyasətinin ən azı yaxın 100 ilinə geri çevrilib ekskursiya edəndə kimsə nümunə göstərə bilməz ki, iki dövlət rəhbəri bir-birinə sidq-ürəklə, içdən gələrək, səmimi qəlbdən “Əziz qardaşım” söyləsin.
Bəşəriyyətin siyasi palitrasında və dövlətlərarası münasibətlərdə ikinci belə nümunə yoxdur ki, qarşılıqlı olaraq “qardaş ölkə” adlandırılsın.


Bəli, var dost ölkələr, var müttəfiq ölkələr, var sıx əməkdaşlıq edən ölkələr, amma Türkiyə-Azərbaycan kimi, Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğan kimi qardaş ölkələr və qardaş prezidentlərin təkrarı yoxdur.
Bu, XX və XXI əsrin möhtəşəm tarixi reallığıdır. Kitablara, dərsliklərə düşəcək, tarixdən hər zaman öyrəniləcək bir qardaşlıq nümunəsidir.
Ona görə də İ.Əliyevlə R.T.Ərdoğan kimi bir-birinə hər addımında “Əziz qardaşım” söyləyən başqa prezident yoxdur. Nə Rusiya lideri Vladimir Putin forpostu olan Belarusun prezidenti Aleksandr Lukaşenkoya, nə ABŞ prezidenti ən yaxın tərəfdaşı olan NATO dövlətlərindən birinin başçısına “Əziz qardaşım” deyə xitab etmir.
Yadınıza salın, “Əziz qardaşım” deyə Azərbaycan və Türkiyə prezidentləri bir-birinə nə zamandan müraciət edirdilər. Hələ o zaman nə Qarabağ konfliktinin həllində irəliləyiş vardı, nə dondurulmuş münaqişənin buzu açılırdı, nə də müharibə gözləntisi belə yaxın idi.
Yəni, deyilə bilər ki, 44 günlük müharibədə verdiyi dəstəyə görə Türkiyə Azərbaycana, rəhbərləri bir-birinə bu dərəcədə qardaş olublar, amma qətiyyən bu yanaşmada həqiqət yoxdur, əksinə, Qarabağ probleminin həllinə ümid olmadığı dövrlərdə belə Ankara Bakıya hərtərəfli qardaş dəstəyini verirdi, Əliyevlə Ərdoğan da bir-birinə “Əzi qardaşım” deyə müraciət edirdilər.
Və 44 günlük müharibədə qardaş ölkənin, onun qüdrətli və vətənpərvər, türksevər liderinin, Turan dünyasının böyük şəxsiyyəti, dünya siyasətində möhürünü vurmuş Ərdoğanın Azərbaycana siyasi-mənəvi dəstəyi, türk “Bayraktar”larının savaşda oynadığı rolu nə xalqımız, nə dövlətimiz, nə gələcək nəsillər unuda bilər.
Türk ordusu 102 il qabaq Nuru Paşanın komandanlığı ilə Bakıya gəlib şəhəri boşevik-daşnak işğalçılarından qurtardığı kimi, bir də Qarabağda erməni quldurlarından, terrorçularından əzəli torpaqlarımızı azad etməkdə mənəvi-siyasi yardımı əsirgəmədilər.
Bu zəfər qardaş ölkənin, onu son illərdə gücləndirən, dünyada geosiyasi mövqeyini möhkəmlədən, supergüc qüvvələrlə mübarizədə qəddini bükməyən, qamətini qaldıran Ərdoğanın bir qardaş köməyinin həm də nəticəsidir. Artıq Türkiyə masadadır, Cənubi Qafqazda reallıqdır, Ağdamda qurulan Monitorinq Mərkəzində iştirak etməklə rus faktorunu neytrallaşdırmaqdadır, Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Türk dünyasına qapıların açılmasında tarixi xidməti olan qardaş dövlətdir.
Rublika.Az bildirir ki, bütün bu sadalanan reallıqlar, qardaş Türkiyənin erməni faşizminin “Dəmir yumruq”la məhv edilməsində siyasi-mənəvi rolu, regionda sülhün bərqərar olunmasında əvəzolunmaz xidməti cənab Ərdoğana ən böyük qiymətin verilməsi zamanıdır.
Belə ki, Türkiyə Cümhurbaşqanı hörmətli Ərdoğanın adına “Qardaşlıq parkı” salına, adına küçə bilər. Bu təklif və təşəbbüslə çıxış edən Rublika.Az-ın baş redaktoru Nicat Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Media quruluşunun kollektivi və baş redaktoru N.Mahmudov dövlət başçısına müraciətdə təklif edir ki, cənab Ərdoğan bundan daha ali qiymətə layiqdir, onu da Azərbaycan dövlətinin rəhbərliyi gözəl bilər.
Amma bir millət, iki qardaş dövlətin bu qədər yaxınlaşmasından, əl-ələ sıxıb, bir-birini bağrına basmasından sonra Ərdoğan adına bir küçənin olması heç də pis olmaz.
Eyni zamanda “Qardaşlıq parkı”nın salınması tam yerinə düşərdi. Bu, həm türk birliyini gözü götürməyənlərə bir göz dağı olardı, həm Türkiyə dövlətinə hörmətin növbəti təzahürü kimi qiymətləndirilərdi.
Bu gün ölkədə Atatürk prospekti varsa, Türkiyə siyasətinin ikinci belə nəhəng adamı olan Ərdoğanın da adına küçə verilməsi xalqımızın ürəyincə olardı. Rublika.Az prezidentə müraciətdə xahiş edir ki, bu təklif müsbət qarşılansın, gec olmadan reallaşdırılsın.
Nəzərə alsaq ki, cənab Ərdoğan mayda Azərbaycana gələcək, prezident İ.Əliyevlə birlikdə Şuşada olacaqlar, bu səfərə qədər “Qardaşlıq parkı”nın olması və Türkiyə liderinin adına küçə verilməsi rəsmiləşdirilsə, tam yerinə düşərdi.
Bu gün Bakıda müxtəlif tarixi şəxsiyyətlərin adına küçələr, prospektlər var. Hətta ölkəmizdə Tbilisi, Moskva prospektləri olduğu halda niyə də Qarabağın azad olunmasında siyasi dəstəyini göstərmiş, tarix yazmış qardaş Ərdoğanın adına küçə, park olmasın?! Ümidvarıq ki, təşəbbümüzə qoşulanlar olacaq və səsimizə səs veriləcək.
Baş redaktor Nicat Mahmudov prezidentə müraciətində xahiş edib ki, bu təklifə müsbət baxılacağına inanır. Onun sözlərinə görə, “Əziz qardaşım” deyərək prezidentlər bir-birinə can qardaşlığ nümayiş etdirirsə, o zaman Ərdoğan adına bu ölkədə park, yaxud küçə halaldır...

Həmidə Vəliyeva
Rubrika.Az

Geri qayıt