Əsas Səhifə > Dünya > Fransada generallar dövlətə xəbərdarlıq etdi, qiyam təhlükəsi
Fransada generallar dövlətə xəbərdarlıq etdi, qiyam təhlükəsi4-05-2021, 09:23 |
![]() Parisi bu dəfə kim dağıdacaq; AB-nin iki önəmli dövlətində nə baş verir? Son günlər Avropanın iki əsas dövləti - Fransa və Almaniyada hərbi qiyam həyəcanları müşahidə olunur. Belə ki, Fransada 20 təqaüddə olan general, həmçinin 100 zabit, mindən çox əsgər hakimiyyət əleyhinə bəyanat imzalayıblar. Əsgərlərin içərisində hazırda orduda xidmət edənlər də var. Hərbçilərin bəyanatında Fransanın xaosun içində olduğu vurğulanır və “sarıjiletlilər hərəkatı” müdafiə olunur. Həmçinin İslam təhdidinə qarşı hökumətin səssiz qalması da qınanır. Fransa tarixində son 60 ildə belə şey olmamışdı. Son olaraq Fransada Əlcəzair hərbi çevrilişi öncəsi belə bir hadisə, hərbçilərin bəyanatı olub. Ekspertlər məhz həmin bəyanatın 60-cı ilinin tamam olduğu gün yenidən eyni məzmunlu bəyanatın yayılmasına, hərbçilərin hökuməti təhdid etməsinə diqqət çəkirlər. Bildirilir ki, yarım əsrdən çox müddətdə Fransa siyasətində belə kəskin ifadələr yer almayıb. Bəyanatda başı kəsilən bir tarix müəllimindən də bəhs olunub və islamçılara qarşı sərt mövqeyə etirazlar əksini tapıb. Xatırladaq ki, ötən il Paris yaxınlığında bir tarix müəllimi uşaqlara söz azadlığı haqqında danışarkən Məhəmməd peyğəmbərin karikaturalarından istifadə etmişdi. Bu fakt valideynlərdən birinin hiddətinə səbəb olduğundan məktəbə gedərək müəllimi qətlə yetirmişdi. Hərbçilər isə xəbərdar ediblər ki, “artıq cəsarət göstərin, çox zaman itirməyin, əks halda, sonda partlayış olacaq və böyüyən xaos daxili savaşa səbəb ola, minlərlə ölü ola bilər”. Hələlik prezident Makrondan reaksiya yoxdur. Ancaq qiyamçı hərbçilərlə bağlı araşdırmalar başlayıb və artıq onların cəzalandırılacağı haqda xəbərdarlıq edilib. Beləliklə, “ox yaydan çıxıb”. Almaniyada da oxşar proses gedir. Belə ki, Almaniyada bir qrup təqaüddə olan hərbçinin Berlində hərbi qiyam törətmək planı ortaya çıxıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, “Təqaüddə olan və keçmiş hərbçilər qrupu” adı altında bir araya gələn təxminən 13 min hərbçi Merkel hökumətini devirmək üçün planlar hazırlayıb. Onlar Berlində hökumətin COVİD-19-la bağlı karantin rejiminə qarşı keçirilən aksiyaya daxil olaraq qarşıdurma yaratmaq və dövlət təşkilatlarına hücum planı hazırlamaq üçün əlaqədə olublar. Qrupda Almaniya ordusunun təqaüdçü hərbçiləri ilə yanaşı, 1990-cı ildə ləğv edilən keçmiş Şərqi Almaniya Ordusunda (NVA) xidmət edən çox sayda hərbçinin də fəal olduğu bildirilir. Maraqlıdır ki, bir müddət əvvəl Türkiyədə bir qrup hərbçinin oxşar əməlləri ortaya çıxmışdı. Vaxtaşırı Türkiyəyə qarşı çeşidli planlar həyata keçirməyə çalışan Qərb dövlətləri indi özləri ağır sınaqlar qarşısında qalıblar. Özü də maraqlıdır ki, Qərbin aparıcı dövlətləri Rusiya ilə mübarizə apardığı bir vaxtda belə bir sürprizlə qarşılaşırlar. Bu mənada ilkin ehtimallardan biri həyata keçirilən və ya reallaşdırılması üçün cəhdlər göstərilən bu planlar Putinin işinə yarayır. Maraqlıdır, Avropa Birliyi nələr planlaşdırırdı ki, qurumun aparıcı dövlətlərinin başına bu müsibətlər gətirilir? Görünən budur ki, Almaniya və Fransa sanki təhdid olunur. Hər halda, bu, “sarıjiletlilər” məsələsi deyil, söhbət hərbçilərin ultimatumundan gedir. Bu mənada “dirijor çubuğu”nun okeanın o tayında olduğu haqda ilkin ehtimallar da dilə gətirilir. Elçin Mirzəbəyli: “Makronun vəziyyətinin ”odla od arasında" olduğunu deyə bilərik" Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, baş verənləri təsadüf hesab etmir: “Bütün dünyada hərbi xərclərin ”soyuq müharibə" zamanındakı səviyyəyə çatdığı bir vaxtda Fransada hərbi qiyam xəbərdarlığı xarakteri daşıyan hadisələrin baş verməsi, şübhəsiz ki, təsadüfi deyil. Fransada baş verən hadisələrin fonunda biz iki tendensiyanın şahidi oluruq. Bunlardan birincisi “sarıjiletlilər” və digər sol qrupların etirazları fonunda sosial problemlərin qabardılması, etirazçıların “sosial müavinət deyil, real gəlir” əldə etmək üçün şəraitin yaradılması ilə bağlı cağırışları, ikicisi isə ultrasağçı-millətçi qrupların hərbi xərclərin artırılması, Fransanın qlobal güc mərkəzlərindən biri kimi müstəqil siyasət yürütməsi tələbləridir. COVİD-19 pandemiyası, həmçinin Breksitin doğurduğu nəticələrin Fransa iqtisadiyyatına ciddi zərbə vurduğu məlumdur. Bu amillər çoxsaylı iş yerlərinin bağlanmasında, sosial problemlərin həlli üçün nəzərdə tutulan büdcə vəsaitlərinin azalmasında özünü büruzə verir. Digər tərəfdən isə NATO çərçivəsində uzun illərdən bəri maliyyəıəşmə ilə bağlı problemlər özün büruzə verir. NATO-ya üzv dövlətlər tərəfindən ödəmələrlə bağlı təxminən 2004-cü ildən bəri kuluarlarda səslənən, Tramp dönəmində isə “şüşədən çıxan” ziddiyyət Fransanı da Alyansın büdcəsinə daha çox vəsait ödəməyə məcbur edir. Bu isə öz növbəsində sosial problemlərin həllinə mane olur. Bu baxımdan, Makronun vəziyyətinin “odla od arasında” olduğunu deyə bilərik". E.Mirzəbəyli hesab edir ki, hazırda Fransa və Avropa İttifaqının digər üzv dövlətləri üçün mərkəzdənqaçma meyllərini gücləndirən və dövlət idarəçilik sistemindəki boşluqları önə çıxaran problemlərdən biri “Avropa evi” ideyasının iflasa uğramasıdır: “Köhnə dəyərlər mövcud çağırışlara cavab vermir, yeniləri isə hələ düşünülməyib. Bu aspektdən də, Fransadakı prosesləri sol və sağ qruplar arasındakı ziddiyyətlərin daha da dərinləşdirəcəyini və hətta hakimiyyət böhranına səbəb olacağını ehtimal etmək mümkündür”. “Avropa Birliyinin iki əsas ölkəsi Fransa və Almaniya Rusiya ilə bağlı ABŞ-ın dedikləri ilə oturub-duran olmadıqlarını əvvəldən də hiss etdiriblər. Məsələnin kökündə iqtisadi maraqlar dayanır. Heç şübhəsiz, Fransa yüksək rütbəli hərbçilərinin bəyanatının kökündə bu faktor var”. Qafar Çaxmaqlı: “Amerika Rusiya ilə bağlı planlarını həyata keçirərkən Fransanı və Almaniyanı dəstəkçi görmək istəyir” Bu fikirləri politoloq Qafar Çaxmaqlı söylədi. Ekspert bildirdi ki, buna oxşar bəyanat Türkiyədə də verilmişdi: “Amerika və ya hansısa güc dövlətləri bu yolla bəzi güzəştlərə vadar edirlər. Avropada belə bir üsulun yeriməsi çox da asan deyil, amma təzyiq vasitəsi kimi öz effektini verə bilər. Arxa planda bu işin nə üçün edildiyini dövlət başçıları bilirlər”. Konkret olaraq Fransaya gəlincə, Q.Çaxmaqlı qeyd etdi ki, bu ölkə sözəbaxan olmayıb: “Fransa bəzən NATO-nun verdiyi qərarlara əməl etmir. İndi Amerika Rusiya ilə bağlı planlarını həyata keçirərkən Fransanı və Almaniyanı dəstəkçi görmək istəyir. Amma onlar iqtisadi maraqları hər şeydən üstün tutmaqda qərarlı görünürlər. ABŞ buna görə içəridəki narazılıqları önə çıxardaraq bəzi tədbirlər görür. Rusiya da elə bunu istəyir. Sabah həmin Avropanın lider ölkələri ilə isti münasibətlər qurulsa, təəccüblənmərəm”. Rubrika.az Geri qayıt |