Əsas Səhifə > Manşet > XALQIN SEVGİSİ ƏN BÖYÜK GÜCDÜR

XALQIN SEVGİSİ ƏN BÖYÜK GÜCDÜR


24-05-2021, 15:40
XALQIN SEVGİSİ ƏN BÖYÜK GÜCDÜR

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkədə yeni siyasi ab-hava formalaşdı. Klassik aforizmlə desək yuxarılar artıq köhnə qaydalarla idarə etmək istəmədiklərinin anonsunu verdilər. Cəmiyyətə tamamilə fərqli siyasi mesajlar ötürüldü - idarəetmədə və bütün siyasi sferada gəncləşməyə, yeni fikirlərə meydan açılacağı bildirildi.

Təbii ki, bu heç də gənc yaşlıların vəzifəyə gətirilməsi demək deyildi. Siyasi ideologiyaya yeni bir ruh, dünyagörüşü gəlməliydi. İdarəetmədə başlanılan yeni xətti tamamlamaq üçün qanunverici orqanda da islahatlara başlanıldı. Növbədənkənar seçkilər keçirildi və parlamentin hamının öyrəşdiyi siması xeyli sayda dəyişildi.
Millət vəkili adını qazananlar arasında cəmiyyət üçün tamamilə yeni adlara rast gəlinir. Onların bir çoxları fəaliyyət göstərdikləri sferalarda tanınmış mütəxəsislər olsa da böyük siyasi arenada yeni idilər. İndi xalqın etimadını və dövlətin yeni siyasi kursuna dəstəyi doğrultmaq lazım idi. Etiraf edək ki, çətin missiyadır.
Çiynini bu ağır yükün altına verənlərdən biri də Soltan Məmmədov oldu. O 14 saylı Xəzər seçki dairəsindən parlamentə seçildi. Bəlkə də hansısa digər bir dairədən millət vəkili seçilməsi onun məsuliyyət yükünü hardasa azalda bilərdi. Amma məhz bu dairədən seçilmək onun üçün ikiqat məsuliyyət idi. Nəzərə alsaq ki, Milli Məclisdə bu dairəni uzun illər birinci vitse-prezident Mehriban xanım təmsil edib, o zaman S.Məmmədovun hansı məsuliyyəti daşıdığı aydın olar. Onun gördüyü işlər, rayonda həyata keçirdiyi böyük layihələr, insanlara göstərdiyi kömək hər kəsin yaddaşında dərin iz buraxıb. Bu xətti davam etdirmək, seçicilərin etimadını doğrultmaq həqiqətən də böyük iradə tələb edir.
S.Məmmədov hələ parlamentə seçilməmişdən əvvəl də təmsil etdiyi ərazinin qayğılarına dərindən bələd idi. 14 saylı Xəzər seçki dairəsindən 3 dəfə Milli Məclisin deputatı olmuş Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqəti və himayəsi ilə hansı infrastruktur, abadlıq, təmir-tikinti işlərinin görüldüyünü, sosial aksiyaların keçirildiyini canlı iştirakçısı olan S.Məmmədov bu gün həmin fəaliyyəti uğurla davam etdirir. Seçicilərlə mütəmadi görüşlər, qəbullar onların problemlərinin daim diqqət mərkəzində saxlanılmasına şərait yaradır. Onun fəaliyyətinin əsas istiqamətləri kimi yol infrastrukturu, kommunal problemlər, küçələrin işıqlandırılması, burada yaşayan insanların məşğulluq ehtiyacları, qəsəbələrdə əhali sayının artımını nəzərə alaraq yeni məktəb və uşaq bağçalarının tikilməsi və digər sosial layihələr təşkil edir. Millət vəkili yaşıllaşdırma, səhiyyə xidmətinin təkmilləşdirilməsi, təcili tibbi yardım stansiyalarının işinin operativliyinin artırılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əlilliyi olan insanların problemlərinin həllinə nail olunması istiqamətində də əhəmiyyətli işlər görür.
S.Məmmədovun pandemiyanın hökm sürdüyü bu çətin günlərdə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü kimi hərtərəfli fəaliyyəti də təqdirəlayiqdir. İstər seçiciləri, istərsə də ölkə ictimaiyyəti arasında maarifləndirici çıxışları, təmsil etdiyi dairədə səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili ilə bağlı göstərdiyi təşəbbüslər S.Məmmədovun ona göstərilən etimada layiq olduğunun göstəricisidir.
44 günlük Vətən müharibəsindən sonra ölkəmizin dostları sevindiyi kimi düşmənlərimiz də əməlli-başlı fəallaşıblar. Xüsusilə hər zaman erməni dəyirmanına su tökən, Azərbaycanın haqq işini görməzdən gələn ölkələr beynəlxalq arenada fitnəkarlıqla məşğuldurlar. Ermənidən artıq ermənilik edən Fransanın bu istiqamətdə fəaliyyəti ölkəmizdə ciddi etirazla qarşılanır. S.Məmmədov xarici siyasətimizin belə həssas dönəmində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi daha böyük əzmkarlıq göstərir. Siyasət emosiyalardan uzaq, soyuq başların oynadığı bir oyundur. Odur ki, işçi qrupun rəhbəri kimi onun hər bir bəyanatının, dediyi sözün beynəlxalq arenada Azərbaycanın mövqeyi kimi qəbul edildiyini dərk edən S.Məmmədov ölkəmizin haqlı mövqeyini dünyaya çatdırmaq üçün böyük səy göstərir.
S.Məmmədov keçirilən ictimai sorğularda parlamentin ən fəal üzvlərindən biri kimi fərqlənir. Təbii ki, bunun arxasında gərgin zəhmət, böyük məsuliyyət dayanır. Xalqın etimadını qazanmaq qədər onu qoruyub saxlamaq,əməli işlə sübuta yetirmək də çox çətindir. S.Məmmədov ötən bir ildə bunu əyani olaraq sübuta yetirdi. Etiraf etmək lazımdır ki, bir çox deputatlar seçkilərdən sonra təmsil etdikləri dairəni, etimadını qazandıqları seçiciləri unudur, rahat kabinetlərindən kənara çıxmırlar. S.Məmmədov heç bir seçicinin problemindən, qayğısından uzaqda deyil. Xəzər dairəsinin hər bir seçicisi bilir ki, onların səsini lazımi yerlərə çatdıran vəkilləri vardır. İstənilən şəxs ona öz doğması,yaxını kimi çəkinmədən qayılarını çatdırır və tezliklə nəticəsini də görür. Bir millət vəkili üçün secici sevgisini qazanmaq, etimadını qorumaq böyük xoşbəxtlikdir. S.Məmmədov bu mənada xalqın dəstəyini qazanan siyasi xadimdir. Xalqın sevgisi isə ən böyük gücdür.

NİCAT MAHMUDOV
Rubrika.Az


Geri qayıt