Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü - YENİLƏNİB

Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü - YENİLƏNİB


2-06-2021, 17:00
Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü - YENİLƏNİB

Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.

Bununla bağlı Oxu.Az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

“Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.

Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.

Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.

O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək”, - məlumatda bildirilib.

11:53

Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.

“Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək”, - deyə E.Qasımov qeyd edib

10:57

Gədəbəydə ahıl qadın şiddətə və işgəncəyə məruz qalır.

Oxu.Az xəbər verir ki, bu görüntüləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır.

Bildirilir ki, Qadın Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video ilə bağlı müvafiq araşdırma aparılır:

“Nəticəsi barədə tezliklə məlumat veriləcək".

Rubrika.Az
Geri qayıt