Əsas Səhifə > Manşet > Virus taksi mafiozlarını necə varlandırır? - Operativ Qərargah həftəsonu qadağasını ləğv etməlidir

Virus taksi mafiozlarını necə varlandırır? - Operativ Qərargah həftəsonu qadağasını ləğv etməlidir


5-06-2021, 13:27
Virus taksi mafiozlarını necə varlandırır? - Operativ Qərargah həftəsonu qadağasını ləğv etməlidir

Nazirlər Kabineti yanında Operativ Qərargaha

Rubrika.Az kollektivi və Bakı sakinləri adından

MÜRACİƏT


Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin acı bağırsaq kimi uzandığı bu müddət ərzində əhalinin ən böyük üzləşdiyi çətinlik həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyət göstərməməsidir. Artıq bu tendensiya el arasında bir məsxərəyə çevrilib ki, virus şənbə və bazar günləri olmur, həftə içi yayılır.
Bunun başqa bir adı isə əslində ictimai nəqliyyatın xidmət göstərmədiyi zamanda taksi firmalarının və onları himayə edən məmurların “qaz vurub, qazan doldurmasıdır”. Əks təqdirdə niyə məhz həftəsonu avtobus və metronun işləməməsini izah etmək mümkün deyil.
Aylardır davam edən bu vəziyyət ucbatından insanlar çox ciddi bir çətinliklərlə və xərclərlə qarşılaşıblar. Çünki həftəsonu əksər xidmət sahələri çalışır, ticarət və iaşə obyektləri, bir çox müəssisələr fəaliyyət göstərirlər.
Nəticədə insanlar məcburiyyət qarşısında taksi xidmətindən istifadə etməli olurlar. Bunun epidemiya ilə hər hansı bağlılığı, məntiqi, virusun qarşısının alınması baxımdan bir faydası görünmür.
Həftənin iş günlərində avtobus və metroda insanlar ağız-ağıza, basabas vəziyyətdə gedirlər, o zaman yoluxma ehtimalı daha yüksək olur. Ancaq əfsus ki, bu mənasız qərar ləğv olunmur. Bir sözlə, əhalinin xərci artır, xəstəsi, körpəsi olanın işi çətinləşir, buradan qazanan isə taksi şirkətləri olur.
Rubrika.Az bu mənada həm çoxsaylı oxucu müraciətlərini, həm gələn şikayət məktublarını, həm sosial şəbəkədə, o cümlədən vətəndaşlarla söhbət zamanı olan giley-güzarı nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu qərarın aradan qaldırılmasını xahiş edir.
Bu müraciətin müsbət qarşılanması ilə biz həftəsonu ictimai nəqliyyatda daha çox seyrəklik görə bilərik. Nəzərə alsaq ki, metro da işləyir, o zaman sərnişin kütləsi avtobusla yeraltı nəqliyyat arasında paylanacaq, bir tərəfə yük düşməyəcək.
Operativ Qərargah fikirləşirsə bu qərarla qüvvədə saxlamaqla insanların həftəsonu evdən çıxmasını məhdudlaşdıra, sıx toplaşmanın qarşısını ala bilir, tamamilə yanılır.
Qərargahın üzvləri istənilən şənbə və ya bazar günü paytaxt yollarında, kafe-restoranlarında, parklarda, bulvarda reyd keçirsinlər, müşahidə aparsınlar, məlum olacaq ki, əhalinin böyük bir hissəsi hansısa yolla evdən çıxmağı bacarıb.
Kimisi 1 manatlıq taksidən, kimisi ən ucuz taksi firmasından istifadə etməklə istədiyi ünvana gedə bilib. O halda avtobus və metronu həftəsonu bağlamağın nə mənası qalır?
Deməli, burada olan yeganə məqsəd taksi şirkətlərini varlandırmaq, pul kütləsini bu biznesə yönəltməkdir. Bu qərarın qalmasında möhtəkirlər, taksi biznesinin mafiozları maraqlı ola bilərlər.
Beynəlxalq praktikaya da baxsaq, dünyanın heç bir ölkəsinə pandemiyaya qarşı mübarizədə bu metoddan istifadə olunmur. Belə aydın olur ki, taksi biznesindən aylardır böyük mənfəət götürən güclər Nazirlər Kabineti yanında Operativ Qərargaha nüfuz edə bilir.
Bu baxımdan vətəndaşların çoxsaylı müraciətlərini, narazılıqlarını, insanların hər şənbə-bazar üzləşdiyi zülm-zilləti nəzərə almağı, ölkə rəhbərliyinin və Operativ Qərargahın vəziyyəti təhlil edərək bu qadağanı ləğv etməsini gözləyirik. İnsanlara lüzumsuz və süni problem yaratmaq, cibindəki pulları taksilərə verdirmək, yüzlərlə avtobus sürücüsünü, marşrut xətti olan sahibkarları işsiz qoymaq, zərər etdirmək bütövlükdə dövlətdən narazı salmağa gətirib çıxara bilər.
Ona görə də müraciətin müsbət nəticə verəcəyinə böyük ümid bəslənir. İnsanlar vaksin olunurlar, qapalı yerlərdə maska taxırlar, karantinin bütün şərtlərinə əməl etməyi öyrəniblər və hamı əvvəlki həyata qayıtmaq arzusundadır...

Rubrika.Az saytının kollektivi
Geri qayıt