Əsas Səhifə > İdman > AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək
AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək16-06-2021, 09:42 |
|
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Rubrika.Az-ın məlumatına görə, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur. Günün qalan 2 oyunu A qrupunda olacaq. Açılış matçında Romada İtaliyaya 0:3 hesabı iləməğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirəcək. "Ay-ulduzlular" Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gələcək. Britaniyalılar birinci turda bu arenada İsveçrə ilə heç-heçə edib - 1:1. Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Hazırda Roberto Mançinin başçılıq etdiyi kollektiv 3 xalla qrupun lideridir. Avropa çempionatı A qrupu, II tur 20:00. Türkiyə - Uels Baş hakim: Artur Diaş (Portuqaliya) Bakı, Bakı Olimpiya Stadionu 23:00. İtaliya - İsveçrə Baş hakim: Sergey Karasyov (Rusiya) Roma, "Olimpiko" stadionu Xal durumu: İtaliya - 3, İsveçrə - 1, Uels - 1, Türkiyə - 0 B qrupu 17:00. Finlandiya - Rusiya Baş hakim: Denni Makkeli (Niderland) Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu Xal durumu: Belçika - 3, Finlandiya - 3, Danimarka - 0, Rusiya - 0 Rubrika.Az Geri qayıt |