Əsas Səhifə > Manşet > Sevginin, mərhəmətin mücəssəməsi Leyla...

Sevginin, mərhəmətin mücəssəməsi Leyla...


3-07-2021, 12:37
Sevginin, mərhəmətin mücəssəməsi Leyla...

O nənəsindən gələn ZƏRİFLİK, anasından əxz etdiyi MEHRİBANLIQla hər gün daha böyük bir İLHAMla Azərbaycana xidmət edir

Onun dünyaya göz açdığı ailə Azərbaycanın son yüz illik tarixində mühüm rol oynayıb. Babası ömrünün böyük hissəsini ölkəyə rəhbərlik edib, atası 18 ildir Prezidentdir, anası təkcə ölkə miqyasında deyil, dünya çapında tanınan ictimai-siyasi xadimdir. Təbii ki, belə bir mühitdə böyüyüb boya-başa çatmağın bəxş etdiyi imkanlarla bərabər gətirdiyi ictimai yük də ağırdır. Şərq gözəlliyi və mehribanlığını simasında cəmləşdirən Leyla gənc yaşında bu məsuliyyəti uğurla daşımağı bacarır.
Hami onu özünə doğma birisi sanır-ən azından çöhrəsindəki işıq və sonsuz mərhəmət, sevgi hissi insanı buna məcbur edir. Təbiətindəki sadəlik və təvazökarlıq onun ölkənin birinci ailəsinin övladı olduğunu unutdurur. Anasından əxz etdiyi MEHRİBANLIQ onun xalqın sevimlisinə-Leylasına çevirib.
Leyla Əliyeva müsahibələrinin birində deyib ki, insanın bütün xüsusiyyətləri lap əvvəldən, doğulduğu andan müəyyən olunur. Nəyin düzgün, nəyin yanlış olduğunu anlamaq qabiliyyəti Ulu Tanrı tərəfindən bəxş edilir və həyatda məhz bu anlayışları əsas götürmək, öz qəlbinin, öz vicdanının səsini, əcdadlarının çağırışını dinləmək lazımdır. Yalnız bu halda heç vaxt səhv etməzsən... Bu, müəyyən mənada şəxsiyyətin əxlaq kodeksidir.
O həqiqətən də əcdadların çağırışını dinləyərək böyük bir missiyanı həyata keçirir. L.Əliyevanın fəaliyyəti həm də Azərbaycan gəncliyinin göstəricisidir. Həyatda “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur” prinsipini rəhbər tutan Leyla Əliyeva özünün bütün hərəkətlərini onun mövqeyindən qiymətləndirir.
Leyla Əliyeva başladığı bütün işlərdə demək olar ki, ilklərə imza atıb. 2007-ci ildə o, Moskvada “Baku” adlı rusdilli jurnal nəşr etməklə respublikanın hüdudlarından kənarda buraxılan və xarici oxucuya ünvanlanmış ilk mətbu orqanın əsasını qoydu.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaradılması Leyla Əliyevanın daha bir təşəbbüsü oldu. Gənclərin ilk strukturlaşdırılmış diaspor təşkilatı olan bu qurum özünün xeyriyyəçilik və sosiomədəni layihələri ilə dərhal diqqəti cəlb etdi.
2008-ci ildə Leyla Əliyeva “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya keçirilməsi təşəbbüsünü irəli sürdü. Kampaniyanın ideyası Leyla xanımın bu sözlərində əksini tapıb: “Gəlin birlikdə həqiqəti təşviq edək. Sübut edək ki, ədalət hökmən zəfər çalacaq”.
IDEA (International Dialogue for Environmental Action - Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin yaradılması ideyasının müəllifi olan Leyla Əliyevanın əsas məqsədi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda zəngin təbii müxtəlifliyi qoruyub saxlamaq və müdafiə etmək, gənc nəsil üçün təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verməkdir.
Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi FAO-nun “Aclığa yox deyək!” Proqramının həyata keçirilməsi yolu ilə planetdə yoxsulluğun və aclığın aradan qaldırılmasına töhfə verir.
Bütün bu böyük işlərin müəllifi, uğurlu bir missiyanın sahibi həm də gözəl şairdir, rəssamdır...Gözəlliyin,zərifliyin, mərhəmətin mücəssəməsi olan iincə qəlbindən süzülən hissləri misralara çevirir, palitranın rəngləri ilə dilə gətirir. Məhz bu gözəlliklərin onda cəmlənməsi Leylanı xalqın sevimlisinə çevirib. O nənəsindən gələn ZƏRİFLİK, anasından əxz etdiyi MEHRİBANLIQla hər gün daha böyük bir İLHAMla Azərbaycana xidmət edir. Xeyirxahlığı, mərhəməti, yüksək intellekti və bacarığı onu zirvədən zirvəyə aparır.
Bu gün Azərbaycanın sevimli Leylasının doğum günüdür. Nə yaxşı ki, varsan, gözəl insan. Nə yaxşı ki, qəlbində taxt quran sevgini bu xalqa bəxş edirsən...Nə yaxşı ki, sən bizim haməımızın sevimli Leylasısan !
Rubrika.az kollektivi olaraq səni ürəkdən təbrik edirik, daha böyük uğurlar arzulayırıq. Xalqın sevimlisi olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Qazandığın bu xoşbəxtlik əbədi olsun!

Rubrika.Az saytının kollektivi
Geri qayıt