Əsas Səhifə > Manşet > Fəttah Heydərovun ruhu şaddır — Prezident Kəmaləddin Heydərovu “Vətənə Xidmətə görə” ordeni ilə təltif etdi

Fəttah Heydərovun ruhu şaddır — Prezident Kəmaləddin Heydərovu “Vətənə Xidmətə görə” ordeni ilə təltif etdi


17-07-2021, 10:48
Fəttah Heydərovun ruhu şaddır — Prezident Kəmaləddin Heydərovu “Vətənə Xidmətə görə” ordeni ilə təltif etdi

Ad gününüz mübarək, cənab general!

Heydər Əliyev kifayət qədər təcrübəli və uzaqgörən siyasət adamı idi. Xüsusilə kadr seçimində və təyinatında onun etimadını qazanmaq və komandasında təmsil olunmaq hər kəsə nəsib olan xoşbəxtlik deyildi. Gənc yaşlarında Ümummilli liderin diqqətini cəlb etmək və ölkənin ən strateji strukturlarından birinə rəhbər təyin olunmaq isə həmin şəxsin parlaq gələcəyindən xəbər verirdi. 
1995-ci ildə Heydər Əliyev Kəmaləddin Heydərovu Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edəndə 34 yaşlı bu gənci çoxları yaxından tanımırdı. Tanıyanlar da onu uzun müddət ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan Fəttah Heydərovun oğlu kimi tanıyırdılar. Ölkənin çətin günlərində, dövlətçiliyin təməlinin atıldığı məqamlarda H.Əliyevin diqqətini cəlb etmək və bu böyük məsulliyyəti layiqincə yerinə yetirmək böyük iradə və güc tələb edirdi. Beləcə K.Heydərovun müstəqil Azərbaycanın qurulması prosesində müstəsna xidmətləri dövrü başlandı...
26 ildir ki, ölkənin ictimai-siyasi həyatında ,baş verən proseslərdə K.Heydərov yaxından iştirak edir. O sıradan bir məmur deyil-bunu hətta siyasi opponentləri belə etiraf edirlər. Yüksək peşəkarlıq və fövqəladə idarəetmə qabiliyyəti onu hər zaman diqqət mərkəzində saxlayıb. K.Heydərov heç vaxt özünü təbliğ etdirməyib,əksinə onu təbliğ etmək KİV-lərə çoxsaylı oxucu kütləsi qazandırıb. Hadisələrin mərkəzində olmaq və məsuliyyətli qərarların qəbul edilməsi onu digərlərindən fərqləndirib. Bu gün uğurla fəaliyyət göstərən gömrük orqanlarının formalaşması məhz onun adı ilə bağlıdır. 
2006-cı ildə yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin formalaşdırılması, işinin yüksək səviyyədə təşkil olunması missiyası da K.Heydərova tapşırıldı. Bu dəfə ona bu yüksək etimadı İlham Əliyev göstərirdi. Yeni yaradılan strateji quruma Heydər Əliyevin etimadını layiqincə doğruldan K.Heydərovdan uğurlu seçim ola bilməzdi. Fövqəladə Hallar Naziri kimi K.Heydərovun həqiqətən də fövqəladə fəaliyyət dövrü dediklərimizin bir daha sübutudur. 

Fəttah Heydərovun ruhu şaddır — Prezident Kəmaləddin Heydərovu “Vətənə Xidmətə görə” ordeni ilə təltif etdi

Onun aldığı ailə tərbiyəsi, yetişdiyi mühit dövlətə, xalqa xidmətin bir nümunəsi idi. Uzun illər mühüm vəzifələrdə çalışan, daha sonra millət vəkili və Ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Fəttah Heydərovun oğlu olmağın özü mühüm bir vəzifədən daha məsuliyyətlidir. Kəmaləddin müəllim bunu hər zaman dərindən dərk edib, bu məsuliyyəti şərəflə yerinə yetirib.
Rəhmətlik Fəttah müəllim bütün həyatı boyunca Heydər Əliyev ideyalarına, siyasi kursuna sadiq olub. Onun keçdiyi ömür yolu, tutduğu vəzifələrdə şərəfli fəaliyyəti bunun sübutudur. Ömrünün ixtiyar çağlarında belə yorulmadan xalqa xidmət edən Fəttah müəllim sözün bütün mənalarında el ağsaqqalına çevrilmişdi. Ağsaqqallar Şurasının sədri olmaq təkcə bir ictimai vəzifə deyildi, o həm də xalqın öz ağsaqqalına verdiyi dəyərin təzahürü idi.
K.Heydərov ata tərbiyəsindən gələn əqidəsi ilə ulu öndərin ideyalarına sadiqlik nümunəsidir. Vətənə, xalqa, dövlətə sədaqət, xidmət Heydərovlar üçün alın yazısıdır. Fəttah müəllimin həyat amalına, daşıdığı müqəddəs missiyaya ən böyük hədiyyə elə onun yolunu davam etdirən Kəmaləddin müəllimdir. Bir ata üçün övladının parlaq yüksəlişini, ömür yolunu davam etdirməsini görmək böyük səadətdir. Bu mənada rəhmətlik Fəttah müəllimin ruhu şaddır. Onun xalqına olan sonsuz sevgisi bu gün oğlu tərəfindən uğurla davam etdirilir. K.Heydərovun qazandığı hər bir uğurun arxasında müdrik bir ağsaqqalın öyüd nəsihəti, həyat təcrübəsi dayanır. 
Cəmiyyət heç zaman K.Heydərovu təkcə bir məmur, nazir olaraq qəbul etməyib. Bunlar onun təqdimatında rəsmiyyətdən başqa bir şey deyil. K.Heydərov özünü xalqa insanlığı, sadəliyi, sədaqəti ilə daha çox sevdirib. O hər kəs üçün doğmadır- çoxları üçün ümid yeridir. Ona “fövqəlnazir” deyənlər bəlkə də haqlıdırlar. K.Heydərov ölkənin ictimai-siyasi həyatında fövqəladə rol oynayır. Bu onun rəhbərlik etdiyi nazirliyin adından yaranan rol deyil. Xalqa, dövlətə, liderə olan sonsuz sədaqətdən irəli gələn müqəddəs bir missiyadır. 
Ağsaqqallar Şuasının sədrinin oğlu özü artıq bir ağsaqqaldır. Həyatının  60-cı baharını yaşayan K.Heydərovun ömür kitabında Azərbaycan dövlətinin qurulmasında oynadığı müstəsna rol qızıl hərflərlə yazılıb. Cənab Prezident onu yubileyi münasibəti ilə “Vətənə Xidmətə görə” ordeni ilə təltif edib. Bu həqiqətən də onun haqqıdır. Vətənə xidmətlə keçən şərəfli bir ömrə verilən dəyərdir. 
Ad gününüz mübarək, cənab general. Vətənə xidmətin canlı əfsanəsi...

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt