Əsas Səhifə > Gündəm > Bakı və Ankara Qarabağa görə böhran masası qurmalıdır

Bakı və Ankara Qarabağa görə böhran masası qurmalıdır


13-08-2021, 10:21
Bakı və Ankara Qarabağa görə böhran masası qurmalıdır

Artan erməni təhdidləri iki ölkənin təhlükəsizlik şuralarının birgə iclasının keçirilməsini nəzərdə tutan Şuşa Bəyannaməsinin konkret bəndini işə salmağı zəruri edir

Türkiyəni ağuşuna almış meşə yanğınları ilə bağlı Azərbaycanın da iştirakı ilə qurulmuş krizis mərkəzi iki qardaş ölkənin Şuşa Bəyannaməsində əksini tapmış razılaşmanı işə saldığını göstərdi. Bu arada isə Qarabağda və Ermənistan-Azərbaycan sərhədində baş verənlər, bölgədə sülhməramlı missiyanı üzərinə götürən Rusiyanın bəzi şübhəli addımları, həmçinin yenidən “status”, həmsədrlərin danışıqlara qayıtması kimi Azərbaycan və Türkiyənin maraqlarına zidd hadisələr müşahidə edilməkdədir.

Bir müddət öncə Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladıqları müttəfiqlik haqqında bəyannamədə məhz bu cür təhlükəli hallarda iki ölkənin təhlükəsizlik şuralarının birgə iclasının keçirilməsini nəzərdə tutan konkret bənd var. O səbəbdən hesab olunur ki, Bakı və Ankaranın son vəziyyətlə bağlı addımlarını bir daha koordinasiya etməyə, fəallaşan düşmənə və onun dəstəkçilərinə mesaj verməyə ehtiyac var. Əlbəttə ki, vəziyyət həm Prezident İlham Əliyevin, həm də Türkiyə lideri Ərdoğanın, eyni zamanda xarici siyasət idarələri rəhbərlərinin təmasları zamanı müzakirə edilir. Bu barədə hər iki ölkənin rəhbərliyinin, həmçinin digər rəsmi şəxslərin vaxtaşırı səsləndirdikləri fikirlər də bəyannamədən irəli gələn müddəaların icra olunduğuna şübhə yeri qoymur. Amma belə yanaşmalar da var ki, indiki durumda Qarabağa görə iki ölkənin düşmənə veriləcək daha bir mesajına ehtiyac var. Bu, bir faktdır ki, Şuşa Bəyannaməsi, bundan sonra Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri arasında imzalanan bəyannamə Türk düşmənlərini ciddi şəkildə təşvişə salıb. Hesab olunur ki, belə bir birgə müzakirə ilə üstümüzə gələn güclərin təhriklərini dayandıra, onların balanslı mövqedən çıxış etməsinə nail ola bilərik.

Yeri gəlmişkən, ötən ilin iyulunda Ermənistan öz himayədarlarına arxalanaraq, Tovuz istiqamətindən xain hücuma keçəndə də qardaş Türkiyənin lideri “Bu, Ermənistanın boyunu aşan hücumdur”, deyərək, hədəfi düz gözündən vurdu və birmənalı şəkildə Azərbaycana dəstək veriləcəyini qətiyyətlə dünyaya duyurdu, sözünə sadiq qaldı və qardaş ölkə Qarabağda böyük zəfərin qazanılmasında önəmli rol oynadı. O zaman hətta Şuşa Bəyannaməsi mövcud olmadığı halda, Türkiyənin F-16-larının Azərbaycan hava limanında olması faktı işğalçı Ermənistana açıq dəstək vermək istəyən paytaxtları tərəddüd içərisində qoydu və son nəticədə Azərbaycanın qəhrəman ordusu düşməni darmadağın etdi. Bu gün isə ortada hüquqi sənəd var və onun müddəalarının işə salınması Qarabağda, rus sülhməramlılarının “kölgəsində” istehkamlar qazan erməni terrorçularının məhvi, neytrallaşdırılması üçün önəmli rol oynaya bilər.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi qanunsuz silahlı birləşmələrin bu hərəkətləri, həmçinin Qarabağa qeyri-qanuni olaraq hərbçilərin - faktiki olaraq terrorçu birləşmələrin - daşınması ilə bağlı sərt xəbərdarlıq edib və Laçın dəhlizində hərəkətə, həmçinin ermənilərin mövcud olduğu əraziyə nəzarət funksiyasını üzərinə götürən Rusiya tərəfə bu özbaşınalıqların qarşısını almaq üçün çağırış edib, əks halda, tədbirlər görəcəyi haqda xəbərdarlığını çatdırıb. Eyni gündə İrana da etiraz notası göndərilib, müsəlman qonşumuza məxsus yük maşınları rəsmi Bakının icazəsi olmadan Qarabağa mənşəyi bəlli olmayan yüklər daşıdığı üçün... Belə görünür ki, Qarabağda təhlükəli oyunbazlıqlarını davam etdirənləri durdurmaq üçün Şuşa Bəyannaməsinin icrası qaçılmazdır.

Politoloq Elşən Mustafayev də “Yeni Müsavat”a dedi ki, Bakı və Ankaranın təcili məsləhətləşmələrinə ehtiyac var: “Qarabağ məsələsi, xüsusilə də üçtərəfli sazişlə bağlı vəziyyət o həddədir ki, təcili şəkildə Türkiyə və Azərbaycan hadisələrlə bağlı birgə mövqelərini, eyni zamanda gələcək fəaliyyət proqramlarını açıq şəkildə ortaya qoymalıdır. ”Açıq səkildə" ifadəsini ona görə işlədirəm ki, iki dövlət arasında müzakirələr, məsləhətləşmələr daim aparılır. Amma bu danışıqların detalları obyektiv səbəbdən çox zaman ictimaiyyətə qapalı olur. Hazırda isə bu fəaliyyətin mümkün olan hissələrini maksimum şəkildə ictimailəşdirməyin vaxtı çatıb".

Siyasi ekspert qeyd etdi ki, Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycanın hərbi sahədə müttəfiqliyi ilə bağlı kifayət qədər əhəmiyyətli bənd var: “Bundan əlavə, Türkiyə Qarabağda Rusiya ilə Birgə Monitorinq Qrupunda fəaliyyət göstərir. Yəni bütün hallarda Türkiyənin proseslərə müdaxilə etmək haqqı ortadadır”. E.Mustafayev Rusiya müdafiə naziri Şoyqunun erməni həmkarı ilə görüşdə sərgilədiyi davranışa da diqqət çəkdi: “Üçtərəfli sazişin həyata keçməsinə məsul olan Rusiya KTMT çərçivəsində Ermənistana dəstək verəcəyini, yeni silahlarla təmin edəcəyini və sairi deməklə tərəf olduğunu bir daha təsdiq edir. O zaman eyni vəziyyətdə Türkiyə analoji bəyanatlar da verə, bu bəyanatları həyata keçirəcək addımlar da ata bilər. Hesab edirəm ki, Azərbaycanın xarici təhdidlərdən qorunması üçün istənilən ad altında Türkiyə ordusunun sanballı bir hissəsinin Azərbaycanda mövcud olması çox önəmlidir. Kimlərsə bundan qıcıqlanaqsa, bu onların öz işləridir. Ermənistanda Rusiya bazaları ola bilər, Azərbaycanda müttəfiqlik etdiyi ölkənin hərbi kontingenti ola bilməz? Fərqi yoxdur, hansı adda, statusda olur-olsun. Əsas odur ki, bundan sonra qarşı tərəf həm bəyanatlarına, həm də addımlarına diqqət etməyə məcbur olacaqlar. Şuşa Bəyannaməsindən irəli gələn müddəalardan çıxış edərək, hərbi sahədə bütün müdafiə tədbirlərini, təhlükəsizlik problemlərini həll etmək mümkündür. Rusiyanın, Ermənistanının, hətta bir çox Qərb ölkələrinin hazırda ən çox çəkindiyi də məhz Türkiyə və Azərbaycan arasında hərbi müqavilələrin, öhdəliklərin işə salınma perspektividir”.

Hərbi ekspert Ədalət Verdiyev də iki qardaş ölkənin koordinasiyalı fəaliyyət göstərməsini faydalı, həm də zəruri sayır: “Təbii ki, İran və Rusiyanın Qarabağ istiqamətində atdığı son xoşagəlməz addımlarla bağlı Azərbaycanın ilk növbədə Türkiyə və Pakistanla bəlli bir məsləhətləşmələr aparacağı istisna deyil. Zatən, Azərbaycanın həm Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, həm də Pakistan və Türkiyə ilə imzalanmış üçtərəfli Bakı Bəyannaməsi də bu kimi halların qarşısını almaq, onlara qarşı reaksiya vermək üçün nəzərdə tutulub. Demirəm ki, hazırda baş verən hadisələr Azərbaycanın ciddi nəzarətindən kənardadır. Amma ehtiyac yaranarsa, yaxud əks tərəfdən ağlabatan, məntiqli açıqlamalar və bu fəaliyyətlərin qarşısının alınmasına dair vizual görüntülər Azərbaycan tərəfinə təqdim edilməzsə, o zaman Azərbaycan ən azından Türkiyə ilə birgə məsləhətləşmələr keçirib, baş verən hadisələrin qarşısının alınması və gələcəkdə onların təkrarlanmaması üçün adekvat addımları ata bilər”.

Hərbi ekspert qeyd etdi ki, Paşinyan səviyyəsində rəsmi İrəvanın Azərbaycanla danışıqlara hazır olmasına dair bəlli siqnallar daxil olur. Ə.Verdiyev hesab edir ki, Rusiya sülhməramlılarının sərhəddə, həm Azərbaycanın Kəlbəcər rayonu ilə, həm də Qazax istiqamətində yerləşdirilməsi sərhədlərin təyin edilməsi prosesinə hazırlıq kimi dəyərləndirilməlidir: “Paşinyanın da açıqlaması məhz bu proseslərlə üst-üstə düşür. Odur ki, yaxın 2 gün ərzində prosesləri izləməli, bundan sonra reaksiyalara diqqət yetirməliyik. Yenə dediyim kimi, əgər İran və Rusiya ərazilərimizə müəyyən yüklərin və erməni silahlıların daşınmasının əksini sübut edən faktlar təqdim etməzlərsə, o zaman Azərbaycan məsələn, Türkiyə ilə məsləhətləşmələr nəticəsində Laçın dəhlizini və Gorus-Qafan yolunu müvəqqəti olaraq bağlaya bilər. Bundan sonra Qarabağdakı şəxsi heyətin və yüklərin çıxarılmasını tələb edə və Zəngəzur dəhlizinin açılmasından sonra isə təkrarən Laçın dəhlizində hərəkətə imkan verə bilər. Hadisələr Azərbaycan ərazisi olan Laçın dəhlizində baş verdiyinə görə, burada bizim üçün heç bir məhdudiyyət yoxdur və biz tam sərbəstik. Rusiya və İranın indiki acınacaqlı vəziyyətində Azərbaycanla münasibətləri pozması isə düşünmürəm ki, Moskva və Tehrana fayda, səmərə verə bilən bir addım ola bilər. Ona görə də Azərbaycan tərəfə məntiqli bir açıqlama verməlidirlər”. Ə.Verdiyev şübhə etmir ki, bu məsələ ilə bağlı ən yaxın müddətdə Türkiyədən çox ciddi mesajlar səslənəcək: “Hesab etmirəm ki, hansısa bir məsələdə, xüsusilə Qarabağla bağlı Türkiyə Azərbaycanı narahat edəcək qədər səssiz qalsın. Fikrimcə, hadisələri daha yaxından təqib etmək, proseslərin istiqamətini izləmək daha faydalı olacaq”.

Bu arada Ermənistan rəhbərliyinin yenə də “nala-mıxa vurma siyasəti” sərgiləməsi diqqət çəkir. 44 günlük savaşdan yarımcan halda çıxmış sınıq-salxaq ordusunun qalıqları Azərbaycanın Gədəbəy, Kəlbəcər, Naxçıvandakı mövqelərini atəşə tutan Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakının son xəbərdarlıqlarından necə əndişələnibsə, dərhal “val”ı dəyişib. Paşinyan deyib ki, “sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”. Bundan əlavə, o, İrəvanın Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu da bildirib. “İrəvan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpa etməyə hazırdır”, N.Paşunyan daha sonra deyib. Bu mövqenin sahibi isə bir neçə ay əvvəl delimitasiya və demarkasiya prosesinin aparılmasına qarşı çıxırdı. O cümlədən hökumət təmsilçilərinin üçtərəfli danışıqlarının dayandırıldığını bəyan edən də Paşinyan olmuşdu. Sadəcə, görünür, həm Ermənistan, həm də bu ölkədəki revanşistlərə dəstək verən çevrələr Azərbaycanın dəmir yumruğunun hənirini hiss etdikləri üçün vəziyyəti yumşaltmağa qərar veriblər. Onu da anlayırlar ki, bu mərhələdə Azərbaycan yenə də tək olmayacaq, Türkiyə kimi nəhəng, həm də Şuşa Bəyannaməsindən irəli gələn müddəalara istinad edərək, yanında olacaq, özü də bu dəfə hərbi qüvvəsi ilə...

İrəvanın mövqe dəyişməsi heç şübhəsiz bununla bağlıdır. Ancaq N.Paşinyanın yenə də “Minsk Qrupundan konkret təkliflər gözləyirik” deməsi növbəti hiyləgər gedişdir. Azərbaycan rəhbərliyi isə münaqişənin bitdiyini bəyan edib, bundan sonra Minsk Qrupu nə təklif verə bilər ki? 30 ildə gördük “təkliflərini”... Üstəlik, Paşinyanın öz sözünə nə dərəcədə “sadiq” olduğunu 2018-in mayından sonra dəfələrlə görmüşük... Hər dəfə vaxt qazanmağa çalışıb...

Rubrika.Az
Geri qayıt